- Siyasi müzakirə
- 19:58
- 1 049
“Blokada uzanarsa, İranın tranzit asılılığı kəskin artacaq” – Akif Nəsirli
"Hörmüz boğazı İranın xarici ticarətinin əsas qapısıdır. Ölkənin neftinin 90 faizi, konteyner yüklərinin isə 80 faizə yaxını Bəndər-Abbas və digər cənub limanları vasitəsilə daşınır. ABŞ-nin dəniz blokadası və boğazda yaranan fasilələr uzun müddət davam edərsə, İranın ənənəvi dəniz yolu faktiki olaraq bağlanmış sayılacaq. Bu halda Tehran alternativ quru və dəmir yolu dəhlizlərinə yönəlmək məcburiyyətində qalacaq. Bu şəraitdə Azərbaycan və Türkiyədən asılılıq kəskin şəkildə artacaq. Çünki İranın şimal istiqamətində iki əsas çıxış yolu mövcuddur. Birincisi, Xəzər dənizi üzərindən Azərbaycan, Rusiya və Qazaxıstana, oradan isə Avropa və Çinə uzanan marşrutdur. İkincisi isə quru yolla Türkiyə üzərindən Avropaya və Aralıq dənizinə çıxışdır. Azərbaycan üzərindən keçən Şimal-Cənub dəhlizi İran üçün Bəndər-Abbasa alternativ rolunu oynaya bilər. Astara sərhəd-keçid məntəqəsi, Astara–Astara dəmir yolu, Bakı–Tbilisi–Qars xətti, Bakı limanı və Ələt Azad İqtisadi Zonası İran yüklərinin Rusiya, Qara dəniz və Avropaya çıxışı üçün ən qısa marşrut hesab olunur. Hazırda da İran yük maşınlarının böyük hissəsi Astara, Biləsuvar və Culfa–Naxçıvan istiqamətinə yönəlir. Blokada uzanarsa, bu axın bir neçə dəfə arta bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
Qeyd edək ki, körfəz bölgəsində gərginliyin yüksəlməsi və Hörmüz boğazı ətrafında dəniz daşımalarına tətbiq olunan məhdudiyyətlər İranın xarici ticarət marşrutlarını ciddi şəkildə dəyişdirir. ABŞ-nin həyata keçirdiyi dəniz blokadası və boğazda baş verən fasilələr ölkənin ənənəvi dəniz yolları ilə idxal-ixrac imkanlarını kəskin şəkildə zəiflədib.
A. Nəsirli qeyd edib ki, bu halda Azərbaycan həm tranzit ölkə kimi çıxış edəcək, həm də Xəzər dənizi vasitəsilə Rusiya və Qazaxıstana daşımalar üçün əsas körpü rolunu üzərinə götürəcək.
"İranın taxıl, gübrə, maşın və avadanlıq idxalı, həmçinin neft-kimya məhsulları və quru meyvə ixracı bu dəhlizdən ciddi şəkildə asılı vəziyyətə düşəcək. Türkiyə isə İranın qərb istiqamətində əsas qapısıdır. Bazərgan–Gürbulak, Razi–Kapıköy və Sero–Esendere keçid məntəqələri hazırda da aktiv fəaliyyət göstərir. Dəniz yolu bağlanarsa, İran Avropaya ixrac və Avropadan texnologiya, dərman və ərzaq idxalı üçün Türkiyə marşrutuna daha çox bağlanacaq. Van gölü ətrafı nəqliyyat xətləri, dəmir yolu şəbəkəsi, İstanbul və Mersin limanları İran üçün Hörmüz boğazının alternativinə çevrilə bilər. Türkiyə eyni zamanda İranın Türkmənistan, Orta Asiya və Qafqazla ticarətində vasitəçi rolunu daha da gücləndirəcək. Bu asılılığın həm iqtisadi, həm də siyasi tərəfləri var. İqtisadi baxımdan tranzit haqları, gömrük rüsumları və logistika xidmətləri Azərbaycana və Türkiyəyə əlavə gəlirlər gətirəcək. Astara və Biləsuvar gömrük məntəqələrində dövriyyə artacaq, Bakı–Tbilisi–Qars dəmir yoluna düşən yük həcmi yüksələcək, Bakı limanının yüklənməsi artacaq. Naxçıvan dəhlizi açılarsa, İranın Türkiyəyə çıxışı daha da asanlaşacaq. Türkiyə də İran yükləri hesabına liman və dəmir yolu gəlirlərini artıracaq. Siyasi baxımdan isə İran Bakı və Ankaradan daha çox asılı vəziyyətə düşəcək. Tranzit tarifləri, kvotalar, sərhəd rejimi və sanksiya riskləri əsas danışıqlar mövzusuna çevriləcək. ABŞ sanksiyaları səbəbindən Azərbaycan və Türkiyə bankları və şirkətləri İran yüklərinin daşınmasında ikinci dərəcəli sanksiyalarla üzləşə bilər. Bu isə tərəflər arasında əlavə siyasi razılaşmaların əldə olunmasını zəruri edəcək. Bununla belə, İranın alternativ marşrutları da mövcuddur. Şərq istiqamətində Pakistanın Qvadar və Karaçi limanları, Çin–Pakistan iqtisadi dəhlizi, həmçinin Türkmənistan üzərindən Orta Asiyaya çıxış imkanları var. Lakin bu marşrutlar daha uzun, daha baha və təhlükəsizlik baxımından daha riskli hesab olunur. Ən sürətli və iqtisadi cəhətdən səmərəli yol yenə də Azərbaycan və Türkiyə üzərindən keçir. Blokada aylarla davam edərsə, İran məcburi şəkildə bu iki ölkə ilə ticarət və tranzit sazişlərini genişləndirəcək, tariflərin uyğunlaşdırılması və gömrük prosedurlarının sadələşdirilməsi üçün “yaşıl dəhliz” mexanizmlərinin tətbiqini gündəmə gətirəcək. Azərbaycan üçün bu, tranzit gəlirlərinin artması, logistika infrastrukturunun daha intensiv istifadəsi və regionda mövqelərin güclənməsi baxımından ciddi fürsətdir. Türkiyə üçün də eyni imkanlar mövcuddur. Lakin paralel olaraq sanksiya təzyiqləri, siyasi risklər və infrastrukturun həddindən artıq yüklənməsi kimi problemlər də yarana bilər. Nəticə etibarilə, Hörmüz boğazının uzun müddət bağlı qalması halında İranın xarici ticarətinin 40–50 faizinin Azərbaycan və Türkiyə üzərindən həyata keçirilməsi ehtimalı yüksəlir. Bu asılılıq realdır və artan xətt üzrə inkişaf edə bilər. Bununla yanaşı, asılılıq qarşılıqlı xarakter daşıyır: İran tranzit marşrutlarına ehtiyac duyur, Azərbaycan və Türkiyə isə bu tranzitdən iqtisadi gəlir əldə etməklə yanaşı, siyasi təsir imkanlarını genişləndirir".
Rəfiqə Namazəliyeva,
AzNews.az