Bir də o yola çıxsalar, bir də gülləbaran edəcəyik!

Bu gün səhərə yaxın Xankəndi və Laçın arasındakı əsas şoseyə çıxan alternativ torpaq yolda silahlı insident baş verib.

Ermənistan mediasının yaydığı xəbərə görə, Azərbaycan hərbiçilərinin atəşi nəticəsində üç erməni mənşəli polis həlak olub, biri yaralanıb.

Erməni mənbələri həmin şəxslərin "Artsax" Daxili İşlər Nazirliyinin zabitləri olduğunu bəyan edirlər.

Məsələ ilə bağlı Azərbaycan Müdafiə nazirliyi açıqlama yayıb. Müdafiə nazirliyi bildirib ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi baradə operativ məlumatlar daxil olub.

Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.

Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.

Daha sonra Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırıb ki, Üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir:

"Bildiririk ki, Qarabağ iqtisadi rayonu ilə Ermənistan Respublikası arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur.

Rusiya sülhməramlı kontingentinin komandanlığına bir daha xatırladırıq ki, başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti sürətdə yolverilməzdir".

Bəyanatda həmçinin Azərbaycan Müdafiə Nazirliyi Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu vurğulayıb.

Ermənilərin təxribatı barədə Azərbaycan Xarici İşlər Nazirliyi də bəyabat yayıb.

Bəyanatda deyilir:

"Bu əməllər, Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin labüdlüyünü bir daha sübut edir.

Azərbaycan tərəfi bu kimi hərbi təxribatların qarşısını almaq məqsədilə, Üçtərəfli Bəyanatın icrasının təmin edilməsini, Ermənistandan qeyri-qanuni silah və sursatın, şəxsi heyətin və minaların daşınmasına son qoyulmasını, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini dərhal çıxarmağı tələb edir".

Daha bir bəyanat isə İrəvandan verilib. Ermənistan Xarici İşlər Nazirliyi beynəlxalq qurumlara səslənərək başqa bir dövlətin- Azərbaycanın ərazisinə fakt araşdırma missiya göndərilməsini xahiş edib.

1. Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanda baş verən hadisələrə münasibət bildirmək praktikasına son qoymalıdır.

2. Azərbaycan Respublikasının ərazisində ancaq və ancaq Azərbaycan Respublikasının Daxili işlər nazirliyi və onun qurumları polis statusuna malikdir. Qalan bütün qondarma qurumlar cinayətkar dəstə, onların əməkdaşları isə terrorçudur.

3. Azərbaycan Respublikasının çağırışı və icazəsi olmadan heç bir beynəlxalq qurum və missiya suveren ərazilərimizə keçə və fəaliyyət göstərə bilməz.

4. Azərbaycan ərazilərinə xarici missiya çağıran Ermənistan Xarici işlər nazirliyi baş naziri ilə birlikdə başını daşa döyür.

5. Əgər hər hansı formada və məqsədlə seperatçılar alternativ Xankəndi-Laçın yolundan bir də istifadə etsələr, onların maşınlarını da, bədənlərini də bir də dəlik-deşik edəcəyik.

Qısa və konkret!

Taleh ŞAHSUVARLI