- Mədəni adam
- 26 Dekabr 2018 11:34
- 3 737
2018-ci il hansı ədəbi hadisələrlə yadda qaldı? – Sorğu

2018-ci ilin bitməyinə bir neçə gün qalıb
Yola salmaqda olduğumuz ili ədəbi baxımdan necə qiymətləndirərdiniz? Hansı kitablar və ədəbi hadisələrlə yaddaqalan oldu? Azərbaycan ədəbiyyatı 2018-ci ildə də yerində saydı, yoxsa?
AzNews.az cavabları təqdim edir:
Rəbiqə Nazimqızı: “Hər yer ədəbiyyat” adlı kampaniya başlatdıq və çox təəssüf ki, məndən asılı olmayan səbəblərdən onu yarımçıq saxlamalı olduq. Bu, ilin həm uğuru, həm uğursuzluğu idi mənim üçün. Kitablar çox oldu, təqdimatlar çox oldu. Son üç-dörd kitab təqdimatından - Cəlil Cavanşirin "Miladdan sonra", Ayaz Arabaçının "Uzaqlar yaxın olsa", Əyyub Qiyasın "Brejnev sağdır" kitablarının imza günləri sübut elədi ki, alıcı-oxucu cəhətdən vəziyyət düşündüyümüz qədər də ümidsiz deyil. Azərbaycan ədəbiyyatının yerində sayıb-saymaması ilə bağlı suala gəlincə, addım atmaq üçün təkcə mətn kifayət eləmir. Yenə təkrar eləməyə məcburam ki, problemlər çoxdur, özü də bu problemlər ötən illərdən qalır - təbliğatın, PR-reklamın olmaması, kitab marketoloqlarının, nəşriyyat institutlarının yoxluğu, kitab paylama şəbəkəsinin formalaşmaması və sair və i.a.”
Əyyub Qiyas: “Məncə bu il məxsusi olaraq dünyanı silkələyə bilən heç bir ədəbi hadisə ilə yadda qalmadı. Düzdür, kitablar yazıldı, müxtəlif sərgilər keçirildi, amma ədəbi hadisə olacaq bir şey barş vemədi. O ki qaldı Azərbaycan ədəbiyyatına, böyük götürsək, belə deyə bilərik də, əgər dünyanı silkələyən ədəbi hadisə baş vermədisə, demək bu heç Azərbaycanda da baş verməyib. Bizdə də xeyli yeni əsərlər yazılıdı. Amma sadəcə Azərbaycan ədəbyyatı hələ ki, öz yönünü düz tuta bilmir. Çünki kitab yazanlar həm də kitab oxumalıdırlar. Təəssüf ki, indi heç kəs heç kəsin SMS-i belə oxumağa həvəsli deyil. Bir şeyi nəzərə almaq lazımdır ki, öz ölkəsində tanınmayan müəllifi dünya qəbul etmir. Biz əvvəlcə bir yolunu tapıb burada konkret nəsə iş görməliyik”
Sahilə İbrahimova: “Dünyada Nobel böhranı oldu. Nobel mükafatının mahiyyəti xoş olmayan tərəflərdən hallandı. “Azərbaycan ədəbiyyatında ciddi irəliləyişlər oldu” deyə bilmərəm. Ən azından ilin ilk üç rübündə. İlin sonuna yaxın xeyli kitab çap olundu. Hamısını oxumamışam deyə dəyərləndirə bilməyəcəm. Bəlkə onlar arasında elə kitab tapılacaq ki, bu ili ədəbi tariximizə xüsusi əhəmiyyətlə yazdıracaq. Bu il hər yer ədəbiyyat hərəkatını bəyəndim. Konsepsiyasında boşluqlar olsa da, yaxşı cəhd idi, məncə. Özümə gəldikdə, bu il mənim ədəbi fəaliyyətimdə uğurlu il oldu. 3 il üzərində çalışdığım "Şeyx" romanım çap olundu, nəhayət ki, Azərbaycan üçün yaxşı sayıla biləcək rəqəmli qonorar aldım, özümü nəşriyyatla işləyən normal müəllif kimi hiss elədim. "Çətir, eynək və s." ədəbi-mədəni layihəsi sayəsində ədəbi fəaliyyətim genişləndi. Veriliş maraqla qarşılandı, bir neçə əməkdaşlıq təklifi aldıq. Ümumiyyətlə, bu il bəzi ədəbi layihələrin sponsorla, özəl şirkətlərlə işləmə təcrübəsinin inkişaf etdiyini müşahidə elədim. Əla yanaşmadı, çox bəyənirəm bu prosesi.”
