Qəbul aprelin 1-nə qədərdir Qəbul aprelin 1-nə qədərdir

Şərtlər açıqlandı - IV Buktreyler Festivalı

Qəbul aprelin 1-nə qədərdir

IV Buktreyler Festivalının iştirak şərtləri bəlli açıqlanıb.

AzNews.az-ın məlumatına görə, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, C.Cabbarlı adına AzərbaycanFilm kinostudiyasının təşkilati dəstəyi ilə reallaşır.

Festivalın təsisçisi və direktoru Ruslan Sabirli bildirib ki, Buktreyler Festivalının məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır: “Yaşından asılı olmayaraq hər bir kəs öz sevdiyi Azərbaycanlı yazar və ya sadəcə Azərbaycan ədəbiyyatına aid buktreyler çəkib onu festivalın www.booktrailer.az internet səhifəsində qeydiyyatdan keçirməklə festivalda iştirak edə bilər. Həmçinin bu ilki festivalda daha bir yenilik olacaq. Yenilik ondan ibarətdir ki, bu il “Ən yaxşı mobil buktreyler” nominasiyası elan olunub. Yəni, hər bir kəs istədiyi buktreyleri mobil telefona çəkməklə bu nominasiya üzrə festivala müraciət edə və pul mükafatı qazanmaq şansını əldə edə bilər.”

İştirak şərtləri aşağıdakılardır:

festivalda yaşından asılı olmayaraq arzu edən hər kəs iştirak edə bilər;

festivalda çap şəklində nəşrdən çıxmış (nəşr ilindən asılı olmayaraq) Azərbaycanlı müəllifin kitabından və ya kitab seriyasından bəhs edən buktreylerlər iştirak edir;

festivala bir iştirakçı tərəfindən təqdim olunan buktreylerlərin sayına məhdudiyyət qoyulmur;

festivala təqdim edilmiş buktreylerin öz müəllif işi olmasına və kimsənin müəllif hüquqlarının pozulmamasına iştirakçı zəmanət verir. əks halda, kimsənin müəllif hüquqlarının pozulmasına görə məsuliyyəti iştirakçı daşıyır;

buktreylerlərdə qanunvericiliyə zidd olan, siyasi, dini, irqi və milli ayrıseçkiliyi təbliğ edən, senzuradan kənar ifadələri, pornoqrafik materialları əks etdirən məzmun qadağandır;

təqdim edilmiş buktreylerlər münsiflər tərəfindən təhlil edilmir və geri qaytarılmır;

iştirakçıların buktreylerləri müəllifdən icazə alınmadan və buna görə heç bir ödəniş edilmədən festivalın təbliği məqsədilə istifadə edilə bilər, eləcə də festivalın rəsmi saytında və internet resurslarda (saytlar, kiv, sosial şəbəkələr, youtube və s.) yerləşdirilə bilər.

Buktreylerlər aşağıdakı tələblərə cavab verməlidir:

xronometrajı: max. 3 dəqiqəyədək;

formatı: mov, mp4, mpeg, mpg, avi, wmv;

minimal ölçüsü: 1080p Full HD (1920x1080);

media forması: oyun (aktyorların iştirakı ilə), qeyri-oyun (aktyorların iştirakı olmadan), animasiya (çizgi filmi);

əvvəldə Festivalın və dəstəkçilərin loqoları yerləşdirilməlidir;

sonda Buktreylerin aid olduğu kitabın fotosu və Festivalın saytının ünvanı yerləşdirilməlidir;

Festivalın təşkilinə aidiyyatı olmayan brendlər, markalar, ticari nişanlar, eləcə də kommersiya təşkilatları və sponsorlar barədə məlumat əks etdirilməməlidir.

İştirak şərtlərinə uyğun gəlməyən və tələblərə cavab verməyən buktreylerlər festivalda iştiraka buraxılmır.

Qeyd edək ki, qalibləri müxtəlif məbləğlərdə pul mükafatları gözləyir.

Festival barədə ətraflı məlumatı www.booktrailer.az saytından və ya https://www.facebook.com/BooktrailerFest/ səhifəsindən əldə etmək olar.

E-mail: festival2019@booktrailer.az

Buktreylerlərin son qəbul tarixi aprelin 1-nə qədərdir.

AzNews.az