- Siyasi müzakirə
- 20:21
- 1 581
“Müharibənin yeni mərhələsi qaçılmaz görünür” - Həşim Səhrablı
"Müharibənin yeni mərhələsinin başlanması ehtimalı yüksəkdir. Lakin bu mərhələnin miqyasının nə qədər geniş olacağını indidən dəqiq demək çətindir. Çünki qarşıdakı zərbələr zamanı tərəflərin psixoloji vəziyyəti, eləcə də vasitəçilərin apardığı diplomatik səylərin nə dərəcədə effektiv olacağı kimi amillər prosesin miqyasına birbaşa təsir edəcək. İlkin qarşıdurmadan sonra ərəb ölkələri ciddi zərər gördü. İndi onların hansı mövqe tutacağı həlledici olacaq. Hətta ən yaxın tərəfdaş olsalar belə, ABŞ-a öz ərazilərindən istifadə imkanı verməyə bilərlər. Əgər belə olarsa, münaqişənin miqyası nisbətən məhdud qala bilər. Əks halda, ərazilər yenidən İrana qarşı istifadə olunarsa, həmin ölkələr də cavab zərbələrinə məruz qala bilər. Bu səbəbdən, hazırkı mərhələdə müharibənin miqyasını proqnozlaşdırmaq çətindir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, ABŞ Oman körfəzində İrana məxsus yük gəmisini ələ keçirib. “Reuters”in məlumatına görə, Vaşinqtonun çərşənbə axşamı İrana qarşı hava hücumlarına başlaya biləcəyi ehtimal olunur. Digər tərəfdən, Prezident Donald Tramp Tehranın ABŞ-nin təklifini qəbul etməyəcəyi təqdirdə İranın enerji infrastrukturu və körpülərinin hədəfə alınacağını bildirib. İranın Ali rəhbəri Müctəba Xamenei isə ölkəsinin ABŞ və İsrailə qarşı yeni məğlubiyyət yaşatmağa hazır olduğunu bəyan edib.
Siyasi şərhçi bildirib ki, tərəflər razılığa gələ bilməsə və ortaq mövqe formalaşmasa, qarşıdurma daha da genişlənəcək.
"Miqyasın böyük və ya kiçik olmasından asılı olmayaraq, bu müharibədə hər hansı tərəfin qəti qələbə qazanması real görünmür. Əksinə, miqyas böyüdükcə dağıntılar, itkilər və insan tələfatı artacaq. Nəticədə, kimin qalib gəlməsindən çox, kimin daha çox zərər gördüyü müzakirə mövzusuna çevriləcək. Bu isə illərlə davam edən, ağır nəticələr doğuran bir prosesə gətirib çıxara bilər. Çünki İranın ABŞ-ı tam məğlub etmək imkanları məhduddur — o, yalnız regiondakı hərbi mövqelərə müəyyən zərbələr endirə bilər. Eyni zamanda, ABŞ və İsrailin də İranı tam şəkildə sıradan çıxarması və ya işğal etməsi real deyil. Buna görə də, problem diplomatik yollarla həll edilməzsə, hərbi qarşıdurma uzunmüddətli və dalana dirənmiş bir prosesə çevrilə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az