"Əli bəy Hüseynzadə unikal insan idi" - AKİF AŞIRLI

Bu gün Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, həkim, rəssam, türkoloq, mütəfəkkir və yazıçı-publisist Əli bəy Hüseyinzadənin ölümündən 83 il ötür. Azərbaycan mətbuatı və publisistika sahəsində misilsiz xidmətləri olan, “Həqiqətin də dadı və ləzzəti var deyən” Əli bəy Hüseyinzadənin xatirəsi damarında türk qanı axan hər bir məsləkdaşımız üçün əzizdir. Biz də Aznews.az olaraq Əli bəy haqqqında bilgilərini bölüşmək üçün Azərbaycan Respublikasının Əməkdar jurnalisti, tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı ilə həmsöhbət olduq. Həmin müsahibəni təqdim edirik:

- Cənab Aşırlı, Əli bəy Hüseynzadənin şəxsi bioqrafiyası ilə bağlı oxucularımıza qisaca məlumat verməyinizi xahiş edirik.

- Əli bəy Hüseyinzadənin həyat və fəaliyyəti ilə bağlı internet resurslarında xeyli məlumat var, ancaq bu məlumatlar dağınıqdır. Sözümə ilk olaraq belə başlayım ki, Əli bəy Hüseyinzadə Salyanda doğulub. Babası Şeyxülislamın yanında tərbiyə alıb. Sonra tibb üzrə təhsil almaq üçün Peterburqa yollanıb. Peterburqdan sonra İstanbula gedərək ali tibb təhsili alıb. Zamanına görə professor dərəcəsində ən mükəmməl ziyalılardan biri olub. Əli bəy Hüseyinzadə unikal insan idi. Türk dünyasının düşüncəsində məxsusi yeri olan şəxsiyyətdir. Əli bəy türkçülüyə siyasi anlam verən, eyni zamanda da Qafqazda türk birliyinin vəhdətini yaradan, millətçiliklə islamçılığı bir araya gətirən, millətin tərəqqisinin yolunu ortaya qoyan insandır. Eyni zamanda Əli bəy Hüseyinzadə "Həyat" qəzetinin yaradıcısıdır. "Həyat" qəzetinin Azərbaycanda ictimai-siyasi düşüncənin formlaşmasında çox böyük xidmətləri var. "Əkinçi" qəzetindən sonra bir məktəb kimi formalaşan "Həyat" qəzeti olub. Bu qəzetİn də ağsaqqalı Əli Bəy Hüseyinzadə idi. Əli bəy 32 sayı nəşr olunan "Füyuzat"ın yaradıcısıdır. "Füyuzat" dərgisi Azərbaycanda təkcə jurnalistikanın deyil, ədəbiyyatın da istiqamətini müəyyənləşdirib, romantik ədəbiyyatın əsasını qoyub. Əli bəy həm də dilçi idi. O, ömrünün 25- ci ilində Bakıya gəldi. Təmamilə fərqli Azərbaycanı, Bakını gördü. Hansı ki, Azərbaycan Xalq Cümhuriyyətinin, Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin ideya baxımından əsas simalarından və banilərindən biri elə Əli bəy Hüseyinzadə idi. O Azərbaycana bir də qayıdanda artıq Sovetlər birliyi mövcud idi. Sovetlər birliyi dönəmində maraqlı bir fakt var. "Kommunist" qəzeti yazırdı ki, Əli bəy Hüseyinzadə Türkiyə nümayəndələri ilə birgə əlifba islahatı ilə bağlı Türkoloji qurultaya gəlib. Ancaq ona toxunan məqamlardan biri ondan ibarət idi ki, bu türkoloji qurultayda Bakıda nəşr olunan bir çox qəzet və jurnalların sərgisi keçirildi. Lakin o sərgidə Əli bəyin müəlliflik etdiyi, baş redaktoru olduğu "Həyat" qəzeti, "Füyuzat" dərgisi yox idi. Bu da ona heç də yaxşı təsir göstərməmişdi.

- Mirzə Fətəli Axundovun Əli bəy Hüseynzadənin formalaşmasında rolu nə idi?

