4 oktyabr 2020: Cəbrayıl ermənilər üçün necə Əzrayıla döndü?

Paşinyanın Azərbaycanın ikinci ordu korpusunu mühasirəyə salmaq planı baş tutmadı

Ötən il oktyabrın 4-də, Vətən Savaşının 8-ci günündə Azərbaycan prezidenti 28 ildir işğal altında olan Cəbrayıl şəhərinin düşməndən azad edildiyini açıqladı.

Azərbaycan sevinc içindədir.

Ordunun ruhu birəbeş yüksəlib.

Cəbrayılın azad olunması hərbi əməliyyatların davam edəcəyini, Azərbaycanın öz torpaqlarını azad etmək üçün qətiyyətli və israrlı olmasını, müxtəlif təzyiqlərə, saxta sülhsevərlik çağırışlarına boyun əyməyib işğal faktına son vermək üçün əzmlə mübarizə aparacağını təsdiqləyir.

Azərbaycan ordusunun sentyabrın 27-də başladığı əks hücum əməliyyatının ilk günlərində Murovdağ silsiləsində bir neçə strateji yüksəklik ələ keçirilib, Basarkeçərdən Xankəndiyə gələn yol atəş nəzarətinə götürülüb, ermənilərin “Madagiz” adlandırdıqları və şimal cəbhəsi üçün olduqca önəmli bir məntəqədə düşmənin burnu ovulub.

Prezident və Ali Baş Komandan İlham Əliyev ordumuzun daxil olduğu məntəqənin tarixi adını özünə qaytararaq Suqovuşanın Azərbaycana qovuşduğunu bəyan edib.

Bu iki ciddi həmlədən sonra Cəbrayılın azad edilməsi üçün başlanan əməliyyat savaşda dönüş nöqtəsi yaradacaqdı.

"Kim-kimi enəcək" sualına cavabı Cəbrayıl döyüşləri müəyyən edəcəkdi.

2016-cı ildəki “Aprel döyüşləri”ndə azad edilmiş Lələtəpə yüksəkliyinin Azərbaycan ordusuna verdiyi imkanlar xaricində, bütün şərtlər əleyhimizə idi.

Relyef, on illər ərzində quraşdırılmış və möhkəmləndirilmiş istehkamlar, müdafiədə olan qoşunların hücuma keçən hissələrdən taktiki baxımdan daha üstün mövqedə və manevr imkanlarına malik olması Azərbaycan ordusunu amansız sınağa çəkirdi.

Üstəlik, o günlərdə havanın yağmurlu olması uçaqların, helikopterlərin, PUA-ların işinə əngəl törədərək hücuma səmadan dəstək verilməsinin qarşısını böyük ölçüdə alırdı.

Azərbaycan ordusunun cənub cəbhəsində savaşan korpusuna general-mayor Mais Barxudarov komandanlıq edirdi.

Xarici hərbi ekspertlərin fikrincə, döyüş zolağında ən azı Azərbaycanın 15 min, Ermənistanın isə 10 minlik şəxsi heyəti cəmlənmişdi.

Döyüşlərin ilk günündə düşmənin müdafiə xətti yarılmış, sentyabrın 27-də Azərbaycan Müdafiə Nazirliyi rayonun 6 kəndinin azad olunmasını xəbər vermişdi.

Ordumuz bir-bir Cəbrayılın yaşayış məntəqələrindən düşməni qovurdu.

Amma bu hər şeyin planlaşdırıldğı kimi və rəvan getdiyi anlamına gəlmirdi.

Müdafiə xətti yarılmış düşmən ön mövqelərdə itirdiklərini dərinlikdə manevr etmək, bir tərəfi İranla sərhəd olan dar bir zolaqda hərəkət edən Azərbaycan ordusunun həmlə və dəstək bölmələrini parçalamaq, ayrı-ayrılıqda mühasirəyə salıb məhv etmək niyyətində idi.

