“Qəza törədən sürücüyə ağır cəza veriləcək” – “Baku Bus”

“Baku Bus” MMC şirkətə məxsus 6 saylı marşrut üzrə hərəkət edən avtobusun sürücüsünün qəza törətməsi ilə bağlı məsələyə aydınlıq gətirib.


Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova AzNews.az-a açıqlamasında bildirib ki, qəza sürücünün hərəkət istiqamətini dəyişməsi nəticəsində baş verib: "Hadisə zamanı nə sürücü, nə də sərnişlər heç bir ciddi xəsarət almayıb. Hazırda araşdırma gedir. Sürücünün izahatı alınıb. Məsələ aydınlaşdıqdan sonra biz də qəzanın hansı səbəbdən baş verdiyini dəqiq açıqlayacağıq. Amma nəticədə sürücü səhlənkarlığı nəzərə alınacaq. Çünki sürücü düz getdiyi yoldan tamamilə hərəkət istiqamətini dəyişib. "Baku Bus" şirkətinin sürücüləri səhər xəttə buraxılmadan öncə həm şəkər, həm də təzyiq testindən keçirirlər. Hər səhər bu prosedur baş verir. Sözsüz ki, içki testi də aparılır. Əgər sürücünün səhhəti ilə bağlı hər hansı problem yaranardısa o zaman bu göstərici test zamanı bilənərdi".

Nuridə Allahyarova qeyd edib ki, sürücü ən ağır formada cəzalandırılacaq: "Əgər qəzanın sürücü səhlənkarlığı nəticəsində baş verdiyi təsdiqlənərsə, nəticədə həmin sürücü müvafiq qayda və qanunlara uyğun olaraq cəzalandırılacaq. Birbaşa qəza şəraiti yaratdığına görə müvafiq cəza tətbiq oluncaq. Amma istənilən halda cəza ən ağır formada tətbiq olunacaq. Çünki bu, kobudluq etmək, hər hansı bir dayanacaqdan kənar saxlamaq deyil. Bu, sırf sərnişinin həyatı üçün təhlükə yaradan qəzalı vəziyyətin yaradılmasıdır".

Qeyd edək ki, noyabrın 16-da Bakıda Salyan şossesində, 20-ci sahə dairəsi yaxınlığında "BakuBus" MMC-yə məxsus 6 saylı marşrut üzrə hərəkət edən avtobus divara çırpılıb. Qəza nəticəsində 1979-cu il təvəllüdlü Tofiq Əliyev də daxil olmaqla 7 nəfər yüngül xəsarət alıb. Xəsarət alanlar dərhal xəstəxanaya çatdırılıb və onlara ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Sevinc YASİNQIZI
AzNews.az