- Göz önü
- 14:58
- 805
Çomağa sürtülən baş - bayraq yandıranlar və ideoloji böhranın anatomiyası
Xalqın süzgəcindən keçib gələn hikmətli bir məsəl var: “Keçinin buynuzu qaşınanda başını çobanın çomağına sürtər”.
Bu gün Ermənistanın daxili siyasi mühitində baş qaldıran radikal şovinist meyllərə, küçə nümayişlərindəki aqressiyaya və nümayişkaranə şəkildə həyata keçirilən təxribatlara nəzər salanda, bu atalar sözü sadəcə bir xəbərdarlıq deyil, həm də mövcud siyasi reallığın güzgüsü kimi təzahür edir.
AzNews.az bu barədə Crossmedia-ya istinadən məlumat yayıb.
Regionda sülhün, iqtisadi kommunikasiyaların bərpasının və mehriban qonşuluq münasibətlərinin qurulması üçün tarixi şans yarandığı bir vaxtda, Ermənistandakı müəyyən qüvvələrin hələ də nifrət ritorikasından əl çəkməməsi onların gələcəyə deyil, keçmişin bataqlığına bağlı olduğunu göstərir.
Bayraq yandırmaq mənəvi və ideoloji iflasın göstəricisidi
Bayraq yandırmaq — siyasi mübarizə üsulu deyil, mədəniyyətsizliyin və dərin bir psixoloji məğlubiyyətin bariz göstəricisidir.
Münasibətlərin normallaşması prosesindən danışdığımız bir məqamda İrəvan küçələrində Türkiyə və Azərbaycan bayraqlarının hədəf seçilməsi sadəcə bir etiraz aksiyası deyil, Ermənistan cəmiyyətində kök salmış dərin ideoloji böhranın təzahürüdür.
Bayraq bir dövlətin ən müqəddəs atributu, bir xalqın tarixi yaddaşı və mənəvi kimliyidir. Ona uzanan əl, əslində həmin xalqın dəyərlərinə qarşı yönəlmiş bir təhqirdir.
Lakin unudulmamalıdır ki, simvolları yandırmaqla həmin simvolun təmsil etdiyi gücü və varlığı yox etmək mümkün deyil, bu hərəkət yalnız yandıran tərəfin mənəvi kiçikliyini ortaya qoyur.
Azərbaycan xalqının müasir tarixinə nəzər salsaq, 1989-1991-ci illərdə 70 illik SSRİ əsarətinə qarşı aparılan azadlıq mübarizəsində belə, xalqımız heç vaxt bu cür primitiv və qeyri-etik yollara əl atmadı.
Biz azadlığımızı başqa bir xalqın rəmzlərini təhqir edərək deyil, öz milli bayrağımızı ucaldıb ona sahib çıxaraq tələb etdik. Dövlətçilik ənənəsi və tarixi kökləri olan xalqlar yaxşı bilirlər ki, başqasının rəmzinə hörmətsizlik etmək "elit" və ya "qəhrəman" davranışı deyil.
Əksinə, bu, öz arqumentlərini itirən, intellektual müstəvidə məğlub olan tərəfin mənəvi zəiflik etirafıdır. Azərbaycanın nümayiş etdirdiyi mənəvi üstünlük bu gün də regiondakı sülh gündəliyinin əsasını təşkil edir.
İqtisadi münasibətlərin bərpası və Cənubi Qafqazın gələcək rifahı üçün atılan addımlar fonunda baş verən bu tip təxribatlar bütün regionun təhlükəsizliyinə xələl gətirir.
Ermənistandakı şovinist qruplar bu cür hərəkətlərlə hökumətə təzyiq göstərməyə, cəmiyyətdəki sönməkdə olan revanşist hissləri yenidən süni şəkildə alovlandırmağa çalışırlar.
Güvən quruculuğu illər, bəzən isə onilliklər tələb etdiyi halda, bir neçə radikalın məsuliyyətsiz hərəkəti bu prosesi bir gündə "ən başa" qaytara bilir.
Əgər "buynuzu qaşınanlar" tarixi dərsləri unudub yenidən regionda gərginlik yaratmağa, revanşizm xülyası ilə "çobanın çomağına" can atırlarsa, bunun nəticəsi onlar üçün daha ağır olacaq. Öz gələcəyini qaranlığa gömmək istəməyən bir xalq nifrət dolu ideologiyadan imtina etməyi bacarmalıdır.
Sülh və normallaşma boş şüarlar deyil, qarşılıqlı hörmət və konkret addımlar tələb edir. Qarşı tərəfin müqəddəs rəmzlərinə hörmətin olmadığı yerdə isə səmimi dialoqdan danışmaq qeyri-mümkündür.
Ermənistanın qarşısında iki yol var: ya simvollarla vuruşub təcriddə qalmaq, ya da sivil dünyanın bir parçası kimi qonşuları ilə qarşılıqlı hörmət əsasında yeni tarix yazmaq.