- Mirzə Fətəli Axundov Əli bəy Hüseyinzadənin babası Şeyxülislamla dost olub. Bu dostluğun da Əli bəyə müsbət təsirləri oldu. Elə Şeyxülislam da bizim qəbul etdiyimiz dini təlimlər üzərində formalaşan, mühiti nəzərə almayan, elmə, biliyə, tərəqqiyə üstünlük verən bir şəxs idi. O nəvəsini formalaşdırdı və tibb təhsili alması üçün Peterburqa göndərdi. Sonra isə Əli bəy Hüseyinzadə İstanbula getdi və İstanbul siyasi mühiti Əli bəyə Türkiyənin xəstəliyinin siyasi müalicəsini tapmağın yollarını axtaranlardan biri olmağını öyrətdi. Əli bəyin həyatı çox marqlı olub. Sultan Əbdülhəmidin istibdadından qaçaraq gizləndi. 1903-cü ildən "Kaspi" qəzetində yazılar yazırdı, həmçinin də "Həyat" qəzetində fəaliyyət göstərirdi. Bu cür ziyalılarımızı da dəstəkləyən xeyriyyəçi Hacı Zeynəlabdin Tağıyev olub. Ermənilər bizə qarşı heç bir həqiqəti əks etdirməyən təbliğatlar aparardılar. Hacı Zeynəlabdin Tağıyev də bildirirdi ki mərkəzi rus, Tiflis mətbuatında, həmçinin Bakı mətbuatında bu təbliğaltlara cavab vermək üçün heç bir mətbuatımız yoxdur. Dedi ki, bir mətbuat orqanı yaradaq, maliyyəni mən verəcəm. Əli bəy Hüseyinzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov bir araya gəldilər. Bu milləti aydınladan, erməni iddialarından, təhlükələrindən qoruyan, eyni zamanda birliyimizi müəyyənləşdirən proqramlarla çıxış etdilər. Bu gün də Türkiyədə aparılan araşdırmalar onu deməyə əsas verir ki, türk ədəbiyyatında qərb düşüncə tərzini gətirən şəxsiyyətlərdən biri və birincisi məhz Əli bəy Hüseyinzadə idi. Eyni zamanda Əli bəy Hüseyinzadəni Türkiyənin müasir ideolji qurucularından biri kimi qəbul etmək lazımdır. Türkiyənin ən nüfuzlu ictimai xadimlərindən hesab edilən, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “müəllim” dediyi Ziya GökAlp deyirdi ki, mənim cismani atam və anam var, ruhani atam isə Əli bəy Hüseyinzadədir. Bəli, müasirləşmək, türkləşmək, islamlaşmaq düsturunu Türk dünyasının, gələcək Türkiyənin qurtuluşu üçün bir ideoloji baza kimi ortaya gətirilməsində Əli bəy Hüeyinzadənin misilsiz xidmətləri var. Bu düstur Azərbaycan üçün də yol xəritəsi oldu.

- Əli bəy Hüseynzadənin tələbəlik dövrü haqqında nə bilirik?

- Əli bəyin tələbəlik dövrü Peterburqda və İstanbulda keçib. Əli bəy haqqnda nəinki tələbəlik, bütün həyat və yaradıcılığından çox şey demək olar. Onun çox gözəl rəssamlıq qabiliyyəti var idi. Şirvanşahlar sarayının tablosunu, anasının portretlərini, həmçinin müxtəlif əsərlər çəkmişdi. Əli bəyin əsərləri qızı Feyzavər xanımın evində idi. Əsərlərinin bir neçə nümunələri bizim İncəsənət Muzeyindədir. Nə yaxşı ki, o əsərləri Feyzavər xanım Azərbaycana hədiyyə etdi. Ümumiyyətlə Əli bəyin nəinki rəssamlıq, həmçinin tibb sahəsində də ensiklopedik biliyi var idi. O müharibələrdə tibbi həkim olaraq da iştirak etmişdi.

Əli bəy Hüseynzadənin Türkiyədəki fəaliyyəti nədən ibarət idi?

- Digər suallarda da bu sual ətrafında danışdım. Bəli, o Türkiyədə olarkən ədəbi düçüncələri ilə bağlı məqalələr yazıb.Türk qövmünün tarixi ilə bağlı çoxsaylı yazıları, araşdırmaları var. Əli bəy Hüseynzadə Qafqaz İslam Ordusunun Azərbaycana gəlməyində də biləvasitə iştİrak edib.

- İttihad və Tərəqqi Partiyasının qurulmasında Əli bəy Hüseynzadənin rolu nədən ibarət olub?

