Con Boltonun zənginin pərdəarxası - TƏHLİL

"Telefon söhbətində müzakirə olunan məsələlərin siyahısı..."

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Prezident İlham Əliyevə telefonla zəngi Azərbaycanla qərb arasındakı münasibətlərin pozulduğunu, hətta dalana dirəndiyini iddia edənlərin növbəti anonslarının üzərindən xətt çəkdi. Telefon söhbətində müzakirə olunan məsələlərin siyahısı və sıralaması da ənənəvi nüfuz müvəkkillərinə manipulyasiya üçün ipucu vermədi.

Əslində bundan öncə də Azərbaycan-qərb münasibətlərində pozucuların ümidlənməsi üçün əsas yox idi… Yalnız 2018-ci ildə Azərbaycan Prezidentinin səfərlərinin, ölkədə və ölkədən kənarda keçirdiyi görüşlərin siyahısına nəzər salınsaydı, nəticə çıxarmaq olardı… Prezident İlham Əliyevin Avropa İttifaqının mənzil-qərargahına səfəri və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk ilə görüşü, Aİ ilə Tərəfdaşlıq Prioritetləri sənədinin paraflanması, ABŞ Prezidentinin dövlətimizin başçısına ünvanlandığı məktublar və Birləşmiş Ştatların yüksək çinli nümayəndə heyətlərinin ölkəmizə səfərləri Azərbaycanın qərblə münasibətlərinin hansı səviyyədə olduğunu müəyyənləşdirmək üçün bəs edərdi…

Amma qütbdən-qütbə yuvarlanmağa, piştaxta üzərində, yaxud siyasi vitrinlərdə sərgilənməyə adət etmiş radikal və inkarçı ünsürlər hər zaman olduğu kimi faktlara deyil, dedi-qodulara, erməni diasporu ilə sinxron fəaliyyət göstərən təxribatçı qrupların yalan və böhtan üzərində qurulan kampaniyalarına, Avropa Parlamentinin divarları arasında sərgilənən rəngli şouların siyasi çalarlarına istinad etdilər. Onlar üçün qərbin Azərbaycanla münasibətlərini dəyərləndirmək üçün ölkəmizə qarşı düşmənçiliyi özünün siyasi biznes elementinə çevirmiş Rebeka Harmsın təxribatı Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tuskun Azərbaycanla bağlı açıqlamalarından daha tutarlı göründü…

Yaxın tarixə müraciət edək: 2018-ci il iyunun 11-də Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanma mərasimində çıxış edən Donald Tusk Azərbaycanın dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəyə malik olduğunu bildirmiş, ölkəmizin Aİ-nin etibarlı strateji və enerji tərəfdaşı olduğunu qeyd etmişdi…

“Azərbaycan və Birləşmiş Ştatlar mürəkkəb regional çağırışların həlli üçün birgə işləyərək sıx tərəfdaşlıq edirlər. Təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlığınızı, habelə uzunmüddətli ticarət əlaqələrimizi dəyərləndirirəm. Enerji sahəsində illərlə davam edən əməkdaşlığımız bu il, inanılmaz bir nailiyyət kimi, Avropanın zəruri enerji təhlükəsizliyini təmin edəcək ilk qazın Cənub Qaz Dəhlizi vasitəsilə nəqli sayəsində zirvəyə yüksəlmişdir. Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Birləşmiş Ştatlar bu münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün Sizinlə əməkdaşlığı səmimiyyətlə arzulayır.

Sizi və bütün Azərbaycan xalqını bu əlamətdar yüzillik münasibətilə bir daha təbrik edir və Sizinlə birgə işləməyi səbirsizliklə gözləyirəm”.

Prezident İlham Əliyevə ünvanladığı başqa bir məktubda Donald Tramp “Azərbaycanın indi daha firavan və qlobal iqtisadiyyata bağlı bir ölkə” olduğunu vurğulayır. Firavanlıq kompleks bir anlayışdır və özündə sadəcə iqtisadi sahədə əldə edilən uğurları ehtiva etmir. Firavanlıq həm də hüququn aliliyinin qorunduğu azad cəmiyyət deməkdir.

