- Siyasi müzakirə
- 18:42
- 1 733
“İranın etirazına baxmayaraq, Zəngəzur dəhlizi layihəsi dayanmayacaq” – Oqtay Qasımov
"İranın Zəngəzur dəhlizinə qarşı olduğu mövqe dəyişməz olaraq qalır. Keçən il – 8 avqust tarixində Vaşinqtonda əldə olunmuş razılaşmaya əsasən, ABŞ tərəfi Ermənistanla birlikdə bu dəhlizin açılmasını və ona nəzarəti təmin etməyi planlaşdırır. Artıq layihə bir neçə mərhələdən keçib: maliyyə və texniki əsaslandırma tamamlanıb, hüquqi sənədlər yekunlaşıb və yaxın dövrdə praktiki işlərin başlanması gözlənilir. Baş nazir Nikol Paşinyan da son açıqlamasında bildirib ki, ABŞ-İran münaqişəsi başa çatdıqdan sonra Zəngəzur dəhlizi ilə bağlı işlərə dərhal start verilə bilər. Bununla yanaşı, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən müxtəlif iddialar və hədələyici bəyanatlar səsləndirilir. Lakin bu layihənin qarşısını almaq asan deyil. Çünki dəhlizin açılması təkcə region ölkələrinin deyil, həm də Çin kimi böyük güclərin maraqlarına uyğundur".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.
Qeyd edək ki, SEPAH-a yaxın çevrələrin Zəngəzur dəhlizi (TRIPP layihəsi) ilə bağlı yaydıqları məlumatlar diqqət çəkir. İddialara görə, ABŞ-la mümkün müharibə İranın xeyrinə nəticələnərsə, regionda “Tramp yolu” kimi təqdim olunan layihənin həyata keçirilməsi əngəllənə bilər. Məlumatlarda qeyd olunur ki, Tehranda bu layihə Türk birliyinin güclənməsi baxımından strateji addım kimi qiymətləndirilir və İranın maraqları ilə uzlaşmadığı düşünülür.
Siyasi şərhçi qeyd edib ki, bu baxımdan İranın Pekinin maraqlarına zidd addımlar atmaq imkanları məhduddur.
"Eyni zamanda, ABŞ-nin da bu layihənin İran tərəfindən bloklanmasına dözümlü yanaşacağı inandırıcı görünmür. Bu isə potensial olaraq daha ciddi qarşıdurma riskləri yarada bilər. Baxmayaraq ki, son dövrlərdə İran və Rusiya tərəfindən müəyyən əks mövqelər müşahidə olunur. Ümumilikdə, İranın bu qarşıdurmadan klassik mənada qalib çıxmaq ehtimalı zəif qiymətləndirilir. Tehran üçün “qələbə” daha çox rejimin qorunması, ABŞ-nin hərbi məqsədlərinə tam nail ola bilməməsi və məsələn, Hörmüz boğazı üzərindən təzyiq imkanlarının saxlanılması kimi təqdim olunur. Hazırda isə münaqişə tam başa çatmayıb, sadəcə nisbi atəşkəs və danışıqlar mərhələsi davam edir. Bu çərçivədə tərəflərin müəyyən kompromis nöqtələr tapması istisna deyil. Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi hazırda bəzi maneələrlə üzləşsə də, Yaxın Şərqdə vəziyyət sabitləşdikdən sonra prosesin yenidən aktivləşəcəyi ehtimal olunur. Əgər İran bu layihəni əngəlləmək məqsədilə Ermənistan ərazisində hər hansı birbaşa müdaxiləyə cəhd etsə, bu, artıq ciddi beynəlxalq böhran və hətta hərbi qarşıdurma riski yarada bilər. İranın dəhlizə qarşı çıxmasının iki əsas səbəbi var. Birincisi, bu layihə reallaşarsa, Azərbaycanın Naxçıvanla və Türkiyə ilə daha qısa və birbaşa bağlantısı yaranacaq, eyni zamanda Orta Asiya ilə əlaqələr genişlənəcək. Bu isə Türk dünyasının inteqrasiyasını gücləndirən mühüm amildir. Tehran isə bu prosesi müəyyən risk kimi qiymətləndirir. İkincisi, İran alternativ olaraq yüklərin öz ərazisindən Araz dəhlizi vasitəsilə daşınmasını istəyir. Bu halda həm siyasi təsir imkanlarını genişləndirə, həm də iqtisadi dividendlər əldə edə bilər. Bununla belə, bu ssenarinin reallaşma ehtimalı aşağı qiymətləndirilir. ABŞ regionda müəyyən çətinliklərlə üzləşsə də, strateji maraqlarına uyğun olan belə bir layihənin qarşısında İranın dayanması asan görünmür. Əlbəttə, yekun nəticə böyük güclər arasında əldə olunacaq razılaşmalardan asılı olacaq, lakin ümumi tendensiya göstərir ki, Zəngəzur dəhlizi gec-tez öz həllini tapa bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az