- Mahal
- 28 May 17:30
- 10 937
"Onda harada desək, sərhəd də orada olacaq" - İlham Əliyev

"Bir müddət bundan əvvəl bizim iki hərbçimiz yolu azaraq Ermənistan ərazisinə keçib və orada da işgəncələrə məruz qalıb. Bildirməliyəm ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla Azərbaycan nümayəndələri belə bir razılığa gəliblər, əgər kimsə yolu azsa, - çünki bu ehtimal çox böyükdür, xüsusilə qış aylarında, siz özünüz bilirsiniz ki, burada iqlim çox sərtdir, dağlardır, dərələrdir, yolu azmaq olar, - əgər belə bir hal baş verərsə, maksimum iki günə o adamlar qaytarılmalıdır. Biz buna əməl edirdik. Onları maksimum iki gün saxlayıb, sorğu-suala tutub qaytarırdıq, mülki vətəndaşları da, hərbçiləri də. Görün, onlar nə etdilər?! Onlar, birincisi, yolu azmış hərbçilərimizi vəhşicəsinə döyüblər, qandallayıblar, ləyaqətini alçaldıblar, döyülmə anlarını videoya çəkiblər. Ondan sonra həbs ediblər və artıq məhkum ediblər. Bu, harada görünüb? Mayın 14-də Brüsseldə keçirilən üçtərəfli görüşdə mən bildirdim ki, bu, dözülməzdir. Əgər siz bu razılaşmanı pozursunuzsa, bunun acısını siz özünüz çəkəcəksiniz. Dərhal bizim hərbçilərimizi qaytarın. Amma bunun əvəzinə onlara iş verilib, 11 il müddətinə məhkum ediliblər. Nə məhkəmə olub, nə vəkil olub, nə hakim olub, nə də media nümayəndələri. Belə məhkəmə olar? Bu, qanunsuzluqdur. Ona görə bu gün də deyirəm, hələ ki, gec deyil. Hələ ki, Ermənistanın de-fakto olmasa da, hüquqi cəhətdən müstəqilliyi var, hələ ki, Ermənistan sərhədləri anlayışı müəyyən mənada qəbul edilir. Onlar bizim şərtlərimizi qəbul etməlidirlər. Delimitasiya istəmirlərsə, olmasın delimitasiya. Onda nə olacaq, harada desək, sərhəd də orada olacaq. Onlar bilirlər ki, biz bunu edə bilərik. Heç kim onlara kömək etməz, nə Avropadan gələn pensiyaya çıxmış Fransa polisləri, nə də başqaları, heç kim".
AzNews.az qeyd edir ki, bu bəyanatı Azərbaycan prezidenti İham Əliyev Laçında rayona qayıdan əhali ilə görüşdə verib. Prezident daha sonra deyib:
"Ona görə delimitasiya bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bu, bizim şərtlərimizdir. Mən bu şərtləri, bax, burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olacağıq. Onu da bilsinlər ki, Ermənistan kəndləri buradan görünür. Biz də görürük o kəndləri, yəni, onu da unutmasınlar".