Cavid Ramazanov: “Bu il mənim üçün ədəbi baxımdan ən yaxşı il oldu deyə bilərəm. Çünki ilk kitabım - "Yol" hekayələr toplusunu nəhayət, çap etdirə bildim. Kitabın Bakıda və Sumqayıtda yaxşı təqdimat mərasimləri oldu. Təkcə bu tədbirlərdə tirajın yarısını sata bildim. Buna ədəbi mühitdəki durğunluğu nəzərə alanda, uğur da demək olar. Bundan başqa, nəşrini hazırladığım esselər toplusunun da bir xeyli hissəsini yaza bildim, gələn il nəşr olunacaq. Üzv olduğum Azad Yazarlar Ocağı üçün də bu il məhsuldar oldu. Rasim Qaraca "Zülmətdə bir Alatoran", Rəşad Səfər isə "Adalar və Gəmilər" romanını yayımladı. Zənnimcə, bu kitabların hamısı Azərbaycanın ədəbi mühitinə bir töhvədir. Amma təəssüflər olsun ki, ümumilikdə ədəbi mühit olduqca durğundur. Kitab təqdimatı mərasimləri xaricində, mağazalarda yerli kitablar satılmır, müsabiqələr, festivallar keçirilmir, müəllif yazılarına görə qonorar verilmir. 10 milyon əhalisi olan ölkədə effektiv, azad, kreativ, sırf ədəbiyyatla məşğul olan demək olar ki, bir dənə də olsun sayt, jurnal yoxdur. Ədəbi mühitə hələ də əyalətçilik ruhu, diletantlıq hakimdir. Buna görə peşəkar ədəbi prosesin başlaması, bugünkü şərtləri nəzərə alanda, hələlik real görünmür. Bu isə bizi nəinki dünyada, hətta regionda belə çox gerilərə salır. Şəhərdə çox sayda kitab mağazaları açılıb, Azərbaycan dilinə xeyli kitab tərcümə olunub, bu yaxşı tendensiyadır. Amma bu kitab alıcılarının harada olduğu, oxuduqları ilə cəmiyyətə necə töhvə verdikləri də qeyri-müəyyəndir. Yəni bu tendensiyanın hələlik real nəticələri görünmür, bəlkə də gələcəkdə oldu. Dünya ədəbi mühitində bu il ədəbiyyat üzrə Nobel mükafatının verilməməsi sanki bir durğunluq yaratdı. Nobel mükafatının verilməsi Azərbaycanın ədəbi mühitinə az da olsa təsir göstərirdi, müəyyən fikir mübadiləsi aparılırdı. Bu il bu, baş vermədi. Bəlkə də bunun hiss olunması da bizə nikbin olmaq üçün əsas verir. 2019-cu ildə ölkədə heç olmasa bir normal ədəbiyyat saytının ortaya çıxacağına ümid edirəm.”
Zahid Sarıtorpaq: “Azərbaycan ədəbiyyatında çox işlər görülməlidir. İlin göstəricilərinə görə bu qiyməti vermək düzgün olmaz. Əsərlər yazılır, kitablar nəşr edilir. Dəbdəbəli kitab təqdimatları keçirilir. Bəs nəticə? Konkret fikir bildirmək üçün "Oxucu auditoriyası, yazıçı missiyası ilə anlaşırmı?" sualını verməliyik özümüzə. Deyən tapılar ki, əlbəttə, müəyyən mənada anlaşır. Burada artıq səviyyə söhbəti əsas amilə çevrilir. Ədəbi zövq məsələsi və bir sıra digər kriteriyalar önə çıxır. Başımızı qaldırıb görürük ki, oxucu artıq başqa sahələrlə maraqlanır, illər adlayıb keçir, amma... sanki ortada bir şey yoxdur... Unutmayaq ki, ədəbiyyat həmişə cəmiyyətdən bir addım irəlidədir. Unutmayaq, uzlaşmayan o qədər məsələlər var ki, bu gün lap Azərbaycan ədəbiyyatının şedevri də yaransa, təsdiqi üçün növbəsini gözləməli olacaq. Çünki oxucu-yazıçı münasibətlərində yollar heç vaxt bir nöqtəyə aparmır, ona görə bu sahədə "qulaqbatırıcı bir sükut" daim hökümranlıq edir. Mən inanıram ki, yaxşı əsərlər yazılır, ilin sonu və ya hansı dönəmi olmasına baxmayaraq, bir gün "zühur edib" bu sükutun altını üstünə çevirəcək.”