Barxudarovun komandanlıq etdiyi II korpusun mühasirəyə düşərək böyük itkilərlə sıradan çıxarılması Azərbaycan ordusunun yüksək hazırlıqlı hissələrini itirməsi, döyüş planının və təqviminin pozulması demək idi. Belə olardısa, cənub cinahında əks-hücumun yenidən təşkili xeyli vaxt aparacaqdı.

Ermənistan Müdafiə nazirliyinin Baş Qərargahı tərəfindən hazırlanan plan baş tutardısa, Nikol Paşinyan özünü “savaş qəhrəmanı” elan edəcək, ayağı yer alacaq, Azərbaycan cəmiyyəti pessimizmə yuvarlanacaq, günahkar axtarışına çıxacaqdı.

Gəlin, razılaşaq ki, “İlham Əliyev bircə kənd də azad edə bilməz” deyə qulağını mərcə çıxaran qeyri-ciddi tiplərlə yanaşı, dövlət başçımızı hədəf almaq üçün Azərbaycan ordusunun heç olmazsa, bircə kənd uğrunda döyüşlərdə yenilməsini arzulayan dairələr də vardı.

Odur ki, Azərbaycanın Savaş Qərargahının qarşısında çox ciddi və tarixi bir vəzifə dayanırdı- düşmənin taktikasını düzgün oxumaq, dəyərləndirmək, öz fəaliyyət planına çevik və effektiv düzəlişlər etmək.

Ali Baş Komandan və Savaş Qərargahı, korpus komandanlığı, generallar, zabitlər və əsgərlər sözün əsl mənasında imkansız olanı gerçəkləşdirirdi.

Relyef və iqlim problemlərinə, topdağıtmaz səddlərə, hər qarışın minalanmasına, şiddətli müqavimətə rast gəlməsinə baxmayaraq, düşmən əzildi, qəhrəmanlarımız dərinlikdə mühasirəyə düşmək ehtimalından nəinki yayındı, hətta bu planı gerçəkləşdirmək istəyən düşməni öz tələsinə salaraq, ya məhv, ya da fərari etdi, çoxsayda hərbi qənimətlər ələ keçirdi.

Oktyabr ayının 4-də artıq Cəbrayıl azad idi.

Deməli, düşmən artıq uzaqda idi, hər hansı əks-hücumla şəhəri geri ala bilməzdi.

Ermənistan Müdafiə nazirliyinin sözçüsü Şuşan Stepanyan həyasızcasına Azərbaycanın Cəbrayıl şəhərini azad etmədiyini vurğulayır, bu barədə prezident Əliyevin açıqlamasını “dezinformasiya” adlandırır, həmişəki kimi, göydə təyyarə, helikopter, PUA qoymur, vurub bir-bir “yerə salırdı”.

Bir neçə gün sonra ordumuzun Cəbrayıla bayraq sancmasının görüntüləri yayıldı, özünü “savaş qəhrəmanı” kimi təqdim etməyə hazırlaşan Nikol bundan dərhal sonra fərsizlikdə və xəyanətdə suçlandı.

Ermənistanın başını itirmiş naziri sərəncam verərək ölkəsində “hərbi uğursuzluqlar barədə danışılmasını” qadağan etdi, xüsusi xidmət orqanlarının rəhbərliyində dəyişiklik apardı.

Ancaq bütün bunlar daldan atılan, Azərbaycan əsgərinin heç topuğuna da çatmayan daşlar idi.

Cəbrayılın azad olunması ilə Azərbaycan, sadəcə, bir ərazisini düşməndən azad etməmiş, Gorus-Laçın-Xankəndi yolunun nəzarətə alınması üçün həlledici döyüşü udmuşdu.

Bu yol nəzarətə götürüləndən sonra Şuşa və Xankəndini tutmaq an məsələsinə çevriləcək, əgər müharibə uzanardısa, hərbi xunta qışda mühasirədə və dəstəksiz qalacaqdı.

Cəbrayıl- adını Tanrının sevimli mələyindən alan bir torpaqdır.

İşğalçı ordu Cəbrayıldan it kimi qovulmağa başlanandan və ondan sonra ancaq Əzrayılı görəcəkdi...

Taleh ŞAHSUVARLI