İlk gecə klubu, rəqqasə qızlar, qumarxana və yox olan məzar - Həyat dramı

Hazırda dünyanın ən əyləncəli gecə həyatının yaşandığı Türkiyədə ilk gecə klubu və kazinonun qurucusu zənci olub.

Ancaq onun macərada keçən və sonu faciə ilə başa çatan həyatından geriyə bircə məzar da qalmayıb. İstanbulda caz musiqisinin ifa olunduğu və Avropadan gələn qızların rəqs etdikləri ilk gecə klubları 1919-cu ildə açılıb. "Stella" və "Maksim" adlı bu klubları zənci amerikalı Frederik Bruce Thomas yaratmışdı.

1872-ci ildə Missisipidə dünyaya gələn Tomasın həyatı 1928-ci ildə Türkiyədə faciəli şəkildə başa çatdı. 1920-ci ildə macərəpərəst zənci Tomas indiki Taksim meydanında caz və gecə kluba açmağa qərar verdi. Onu Türkiyəyə gətirən yol isə hamar olmamışdı. 1861-65-ci illərdə Amerikada davam edən vətəndaş müharibəsinin ardınca köləliyin ləğv edilməsi qaradərililərə ağdərililərlə eyni hüquqlar verdi.

Bu zəncilər arasında Missisipidə yaşayan Levis Tomasla xanımı Hanna da vardı. Tale onların üzünə gülmüşdü və böyük bir fermaya sahib olmuşdular. Ailədə Frederik adli uşaq böyüyürdü. Levis Tomas 1890-cı ildə qonşu ağdərili tərəfindən torpaq mübahisəsinə görə öldürüldü. O vaxt 18 yaşında olan və artıq Missisipidə qala bilməyəcəyini görən Frederik evini tərk etdi. 2 il boyunca Amerikanı dolaşdı. Otellərdə qarson işlədi, ancaq irqçilik hələ də problemlər yaradırdı. Fredirik irqçiliyin olmadığı Avropaya getməyi qərara aldı. Gəmi ilə Londona getdi, oradan isə 13 şəhəri gəzdi. Qarşısına çıxan bütün işlərdə çalışdı. Fransada varlı bir rusla tanış olaraq onun xidmətçisinə çevrildi. Elə onun tövsiyəsi ilə bəxtini bu dəfə Rusiyada sınamaq qərarına gəldi. 1899-cu ildə Rusiyaya gəldi, çox keçmədən vətəndaşlıq aldı, adını dəyişdirib Fyodor Fyodorovic Tomas qoydu. İki arvadı və bir məşuqəsi oldu. Moskvada qarson kimi başladığı həyat bir neçə il sonra varlı iş adamı kimi davam edirdi.

Varlıların sevimli məkanı olan gecə klubu "Maksim"i yaratdı. Rusiyada sovet hakimiyyti qurulduqdan sonra çətin vəziyyətlə üzləşən Tomas məcburiyyət qarşısında Amerika səfirliyinə müraciət etdi. Ancaq ona bildirdilər ki, həm Rusiya vətəndaşı, həm də zənci olduğuna görə ona kömək edə bilməyəcəklər. Ailəsi ilə bərabər uzun sürən çətinliklərdən sonra İstanbula getdi.

Türkiyədə 9 il yaşadı. Onun həyatını əslən rus olan amerikalı professor Vladimir Aleksandrovun "Qara rus" kitabından öyrənmək olar. Tomasın hər şeyi Rusiyada qalmışdı. Buna görə də hamballıq etməyə məcbur oldu. Qarsonluqda da bəxtini sınadı, 1 ildə itirdiklərini yenidən qazana bildi. Tomas dünyada məşhur olan caz musiqisini Türkiyəyə gətirdi. İstanbulda "Stella" adlı gecə klubu açdı. Ardınca "Maksim" klubunu açdı və Avropadan rəqqasələr gətirdi. "Maksim" qısa müddət sonra İstanbulun ən məşhur gecə klubu oldu. Müştərilər sırasında tanınmış adamlarla yanaşı, hətta diplomatlar da vardı. Amerika səfiri Admiral Bristol bütün dəvətlərini məhz bu klubda verirdi. Tomas daha sonra gecə əyləncəsinə qumar qatmağı da sınaqdan çıxardı. Tomas Türkiyə tarixinin ən utancverici qumarxanası olan "Yıldız Sarayı"nda açılan oyun salonuna şərik oldu. Amma hər şey bir gecədə yerlə-yeksan oldu. Qumarda bütün sərvətini itirən bir türk "Yıldız saray"ın qapısı önündə intihar etdi. Bunun ardınca 1927-ci il sentyabrında "Yıldız" qumarxanası bağlandı. Bu, Tomasın sonu demək idi.

"Stella" və "Maksim" gecə klublarından əldə edilən gəlir borcların ödənilməsinə kifayət etmirdi. Tomas müflis oldu. Həbs olunacağını bilib Amerika və Rusiya səfirliklərinə müraciət etdi. Ancaq qapılar üzünə bağlandı və 1927-ci ildə Tomas həbs olundu. Borclu olduğu şəxslər gecə klublarını borca qarşılıq aldılar. 1928-ci ilin mayında Tomas ağır xəstələndi və həbsxanadan Taksimdəki Pastor xəstəxanasına köçürüldü. 55 yaşında xəstəxanada öldü. Öldüyü xəstəxana onun Türkiyədə yaradıcısı olduğu ilk gecə klubu olan "Maksim"in bir neçə metrliyində yerləşirdi.

Dostları Toması latın məzarlığında dəfn etdilər. Amma məzara baş daşı qoymaq üçün tələb olunan pulu heç kəs vermədi və Tomasın məzarı itdi…

Elnarə
AzNews.az
image description image description image description