“Yaşayış yeri haqqında arayış ləğv edilməlidir” – İqtisadçıdan təklif

“Ümumiyyətlə yaşayış yeri haqqında arayış ləğv edilməlidir”.



Bunu AzNews.az-a iqtisadçı ekspert Azər Mehdiyev yaşayış yeri haqqında arayışın verilməsinin ASAN Xidmətə həvalə olunması ilə bağlı qərarı şərh edərkən deyib.

Bildirib ki, bu arayış sovet dövründən qalma bir şey olmaqla yanaşı, həm də müasir elektronlaşmış cəmiyyət üçün geridəqalma əlamətidir: "Prezidentin dünənki fərmanı ilə vətəndaşlara yaşayış yeri haqqında arayışın verilməsi prosedurunun elektronlaşdırılmasına göstəriş verilib. Təbii ki, arayışın verilməsi prosedurunun elektronlaşdırılması və 1 gün ərzində verilməsi cəlbedici görünür, ona görə ki, ən azı insanları MİS-lərin (JEK-lərin) caynağından qurtarır.

Əslində isə, belə bir arayış ümumiyyətlə ləğv edilməlidir. Elə fərmanda da göstərildiyi kimi, əgər bu arayış heç bir başqa sənəd tələb edilmədən yalnız şəxsiyyət vəsiqəsi əsasında verilirsə, onda buna nə ehtiyac var: elə şəxsiyyət vəsiqəsində vətəndaşın qeydiyyat yeri göstərilib. Əlbəttə ola bilər ki, vətəndaşın qeydiyyat yeri və yaşayış yeri fərqli olsun. Bəs "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) nə üçündür ki? Qoy bu sistem bütün qurumlara və vətəndaşlara açıq olsun və arayış istəyən hər bir qurum bu sistem vasitəsilə vətəndaşın yaşayış yerini dəqiqləşdirsin".


Azer Mehdiyev bu sistemin tətbiqinin kəndlərdə yaşayan insanlara təsiri məsələsini də qabardıb: "Hazırda kəndlərdə vətəndaşlara bu arayışı Rayon icra başçılarının kənd üzrə nümayəndələri verir. Kəndlərdə ASAN xidmət yoxdur. Kəndlilər arayış üçün rayon mərkəzlərinəmi gedəcəklər? Əgər kəndlərdə olan icra nümayəndələrinin İAMAS sisteminə giriş imkanları olacaqsa, niyə bütün qurumların və vətəndaşların ona girişi olmasın ki?"

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyev dünən y"Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında" fərman imzalayıb. Fərmana əsasən, yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi elektronlaşacaq.

Sevinc Yasinqızı
AzNews.az