Şərif Ağayar: “Bu il mənim üçün iki hadisə ilə qabarıq yadda qaldı. Bir, Nobel verilmədi, iki, Kulis.az saytı fəaliyyətini dayandırdı. Bunun hər ikisi Azərbaycandakı ədəbi prosesə təsir etdi. Bizdə də sanki bir az sönüklük, geri çəkilmə hiss elədim. Bundan şikayətlənmirəm. Ümumiyyətlə, şikayətlənmək yaxşı şey deyil. Əsas odur ki, proses zəif də olsa gedir, tərcümələr çıxır, kitab təqdimatları keçirilir. Mənim özümün bu il “Ağ göl” romanım çap olundu. Daha bir romanımı yazıb bitirdim. Daha bir romanın eskizlərini hazırladım. İl ərzində yazılarım ədəbi tənqidin, xüsusilə gənclərin diqqətində oldu. Bu, məni sevindirir. Çətinliklərə baxmayaraq ümidliyəm. Yaradıcılıq bəhanə xoşlamır. Bu yola düşmüşüksə, axıracan əlimizdən gələni, hətta əlimizdən gəlməyəni etməliyik. Yeni il hamımız üçün düşərli olsun. Təqvimdə nədir özü bilər, bizim üçün, cəmiyyətimiz üçün kitab ili olsun.”
Narıngül: “Mənim düşüncəmə və müşahidəmə görə 2018-ci ilin ədəbi ovqatı xaotik oldu. İl ərzində ayrı-ayrı uğurlu bədii nümunələrə rast gəlinsə də, diqqət çəkən, hadisəyə çevrilən elə bir əsərə, yaxud kitaba rast gəlmədim. 2016-cı ildəki roman bumundan sonra sanki bir fasilə yarandı. Uğurlu və uğursuz nümunələr bolluğu, sosial şəbəkələrdə fəallıq göstərən çoxsaylı şair ordusu diqqət çəkdi. “Azərbaycan”, “Ulduz” jurnallarında, “Kulis.az” saytında müxtəlif nəsr nümunələri diqqətimi çəkdi. Əyyub Qiyasın “Snayper”, Vüsal Nurunun “İlda”, Təranə Vahidin “Mərasim nəğmələri” hekayələri yadımda qaldı. Yadda qalan hadisələrdən biri budur ki, yazıçı Varis Yolçuyev Rusiyada “İlin yazıçısı” elan olundu və 2018-ci il Rusiya ədəbi mükafatına layiq görüldü. Bunu da qeyd edərdim ki, “2018- ci il ədəbi hadisələrdən daha çox ədəbiyyatın təbliğatı ili kimi yadda qaldı. Çoxlu sayda kitablar çapdan çıxdı. Kitab təqdimatları, imza günləri keçirildi. Gənclər tərəfindən “hər yer ədəbiyyat” layihəsi irəli sürüldü və təbliğat kompaniyasına başlanıldı. Çap olunan kitabların bolluğuna, keçirilən imza günlərinin ifrat dərəcədə çoxluğuna nəzər salanda ağlıma qəribə bir fikir gəlir; yəqin ki, yazarların hazır ədəbi məhsulları artıq tükənib. Bu baxımdan üzümüzə gələn il ola bilər ki, ədəbiyyatın intibahı dövrünə qədəm qoyulacaq.”
Fərid Hüseyn: “Bu il maraqlı əsərlər az yazıldı, daha çox öncəki illlərin əsərləri müzakirə obyektinə çevrildi. Durğun, polemikasız, sakit bir ədəbi il keçdi”.
Sevinc Elsevər: “2018-ci il mənim üçün düşərli il oldu. Bu il "Çörək rəngli əl" adlı şeir kitabını, uşaqlar üçün "Şeytan çarxı" romanını çap elədim. Ümumi mənzərə ürəkaçan olmadı. Yenə yazarlarımız kitablarının satılmamağından şikayətləndilər. Oxucu qıtlığı, çap problemləri gündəmdə oldu. Böyük, beynəlxalq uğurlardan danışmağa dəyməz. Ölkə içində də vəziyyət belədir: sanki balaca bir gölməçədəyik, kimsə hərdən cıqqılı bir daş atır, gölməçə dalğalanır. Sonra yenə statik vəziyyət alır. Kədərlisi isə odur ki, bu il də ötən ildəki kimi gənc qələm adamlarının intihar xəbərləri yayıldı. Yeni ildə arzum budur ki, kədərli söhbətlər unudulsun.Hamıya yaradıcılıq uğurları, can sağlığı arzulayıram”.
AzNews.az