Müəllimlər bir daha sınağa çəkiləcək

Azərbaycanda müəllimlərin fəaliyyətinin monitorinqinin keçirilməsi nəzərdə tutulur. Təhsil Nazirliyinin Qiymətləndirmə və monitorinq şöbəsinin müdiri Təranə Hacıyeva Trend-ə bildirib ki, monitorinqin məqsədi yeni məktəbdaxili qiymətləndirmənin bütün məktəblərdə eyni səviyyədə aparılıb-aparılmadığını, müəllimlərin təlim, daha çox isə qiymətləndirmə strategiyasını öyrənməkdir.

Monitorinq zamanı müəllimlərin digər bacarıqları, yəni təhsildəki islahatları nə dərəcədə reallaşdıra bilməsi, bu islahatlardan nə dərəcədə xəbərdar olması, hüquqi-normativ sənədlər barədə məlumatlılıq səviyyəsi, şagirdlərlə təlimi, şagirdə diferensial yanaşmanı təmin edə bilməsi, fəal təlim metodlarından hansı formada istifadə etməsi, qiymətləndirməni necə həyata keçirməsi, ənənəvi qiymətləndirmədən uzaqlaşıb yeni qiymətləndirməni tam mənimsəyib həyata keçirə bilib-bilməməsi də öyrənilə bilər.

"Bu aspektlərdən müəllimlərin fəaliyyətinin monitorinqi, yəni müşahidəsi aparılacaq. Biz fikirləşirik ki, bu müşahidələr həm yazılı, həm də şifahi formada olsun. Monitorinqin keçirilməsindən ötrü müəllimlər üçün sorğu-anketlər də tərtib ediləcək", - Hacıyeva deyib.

Şöbə müdiri əlavə edib ki, monitorinqin məqsədi müəllimləri cəzalandırmaq deyil, əksinə, onlara kömək etməkdir. Buna görə də monitorinq yekunlaşdıqdan sonra müəllimlərin fəaliyyətinin təkmilləşdirilməsi üçün tövsiyələr hazırlanacaq. Onun sözlərinə görə, monitorinqin aparılması və tövsiyələrin hazırlanmasının bu dərs ilində reallaşması nəzərdə tutulur.

"Bunun bütün ölkədə eyni zamanda həyata keçirilməsi çətindir. Zaman-zaman bunun coğrafiyası daha da genişlənəcək. Vacib deyil ki, bütün müəllimlərin fəaliyyəti izlənilsin.

Məsələn, qabaqcıl, yüksək səviyyəli, yaxud kənd məktəblərinin təcrübəsi bir neçə məktəbin timsalında öyrəniləcək. Seçmə yolu ilə ümumi bir rəy yaranacaq ki, müəllimlərimiz bir neçə il əvvəldən tətbiqinə başlanılan bu yeniliklərdən, təlimlərdən öyrəndiklərini praktikada necə tətbiq edirlər", - nazirlik rəsmisi qeyd edib.

AzNews.az