İmperator kürsüsünə 80 min avro start qiyməti qoyulub. İmperator kürsüsünə 80 min avro start qiyməti qoyulub.

Napoleonun taxtı satışa çıxarıldı

İmperator kürsüsünə 80 min avro start qiyməti qoyulub.

Fransada imperator Napoleonun taxtı hərraca çıxarılıb.

Hərrac aprelin 7-də 1814-cü ilin baharında taxtdan imtina edən imperatorun öz qvardiyası ilə vidalaşdığı fransız monarxlarının tarixi iqamətgahında – “Fontainebleau” sarayında keçiriləcək.

TASS informasiya agentliyi xəbər verir ki, imperator kürsüsünə 80 min avro start qiyməti qoyulub.

Napoleon dövrünün əntiq əşyaları yüksək qiymətləndirilir. Bundan başqa, avqust ayında Napoleon Bonapartın (1769-1821) Korsikada anadan olmasının 250-ci ildönümü tamam olacaq.

İndiyədək belə hesab edilirdi ki, Napoleonun 5 taxtı mövcud olub. Onlardan biri “Tuileries” sarayında, digəri imperatorun sevimli iqamətgahı - “Saint-Cloud” sarayında, üçüncüsü Senatda, dördüncü Qanunverici Korpusda (indiki Milli Məclis), beşincisi isə Paris meriyasının binasındadır.

Satışa çıxarılan kürsü isə imperatorun altıncı taxdıdır. Lotun tarixi sənədləşdirilib. Onun XIX əsrin sonlarında amerikalı filantrop Maykl Henri de Yanq tərəfindən San-Fransisko şəhərinin Təsviri İncəsənət Muzeyinə hədiyyə edildiyi iddia olunur.

“Ekspertlərimiz həmin lotu 6 ay ərzində tədqiq ediblər və onun Napoleona aid olmasına heç bir şübhəmiz qalmayıb”, - deyə “Osenat” satış evinin əntiq əşyalar şöbəsinin kuratoru Jan-Kristof Şatenye “Liberation” qəzetinə müsahibəsində bildirib.

Qeyd edək ki, iki il bundan öncə “Fontainebleau” sarayında keçirilən hərracda monarxın üçbucaq papağı təxminən 2 milyon avroya satılmışdı.(AZƏRTAC)

AzNews.az