Məmur marketlərinin bonus fırıldağı – Qanun niyə yoxdur?


Əvvəllər ölkədə bir bazar mədəniyyəti var idi: işləyən, işsiz, kasıb, imkanlı, bir sözlə, hər kəs tədarükünü görmək üçün bir gün vaxtını ayırıb bazara yollanardı; kartofunu, soğanını, südünü, qatığını, yumurtasını, ətini, göy-göyərtisini oradan alardı; alıcı satıcıdan hansı malın məsləhətli olduğunu, yerli, yoxsa əcnəbi ərzaq olduğunu öyrənər, qiymət endirər, razılığa gələrdi...

Amma bu ənənə artıq əvvəllərdə qalıb. İndi çox adam bazarlığını iri marketlərdən edir. Kənd təsərrüfatı məhsullarının supermarketlərə "ayaq açması" isə necə deyərlər, bazarların bazarını tam öldürüb. İndi heç kim canına əziyyət verib, bazara getmir, evinin bir addımlığındakı marketdən ona nə lazımdırsa, hamısını alır: nə əvvəlki kimi alıcı-satıcı ünsiyyəti qalıb, nə də razılaşıb qiymət "öldürmək". Ərzaqlara standart qiymət qoyan marketlərə hər kəs səbətini əlinə alıb ərzağını yığır və sonda kassaya yaxınlaşaraq pulunu ödəyir. Günü-gündən artan marketlər isə müştəri cəlb etmək üçün müxtəlif yollara əl atılır. Bu yollardan biri də müştəriyə "bonus kartı" verməkdir. "Bonus kartı"nda isə verilən hədiyyələr necə deyərlər, müştərinin cibinə od qoyur. İlk olaraq hədiyyələrin veriləcəyinə həvəsiyən alıcı bonus yığmaqdan ötrü hər gün müxtəlif bəhanələrlə marketə alış-verişə düşür. Market müştərinin daimi olduğunu görüb 30 manatlıq alış-verişdən sonra ona bir kart verir. Müştəri hər 10 manatlıq bazarlıq edəndə onun kartına 1 bonus vurulur. Üzərindən bir müddət keçəndə hədiyə ala bilmədiyini görən müştəri nəhayət, dilə gəlib nə zaman hədiyyə alacağı ilə maraqlanır. Reklam broşurlarında hədiyyələrin neçə bonusa verilməsini görəndə isə ən sadəlövh adam belə, başa düşür ki, bu sadəcə gözdən pərdə asmaqdan başqa heç nə deyil. Çünki ən aşağı bonuslu hədiyyə ütü fendir. O da nə az, nə çox 71 bonus topladıqdan sonra verilir. Yəni 710 manatlıq alış-veriş etməlisən ki, bir ütü fen qazanasan. Bu hesabla, ütü – 109 AZN, yəni 1090 manat, notebook 2112 bonus, yəni 21.120 manat, ətçəkən maşın – 285 bonus, yəni 2850 manat, televizor – 1695 bonus, yəni 16.950 manata başa gəlir.


Azərbaycan Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov hesab edir ki, "Ticarət haqqında qanun" qəbul olunmayınca iri marketlərin belə kompaniyalar aparması normaldır. Onun sözlərinə görə, sahibkarlar hədiyyə kompaniyaları ilə müştəriləri cəlb edir və ticarət dövriyyəsini artırmağa çalışır. Bir sözlə, burada heç bir qanunusuzluq yoxdur.

"Çünki sahibkar təklif etdiyi malı uyğun qiymətə verir. Yəni 5 manatlıq məhsulu 10 manata satmır. Sadəcə belə bir təklif verməklə o öz ticarət dövriyyəsini artırır. Düzdür, dünyanın hər yerində belə ticarət siyasəti aparılır. Amma bizdəki kimi bonuslar o dərəcədə yüksək olmur. Yəni "Ticarət haqqında qanun" qəbul olunmadıqca belə hallar baş verəcək".

S.Rəhmanov deyir ki, məsələ ilə bağlı o, dəfələrlə İqtisadiyyat və Sənaye Nazirliyinə və Nazirlər Kabinetinə müraciət edib:
"Lakin müraciətlərim 15 ildir cavabsız qalır. Bu gün Azərbaycanın ticarət sektorunda 1 milyona yaxın insan çalışır. Bütün istehlakımız ticarətdən asılıdır. Xatırladım ki, Nazirlər Kabinetinin 1998-ci ildə ticarətlə bağlı qərar qəbul edib və bu sənəddə reallıqda işləmir. Həmin qərara əsasən, ticarətdə mal dövriyyəsi hesab-faktura sisteminə əsaslanmalıdır. Lakin bu gün onlar yoxdur. Bu səbəbdən də vergidən yayınma halları baş verir, gizli iqtisadiyyat formalaşır. Ona görə də, belə bir qanunun qəbul edilməsi labüddür".

Sevgim Rəhmanovun sözlərinə görə, bu cür iri marketlər yüksək vəzifəli şəxslərə, deputatlara məxsus olduğundan onlar "Ticarət haqqında qanun"un qəbul olunmasına mane törədirlər.

""Elə qanunlar var ki, onlar tez bir zamanda qəbul olunur. Amma "Ticarət haqqında qanun" illərdir ki, qəbul olunmur Səbəb isə bu sahədə monopoliyanın olmasıdır. Təbii ki, supermarketlərin böyük bir qismi deputatlara, yüksək cinli məmurlara aid olduğundan onlar belə bir qanunun qəbul olunmasının əleyhinədirlər".


Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Vahid Əhmədov isə hesab edir ki, "Ticarət haqqında qanun"un qəbul olunmasına heç nə mane olmur. Odur ki, ehtiyac varsa belə bir qanun qəbul oluna bilər. Deputatın sözlərinə görə, "Ticarət haqqında qanun"un qanunun qəbul olunmasından öncə buna uyğun qanunlara baxmaq lazımdır.

Gültəkin ƏLƏSGƏR