​“Benzin qiymətlərinin artması ABŞ üçün siyasi, İran üçün isə iqtisadi təhlükədir” – Rəşad Bayramov

"Benzin və ümumilikdə enerji qiymətlərinin artması ABŞ üçün siyasi baxımdan həssas, lakin iqtisadi sistem baxımından idarəolunan bir məsələdir. ABŞ dünyanın ən böyük iqtisadiyyatlarından biri olmaqla yanaşı, həm də geniş daxili neft və qaz istehsalına malikdir. Buna görə də qlobal qiymət artımları Vaşinqton üçün birbaşa ölüm-qalım məsələsi deyil, daha çox inflyasiya və daxili siyasi təzyiq problemi kimi qiymətləndirilir. Yəni qiymətlər yüksəldikdə seçici narazılığı artır və Federal Ehtiyat Sisteminin monetar siyasətinə təzyiq formalaşır. Donald Trampın İranla bağlı şərhi isə enerji bazarını sırf iqtisadi deyil, geosiyasi alət kimi gördüyünü göstərir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yaxın dövrdə benzin qiymətlərinin yüksək qalacağını qəbul edib. O, bu fikirləri İrana qarşı tətbiq olunan blokadanı şərh edərkən səsləndirib. Tramp bildirib ki, onun gözləmək üçün kifayət qədər resursu var, lakin İranın belə bir imkanı yoxdur.

Siyasi şərhçi qeyd edib ki, Hörmüz boğazı kimi strateji keçidlərdə yaranan gərginlik neftin qlobal qiymətlərinə birbaşa təsir göstərir və ABŞ bu təzyiqdən həm İranın gəlirlərini azaltmaq, həm də danışıqlarda üstünlük qazanmaq məqsədilə istifadə edir.

"Bu baxımdan ABŞ qısa müddətli bahalaşmaya dözərək uzunmüddətli strateji üstünlük əldə etməyə çalışır. İranın vəziyyəti isə daha həssasdır. ABŞ sanksiyaları və enerji ixracına qoyulan məhdudiyyətlər İran iqtisadiyyatını ciddi şəkildə daraldır. İran neft gəlirlərindən yüksək dərəcədə asılı olduğu üçün dəniz blokadası və satış həcminin kəskin azalması onun imkanlarını məhdudlaşdırır. Başqa sözlə desək, hazırda İran üçün əsas problem enerji məhsullarının qiyməti deyil, bazara çıxışın məhdudlaşdırılmasıdır. İki ölkə arasında iqtisadi müqavimət gücü isə ümumiyyətlə müqayisəolunmazdır. ABŞ-nin üstünlüyü daha çox struktur xarakter daşıyır. ABŞ dolların qlobal rezerv valyuta olması, dərin maliyyə bazarları və diversifikasiya olunmuş iqtisadi sistemi ilə şokların təsirini daha effektiv şəkildə azalda bilir. İran isə indiyədək daha çox dar ixrac kanallarına və sanksiyalardan yan keçən mexanizmlərə söykənirdi ki, bu da onu daha həssas edirdi. Bununla belə, enerji qiymətlərinin uzun müddət yüksək qalması ABŞ üçün də inflyasiya risklərini artırır, eyni zamanda istehlakçı xərclərini yüksəldir və bununla da hökumət üçün ciddi təzyiq yaradır. Xüsusilə seçki dövrlərində yanacaq qiymətləri ABŞ daxili siyasətində simvolik indikator kimi çıxış edir. Odur ki, qısa və orta müddətdə ABŞ-nin iqtisadi baxımdan daha yüksək müqavimət gücünə malik olduğu, İranın isə daha çox təzyiq altında qalan tərəf olduğu qənaətinə gəlmək olar".

Rəfiqə Namazəliyeva,

AzNews.az