- İttihad və Tərəqqi Partiyasının qurulmasında onun gizli, yeraltı təşkilat kimi formalaşmasında, strukturlaşmasında Əli bəyin birbaşa iştirakı var. "Türk ocağı" 1912- ci ildə qurulub. Bu cəmiyyət Türkiyənin parçalanmasının qarşısını alacaq, etnik çatışmaların önünə keçəcək və Türkiyənin dini ideolji sistemində inkişafa nail ola biləcək bir cəmiyyət idi. Onun da qurucularından biri Əli bəy Hüseyinzadə idi. Amma çox təəssüf edirəm ki, onun haqqqında bu yöndə tədqiqatların sayı çox azdır.

- Onun baş redaktoru olduğu "Həyat" qəzetinin Azərbaycan ictimai fikir tarixində yeri nədən ibarət idi?

- 1905-1906- ci illərdə Qafqazda, ümumiyyətlə müsəlman türklərinin yaşadığı yerlərdə ermənilər, müsəlmanlara, tüklərə çoxsaylı qətliamlar törədirdilər. Eyni zamanda da bu qətliamları türklərin adlarına yazırdılar. Bunu da müxtəlif mətbuat orqanlarına ötürürdülər. Əlibəy Hüseyinzadə də həmin vaxt "Kaspi" qəzetində çalışırdı. Bir daha qeyd edirəm ki, Hacı Zeynalabdin Tağıyev ziyalıları çağırır. Həsən bəy Zərdabinin ağsaqqallığı ilə iclas keçirir ki, ermənilərin yalan iddiaları ilə bağlı bir mətbuat orqanı yaratmağa ehtiyac var. Ermənilər Peterburqda çıxış edirdi ki, Bakı qırğınlarını türklər, müsəlmanlar törədib. Bütün bunların qarşısını almaq üçün Hacı Zeynəlabdin Tağıyevin, bir qrup ziyalının, o cümlədən Əli bəy Hüseyinzadənin səyi ilə "Həyat" qəzeti nəşr edilir. Məhz “Həyat” qəzeti də onda çap edildi. Həyat qəzeti çap olunanda ermənilər yazırdı ki, onların nə formalaşmış dilləri, nə də mədəniyyətləri yoxdur. Əgər "Həyat" qəzeti çap olunarsa, panislamist ideyalara təkan vermis olacaq. Bu qədər müqavimətlətə baxmayaraq, Əli bəy Hüseyinzadə və Əhməd bəy Ağaoğlu "Həyat" qəzetində redaktor kimi çalışdılar. "Həyat" qəzetinin səhifələrində bütün Türk-müsəlman dünyasının problemlərindən söz açılrdı. Milli şüurun formalaşmasının əsası "Əkinçi" ilə qoyulmuşdusa, onu daha intellektual, daha elmi səviyyəyə "Həyat" qəzeti apardı.

- Türkləşmə, İslamlaşma və Müasirlik. Bu gün Azərbaycan bayrağındakı rənglərin ifadə etdiyi məzmun Əli bəy Hüseynzadənin formuludur. Bu formul necə yarandı?

- Bu formul bir nəzəriyyə kimi "Həyat" və "İrşad" qəzetlərində yaranıb. Ümumiyyətlə Azərbaycanda cümhiriyyətçilik, cəmiyyət quruculuğu ideyalarının başlanğıcı milli mətbuatdan gəlir. Millətin necə adlandırılmasından tutmuş cəmiyyətdə islam dəyərlərinin təbliği, eyni zamanda məzhəbçiliyin qorxulu bir hal olduğu, bu mətbuat orqanınlarındam cəmiyyətə çatdırıldı. Üzeyir Hacıbəyli, Əlimardan bəy Topçubaşov kimi ziaylıların türçülüklə bağlı düşüncə tərzlərinin, açdıqları müzakirələrin, Məmməd Əmin Rəsulzadənin cəfakeşliyinin nəticəsi olaraq AXC yarandı. Təbii ki, Cümhuriyyətin ideologiyası bu mətbuat orqanlarının timsalında yaranmışdı.

- Əli bəy Hüseynzadənin nəsli davam etmir. Bəs, ideya baxımından Azərbaycan gəncliyini onun davamçısı hesab etmək olarmı?

- Bəli, əlbəttə, davam etdirir. Biz bu ideyaların davam etməsini 44 günük müharibədə qazandığımız zəfərdə gördük. Əli bəy Hüseyinzadəənin düşüncələri də, baxışları da Azərbaycan gəncliyinin timsalında yaşayır, yaşayacaq da .

Aynur HÖKMÜRƏVAN

QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması sahəsi üzrə hazırlanıb.