- Müşahidə məntəqəsi
- 20:19
- 2 448
“Çətin suallar maksimal bal toplayanların sayını kəskin azaldıb” – Ramin Nurəliyev
"Dövlət İmtahan Mərkəzi martın 9-da keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Nəticələr göstərir ki, bu il imtahanlar əvvəlki iki illə müqayisədə daha çətin olub. Belə ki, ötən il martın 2-də keçirilən birinci zona üzrə imtahanda 23 nəfər maksimal – 300 bal toplamışdı. Bu il isə martın 9-da keçirilən buraxılış imtahanında cəmi 2 nəfər 300 bal toplaya bilib. Ümumi müqayisəyə gəldikdə, imtahan iştirakçılarının sayı hər iki ildə təxminən eyni olub. Hər iki halda təxminən 50 minə yaxın abituriyent imtahanda iştirak edib. Əsas fərq isə sualların çətinlik səviyyəsində özünü göstərib. İlkin müşahidələrə görə, bu ilki imtahanda sualların daha çətin olması nəticələrə ciddi təsir edib. DİM-in rəsmi müqayisəli statistikası hələ açıqlanmasa da, ümumi mənzərə bunu deməyə əsas verir. Xüsusilə qeyd olunur ki, bəzi abituriyentlər üçün riyaziyyat fənnində bir və ya iki sual ciddi çətinlik yaradıb. Bu isə maksimal bal toplayanların sayının kəskin azalmasına səbəb olub".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi 9 mart tarixində keçirilən buraxılış imtahanının nəticələrini açıqlayıb. Nəticələrə əsasən, ötən il imtahanın birinci mərhələsində 300 bal toplayan 23 nəfər olduğu halda, bu il bu göstərici kəskin azalaraq cəmi 3 nəfər olub.
Ekspert qeyd edib ki, çətin suallar ümumi nəticələrə təsir edərək bütün tapşırıqları düzgün cavablandırmaq istəyən abituriyentlər üçün əlavə çətinliklər yaradıb.
"Bundan əlavə, həm riyaziyyat, həm də Azərbaycan dili fənləri üzrə çətin sualların olduğu bildirilir. Xüsusilə məntiq və mətn əsaslı tapşırıqlarda yaranan çətinliklər abituriyentlərdə vaxt çatışmazlığına səbəb olub. Nəticədə, bir çox iştirakçı bütün suallara yetərincə vaxt ayıra bilməyib. Bu amillər ümumi nəticələrə birbaşa təsir edib. Ümumi qiymətləndirməyə görə, ötən ilin buraxılış imtahanı ilə müqayisədə bu il çətinlik səviyyəsində ciddi fərq müşahidə olunur. Bu fərq 90 faizə qədər qiymətləndirilir. Bu da imtahanın çətinliyinə dair narazılıqların müəyyən qədər əsaslı olduğunu göstərir".
Rəfiqə Namazəliyeva,
AzNews.az