Elə həmin məktubda Donald Tramp yazır: “Enerji layihələrinizin uğurunu möhkəmləndirəcək iqtisadi və hüquqi islahatları davam etdirməyinizi dəstəkləyirəm. Bizim böyük dövlətlərimizin və Qafqaz regionunun daha firavan, dinc və təhlükəsiz olması naminə Sizinlə birgə işləmək əzmindəyəm”.

İqtibas gətirdiyim cümlələrdə Azərbaycanda həyata keçirilən islahatlara ciddi dəstək və bu islahatların uğurlu nəticələrə gətirib çıxaracağına inam ifadə olunur.

O zaman Azərbaycandakı bəzi inkarçı qrupların və onların xaricdəki rəngli himayəçilərinin əndişəsi nə ilə bağlıdır? Azərbaycanda həyata keçirilən islahatlara dünyanın super gücü tərəfindən dəstək verilir, onlarsa Avropadakı hansısa kiçik qruplarla birlikdə islahatlara mane olmaq üçün dəridən-qabıqdan çıxırlar. Səbəb nədir? Əslində bu sualın cavabını hər kəs bilir. Kimlər inkişafın yeni mərhələsinə daşınan, qarşısında daha böyük strateji hədəflər qoşmuş Azərbaycanın daha da güclənməsində, daha çevik idarəetmə strukturuna, daha intellektual, bacarıqlı kadr potensialına malik olmasında maraqlı deyilsə, onlar da ölkəmizin beynəlxalq nüfuzunu zədələməyə, cəmiyyətdə çağqınlıq yaratmağa çalışır.

Onu da qeyd edim ki, Donald Trampın Azərbaycan prezidentinə yazdığı bütün məktublarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox önəmli ismarıclar verilir. Bu yanaşma ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfəri və Azərbaycan prezidenti ilə son telefon danışığında da özünü büruzə verdi... Görəsən Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı olduqca önəmli bir mərhələyə qədəm qoyduğumuzu əsaslandıran çoxsaylı real faktların ortalıqda olduğu bir zamanda bir qrup radikalın münaqişənin həllində maraqlı olmayan, Dağlıq Qarabağ problemini öz siyasi karyeraları, biznes və digər korporativ maraqları üçün əsas alət hesab edən xarici dairələrlə eyni düşərgədə, eyni kampaniyanın içərisində yer almalarının səbəbi nədir?

Con Boltonun Azərbaycan prezidenti ilə telefon danışığında müzakirə olunan məsələlər, əslində Vaşinqton ilə Bakının əməkdaşlıq prioritetləri ilə yanaşı, daha öncə vurğuladığım bir sıra məsələlərə də diqqət çəkməyə imkan yaradır: Enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli! Bu 3 istiqamətin hər birini ayrı-ayrılıqda dəyərləndirmək də mümkündür. Amma zənnimcə kompleks dəyərləndirmə Azərbaycana qarşı həyata keçirilən təxribat kampaniyalarının mahiyyətini dəqiqləşdirmək üçün daha doğru yanaşma olardı… Enerji təhlükəsizliyi istər Azərbaycan, istərsə də ölkəmizin bu sahədəki tərəfdaşları üçün fundamental əhəmiyyət kəsb edir. Enerji təhlükəsizliyi həm də daha geniş anlamda təhlükəsizlik məsələsidir, Dağlıq Qarabağ münaqişəsinin həlli də həmçinin… Bu isə o deməkdir ki, Azərbaycana qarşı savaş açan qruplar bütövlükdə ölkəmizin təhlükəsizliyini, o cümlədən ərazi bütövlüyümüzü, müstəqilliyimizi hədəfə alıblar. Yəni hədəfdə Azərbaycandır! Boltonun zəngi isə Azərbaycana birmənalı dəstək ifadə etməklə yanaşı həm də kölgədəki oyunçulara xəbərdarlıq xarakteri daşıyır: Sizi görürük!

Elçin Mirzəbəyli