Benzini istehsalı artıb: 5 ayda 591 min tondan çox istehsal - ŞƏRH

Bu ilin yanvar-may aylarında Azərbaycanda avtomobil benzini istehsalının artması daxili yanacaq bazarında istehsal imkanlarının qorunduğunu göstərir. Hesabat dövründə ölkədə 591,4 min ton avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 % çoxdur.

Bununla yanaşı, neft məhsulları istehsalının ümumi dəyərində azalma müşahidə olunub. Belə ki, yanvar-may aylarında bu sahədə istehsalın ümumi dəyəri 2 milyard 457,1 milyon manat təşkil edib və illik müqayisədə 4,1 % aşağı düşüb.

Məhsul növləri üzrə dinamika fərqli olub. Dizel yanacağının istehsalı 937,9 min ton olmaqla əvvəlki ilin səviyyəsində qalıb. Mazut istehsalı isə kəskin azalaraq 31 min ton təşkil edib ki, bu da illik müqayisədə 45,2 % geriləmədir.

Digər neft məhsullarında da müxtəlif istiqamətlər üzrə dəyişikliklər qeydə alınıb. Sürtkü yağlarının istehsalı 16 % artaraq 17,4 min tona çatıb, neft bitumunun istehsalı isə 41,4 % azalaraq 51,3 min ton olub. Neft koksunun istehsalında 14,9 %-lik artım qeydə alınıb.

Maye qazlar və ağ neft istehsalında isə azalma müşahidə olunub. Hesabat dövründə 79,4 min ton maye qaz, 217 min ton ağ neft istehsal edilib. Bu məhsullar üzrə azalma müvafiq olaraq 14,3 % və 18,7 % təşkil edib.

Neft emalı sektorundakı bu göstəricilər Azərbaycanın yanacaq təhlükəsizliyi və sənaye potensialı baxımından mühüm əhəmiyyət daşıyır. Ölkənin əsas emal müəssisəsi olan SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu daxili bazarın əsas yanacaq məhsulları ilə təmin edilməsində, eləcə də neft-kimya sənayesinin xammal təminatında strateji rol oynayır.

Zavodda aparılan modernləşmə və yenidənqurma işləri isə daha yüksək keyfiyyətli yanacaq istehsalının artırılmasına, "Avro-5" standartlarına uyğun məhsulların genişləndirilməsinə və ixrac imkanlarının yüksəldilməsinə yönəlib. Bu baxımdan benzin istehsalındakı artım emal sektorunda struktur dəyişikliklərinin fonunda diqqət çəkən göstəricilərdən biridir.

Nuray, Aznews.az