- Siyasi müzakirə
- 21:10
- 988
“Trampın mövqeyi göstərir ki, nüvə məsələsində geri çəkilmək niyyəti yoxdur” – Elçin Xalidbəyli
"Hazırda ABŞ və İran arasında baş verən hərbi gərginlik getdikcə daha təhlükəli istiqamətə yönəlir. Sülh cəhdləri isə hələlik real nəticələr verməkdən uzaqdır. Ən diqqətçəkən məqamlardan biri odur ki, həm Vaşinqtondan, həm də Tehrandan səslənən açıqlamalar bir-biri ilə kəskin ziddiyyət təşkil edir. Məsələn, İran tərəfi bildirir ki, ABŞ-la aparılan danışıqlarda nüvə proqramı mövzusu ümumiyyətlə müzakirə olunmur. Bu isə belə bir qənaət yaradır ki, guya ABŞ İranın nüvə proqramının dayandırılması ilə bağlı əvvəlki tələblərində israr etmir. Lakin ABŞ Prezidenti Donald Trampın son açıqlamaları bunun əksini göstərir. Tramp açıq şəkildə bəyan edib ki, İrana nüvə silahı əldə etməyə heç vaxt imkan verilməyəcək".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Qeyd edək ki, İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib ki, Tehran ABŞ-dən davamlı sülhün təmin olunmasını, İranın qanuni hüquqlarının tanınmasını, vurulan zərərin ödənilməsini və gələcəkdə hər hansı təcavüzün təkrarlanmamasına dair zəmanət verilməsini tələb edir. Eyni zamanda, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi vurğulayıb ki, İslam Respublikasının nüvə proqramı ABŞ ilə aparılan danışıqların əsas mövzusu deyil.
Siyasi şərhçi qeyd edib ki, bu mövqe Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı tələblərini gündəmdə saxladığını və bu məsələdə geri çəkilmək niyyətində olmadığını göstərir.
"Bütün bunlar göstərir ki, danışıqlar prosesi faktiki olaraq dalana dirənib. Üstəlik, tərəflərin açıqlamaları arasında ciddi ziddiyyətlərin olması real vəziyyəti qiymətləndirməyi də çətinləşdirir. Bu isə Yaxın Şərqdə gərginliyin nizamlanması perspektivlərinin xeyli zəif olduğunu göstərir. Belə bir şəraitdə hərbi əməliyyatların yenidən genişlənməsi və ya münaqişənin uzunmüddətli “dondurulmuş” fazaya keçməsi ehtimalları da aktuallığını qoruyur. Nəticə etibarilə, ABŞ və İran arasında yaxın perspektivdə genişmiqyaslı razılaşmanın əldə olunacağı o qədər də inandırıcı görünmür".
Rəfiqə Namazəliyeva,
AzNews.az