- Müşahidə məntəqəsi
- 20:43
- 2 519
“Qısa müddətli qazanclar insanı daha böyük risklərə sürükləyir” - Naib Niftəliyev
"Ümumilikdə mərc oyunlarına münasibət birmənalı deyil; onu həm mənfi, həm də müsbət qiymətləndirənlər var. Lakin aydın məsələdir ki, mərcə daxil olmaqla başqasının haqqına toxunmaq, yəni əldə olunan qazancın bir qismini digər insanların itkiləri hesabına qazanmaq nə var-dövlət, nə də həqiqi xoşbəxtlik gətirir. Təcrübə göstərir ki, mərc oyunları çox az insana real fayda verib. Bu sistemdə bir nəfərin böyük qazancı, çoxsaylı insanların kiçik məbləğlər itirməsi hesabına formalaşır. Nəticə etibarilə, iştirakçılar arasında uduzanlar mütləq çoxluq təşkil edir. Bu isə xüsusilə gənclər üçün yanlış təsəvvürlər yaradır: “mən qazansam, başqaları uduzmalıdır” yanaşması zamanla eqoist düşüncə tərzini gücləndirir".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.
Xatırladaq ki, bu gün demək olar ki, əksər platformalarda onlayn mərc oyunlarının reklamlarına tez-tez rast gəlinir. Bu isə gənclər üçün həm maddi, həm də psixoloji baxımdan ciddi risklər yaradır. Belə platformalara çıxışın asan olması və “asan qazanc” vədinin ön plana çıxarılması gəncləri tədricən yanlış istiqamətə yönləndirir. Nəticədə bu proses bir çox hallarda onları uzunmüddətli maliyyə itkilərinə və psixoloji asılılığa sürükləyə bilir.
Sosioloq qeyd edib ki, əslində bu proses müəyyən mənada piramida modelinə bənzəyir.
"Hər yeni iştirakçı əvvəlkilərin itkisi hesabına sistemə daxil olur və bu zəncir böyüdükcə risk də artır. Belə strukturlarda tənzimləmə və nəzarət də çətinləşir. Çünki sistem davamlı olaraq yeni itirənlər hesabına işləyir və nəticədə qazancın əsas hissəsi sistemi quran və idarə edən tərəflərdə cəmlənir. Bu baxımdan, mərc oyunlarının məqsədi iştirakçıların qazanması deyil, əksinə sistemin davamlı gəlir əldə etməsidir. Buna görə də gənclərin “asan qazanc” arxasınca getmək əvəzinə, bilik, bacarıq və intellektual inkişaf üzərində qurulan fəaliyyətlərə yönəlməsi daha doğru seçimdir. Texnologiyadan istifadə və rəqəmsal imkanlardan yararlanmaq təbii ki, vacibdir. Lakin bunu mərc oyunlarına və ya riskli spekulyativ davranışlara yönəltmək əvəzinə, daha dayanıqlı və perspektivli sahələrdə tətbiq etmək daha faydalıdır. İnsan bəzən kiçik məbləğlərlə qazanc əldə etdiyini düşünərək daha böyük risklərə girir və sonda ciddi itkilərlə qarşılaşır. Sistem elə qurulub ki, uzunmüddətli perspektivdə qalib tərəf olmaq çox çətindir. Qısa müddətli qazanclar isə insanı daha böyük risklərə sürükləyir və nəticədə itkilər artır. Bu məsələdə əsas məqam psixoloji yanaşmadır. İnsan öz emosiyalarını, tamahını və impulslarını idarə etməyi bacarmalıdır. Sürətli varlanmaq istəyi çox vaxt yanlış qərarlara və böyük itkilərə gətirib çıxarır. Ən doğru yol isə bilik, bacarıq, zəhmət və real dəyər yaradan fəaliyyətlər vasitəsilə qazanc əldə etməkdir".
Rəfiqə Namazəliyeva,
AzNews.az