Külli miqdarda narkotik vasitələrin Azərbaycana keçirilməsinin qarşısı alındı

Külli miqdarda narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Aznews.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikası vətəndaşı ilə cinayətkar əlaqəyə girərək qaçaqmalçılıq yolu ilə həmin ölkədən Azərbaycan ərazisinə satış məqsədilə keçirilmiş xeyli miqdarda “Metadon” M-40 həbləri və qurudulmuş marixuananı 11 aprel tarixində Beyləqan rayonu ərazisindən Bakı şəhərinə apararkən 12.08.1994-cü il təvəllüdlü Orucov Qoca Mikayıl oğlu saxlanılıb.

Keçirilmiş baxış zamanı ümumi çəkisi 16 kq. 700 qr. narkotik vasitə olan qurudulmuş marixuana və 3500 ədəd narkotik tərkibli “Metadon” M-40 həbləri aşkarlanaraq götürülüb.

DTX İstintaq Baş İdarəsi tərəfindən Q.Orucov AR Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.