DİM-in yaratdığı "Magistratura böhranı" parlament müzakirəsinə çıxarılmalıdır -Deputat Ceyhun Məmmədova açıq məktub

Hörmətli Ceyhun müəllim!

Mənim Sizinlə şəxsi tanışlığım heç də dərin münasibətlərə əsaslanmır. Bir neçə dəfə tədbirlərdə ayaqüstü salamlaşmaqdan ötə bir dəfə də olsun Sizinlə hər hansı məsələni geniş müzakirə etməmişik. Bununla belə, Sizin Milli Məclisin deputatı, parlamentin Elm və Təhsil, İctimai birliklər və Dini qurumlar komitələrinin üzvü kimi fəaliyyətinizi yaxından izləyir, səmimiyyətlə təqdir edirəm. O cümlədən Sizin parlamentdə, rəsmi və ictimai tədbirlərdəki çıxışlarınızı, mediada yayımlanan müsahibə, açıqlama və məqalələrinizi böyük məmnunuyyətlə oxuyuram. Bu cür diqqətə və təqdirə layiq məqalələrinizdən biri də elə bu gün Sizin şəxsi Facebook səhifəsindən götürülməklə baş redaktoru olduğum AzNews.az analitik-informasiya portalında yayımlanıb. Məqalədə qaldırdığınız problemlər xalqımızın və dövlətimizin həm bu günü, həm də gələcəyi baxımından həddən artıq aktual olduğundan Sizə açıq məktubla müraciət etmək qərarına gəldim.

Mən, Şahsuvarlı Taleh Novruz oğlu 10 mart 1977-ci ildə Bərdə rayonunun Qaradəmirçi kəndində anadan olmuşam. Respublika Tarix Liseyini bitirmiş, BDU-nun fəlsəfə və fəlsəfə tarixi ixtisasları üzrə bakalavr və magistratura pillələrindən məzun olmuşam. Daha sonra BDU-nun hüquq fakültəsinə qəbul olunmuşam. ABŞ-ın San Diaqo şəhərində yerləşən Vətəndaş Diplomatiyası Akademiyasında “İctimai siyasət” üzrə xüsusi kurs keçmiş, yüzlərlə yerli və beynəlxalq təlimdə iştirak etmişəm. Bir neçə kitab müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Pragma” İctimai Birliyinin sədriyəm. Azərbaycan mətbuatı tarixində ən gənc qəzet baş redaktoru olmuşam. İkinci Qarabağ müharibəsi veteranıyam. Jurnalist kimi 30 illik fəaliyyətimə görə, prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşam. Üç övladım var, onlardan ikisi ali məktəbi ingilis dilində bitirib. Bu məktubu Sizə təhsil problemlərinə son dərəcə həssas yanaşan vətəndaş, məsuliyyətli ailə başçısı, təcrübəli jurnalist və ictimai fəal kimi yazıram.

Hörmətli Ceyhun müəllim!

Sizin də qeyd etdiyiniz kimi, bu il magistraturaya qəbul imtahanlarında 3700 yer boş qalmışdı. Dövlət İmtahan Mərkəzinin yaydığı rəsmi məlumata görə, bu il keçirilmiş müsabiqənin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 16848 plan yerinin yalnız 79.81%-i dolmuşdu. Yenə DİM-in öz sözlərinə görə, ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı Soyuducu, kompressor maşın və qurğuları, dəmiryol nəqliyyatı, mədən mühəndisliyi, kitabxanaçılıq, hava nəqliyyatı, silah sistemləri mühəndisliyi, xüsusi rabitə vasitələri mühəndisliyi, biotexnologiya sahələrinə aid plan yerlərinin 70% və ya daha çoxu boş qalmışdı. Bu rəqəmlər elementar düşüncə qabiliyyəti olan, ölkənin tərəqqisini düşünən hər kəsdə böyük narahatçılıq yaratmalıdır və yaradır. Bu rəqəmlər ondan xəbər verir ki, logistik mərkəz olmağı hədəfləyən Azərbaycanda hava və dəmiryol nəqliyyatı, Süni intellektin dünyaya meydan oxuduğu bir dönəmdə adi məişət əşyalarının istehsalı, mədən, müdafiə sənayesi və biotexnologiya kimi priorotet sahələrdə ölkənin intellektual potensialı minimuma düşüb. “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanununa görə, ölkədə təhsilin səviyyəsinin kəskin aşağı düşməsi milli təhlükəsizliyə əsas təhdidlərdən biri sayılır. Odur ki, magistraturada boş qalan yerlərin doldurulması üçün keçirilən ikinci müsabiqədən sonra da yerlərin boş qalması böyük əndişə yaradır. Sizin də diqqət çəkdiyiniz kimi, boş qalan 3700 yer üçün cəmi 1418 nəfər müraciət edib. Bu, yerlərin təxminən 38.3%-i həcmində müraciət deməkdir. Müraciət edən 1418 nəfərdən yalnız 617-si qəbul edilib. Bu da müraciət edənlərin təxminən 43.5%-ni əhatə edir. Başqa sözlə, ümumilikdə boş yerlərin cəmi 16.7%-i dolub (617/3700); qalanı 3083 yer YENƏ BOŞ qalıb. Ən acınacaqlısı isə budur ki, dövlət sifarişi üzrə ayrılmış 1200 yerdən cəmi 96-sı dolub- yəni, 8% ! 1104 dövlət sifarişli yer isə yenidən boşdur.

