• Mahal
  • 21 Aprel 22:36
  •  2 002

Səfərbərlik Xidmətindən şəhid statusunun verilməməsi ilə bağlı iddialara - RƏSMİ CAVAB

Ərizə və iddia tələbini məhkəmə də təmin etməyib

Biləsuvar rayon sakini Bayram Bayramovun oğlu Elçin Bayramovun 16 il öncə hərbi xidmət zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olması və bu günədək şəhid statusu verilməməsi barədə iddialarına rəsmi cavab verilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xidmətdən bildirilib ki, Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər: “Bu Qaydanın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur.

Belə ki, Müdafiə Nazirliyinin Hüquq idarəsinin 11.05.2015-ci il tarixli 11/2263 və Hərbi Prokurorluğunun 20.07.2018-ci il tarixli Hp 02/3150 nömrəli məktublarına əsasən, Bayramov Elçin Bayram oğlu 17.03.2006-cı il tarixdə aralarında baş vermiş mübahisə zamanı xidməti istifadəsində olan avtomat silahdan açdığı atəş nəticəsində əsgər Bəndəliyev Hüseyn Möhübbət oğlunun qarın və döş qəfəsi nahiyələrinə 4 dəfə atəş açaraq, onu qəsdən öldürüb.

Dərhal sonra həmin silahdan öz ağız boşluğuna bir dəfə atəş açaraq “Kəllə tağı və əsası sümüklərinin sınığı ilə müşayiət olunan başı bir ədəd dəlib keçən odlu silah - güllə yaralanması nəticəsində baş-beyin toxumasının əzilib-dağılması kimi həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarət” alması nəticəsində hadisə yerində ölüb.
Bayramov Elçin Bayram oğlunun “şəhid” hesab edilməsi faktının müəyyən edilməsi, həmçinin “şəhid” statusu verilməsi öhdəliyinin Xidmətin Biləsuvar rayon şöbəsinin üzərinə qoyulması ilə əlaqədar ailəsinin ərizəsinə və iddia tələbinə müvafiq olaraq Biləsuvar rayon və Şirvan İnzibati-İqtisadi Məhkəmələrində, eləcə də Şirvan Apelyasiya və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyalarında baxılıb, lakin ərizə və iddia tələbi təmin edilməyib.

Qeyd olunanları və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, mərhum Bayramov Elçin Bayram oğlunun “şəhid” hesab edilməsi və Xidmətin Biləsuvar rayon şöbəsi tərəfindən ailəsinə “şəhid ailəsi” statusunu təsdiq edən arayışın verilməsi mümkün deyil.

Eyniməzmunlu müraciəti ilə əlaqədar vətəndaş Nazduxanım Bağırovaya Xidmətin Aparatı tərəfindən dəfələrlə ətraflı məlumat verilib”.

AzNews.az