Dövlət İmtahan Mərkəzinin ən əsas vəzifələrindən şagirdləri, tələbələri və məzunları təhsil sisteminin içində saxlamaq, sistemdən kənara dışlamamaqdır. Bu göstəricilər isə, onu isbat edir ki, ali məktəb məzunlarının magistraturaya qəbul olunmağa ya həvəsi yoxdur, ya da həvəsi olanlar DİM-in yaratdığı süni baryerlərlə sistemdən kənarlaşdırılır. 3700 boş yerə 1418 nəfər müraciət edirsə, deməli, ali məktəb məzunlarını magistr təhsilindən uzaqlaşdıran səbəblər var. Əgər həmin iddiaçıların da tən yarıdan xeyli çoxu boş yerləri belə tuta bilmirlərsə, deməli, qəbul sistemində ciddi problemlər var. Bu səbəblər və problemlər ilk növbədə Dövlət İmtahan Mərkəzinə bağlıdır.
Dövlət İmtahan Mərkəzi magistraturaya qəbulu 3 istiqamətdə testlər təqdim etməklə aparır- ingilis dili, məntiq, informatika.

Əvvəla, DİM bakalavrların ingilis dilindən yox, Azərbaycan dilindən biliklərini yoxlasaydı, həm hüquqi, həm də praktiki baxımdan daha doğru olardı. Fəqət ən əsas problem ingilis dili ilə bağlı deyil, hərçənd bu predmet üzrə testlərin məzmunu ilə bağlı da xeyli əsaslı narazılıqlar var. Məsələn, magistr imtahanlarında ən çətin suallar A2-B1 səviyyələrinin aralığında olmalıdır. DİM buna əməl edirmi? Bilinmir! Daha dəhşətlisi odur ki, ali məktəblərdə bir neçə spesfik ixtisas istisna olunmaqla, “Məntiq”- bütün elmlərin əsasını yaradan zehni mühakimə- fənni ya tədris olunmur, ya da seçməli fənn kimi nadir hallarda tədris olunur. Məntiqsiz elm nə mövcud ola, nə də inkişaf edə bilməz! Bu barədə iradlara DİM belə cavab verir ki, biz bakalavrların "Məntiq"dən biliklərini deyil, "məntiqi dünyagörüşünü" yoxlayırıq. Çox pakizə, bəs, bu dünyagörüşü tələbə harada, necə inkişaf etdirməlidir? Cavab sadədir: bu testlərdən keçmək, onların həll etmək bacarığına sahib olmaq üçün tələbə hazırlıq kurslarına, repetitorların yanına getməlidir.

İnformatikaya gəlincə, öz təcrübəmdən bir misal verim. Mən bu açıq məktubu klaviaturaya qəti baxmadan, hərflərin yerini "gözüyumulu" təyin etmək bacarığı ilə yazıram. Bu, vərdişdir. Amma mənim qarşıma kağızda sual qoyub, klaviaturada “J” hərfinin sağında və solunda hansı hərflər olduğunu soruşsalar, cavab verə bilməyəcəm. Gənclərimiz də belədir. Onlar bir magistrə lazım olan səviyyədən, hətta məndən və DİM sədri Məleykə Abbaszadənin özündən də qat-qat artıq bacarıqla ofis proqramlarında çalışa bilirlər. Praktik bacarıqlarına rəğmən, əzbərləmədikləri üçün həmin kağız testlərdə o qədər də uğurlu olmurlar. Bu ziddiyyəti çözmək üçün isə, yenə kurslara getməli, test həll etməyi öyrənməlidirlər. Beləliklə, “bakalavrlar niyə magistraturaya maraq göstərmir” sualının cavabı üzə çıxır: DİM mane olur! DİM keçirdiyi və praktiki olaraq elm adına heç bir müsbət nəticəsi olmayan müsabiqə ilə və həmin müsabiqədən keçmək üçün tələbələri hazırlıq kurslarına, repetitorlara yönləndirməklə vətəndaşların davamlı təhsil hüququnu kütləvi şəkildə pozur. Ailəsinin maddi imkanı olmayanların hazırlıq kurslarına gedə bilməməsi, üstəlik, sosial ədalətsizlik yaradır.

Bunlardan savayı, DİM magistrə qəbul üçün müraciət edənləri alt qruplara bölür. Məsələn, şərt qoyur ki, “İqtisadiyyat” üzrə ixtisas seçiminə 45-dən az bal toplayanlar qatıla bilməzlər. Niyə? Bu heç də magistr təhsilinin keyfiyyətini qorumağa xidmət edə bilməz. Çünki, artıq dediyimiz kimi, DİM-in keçirdiyi müsabiqədəki testlərin həmin akademik keyfiyyətlə yaxından-uzaqdan bir əlaqəsi yoxdur. Bu müsabiqə tam formalizmdir. Məleykə Abbaszadə necə, hansı arqumentlə izah edə bilər: BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin “İqtisadiyyat” ixtisasını ingiliscə bitirmiş, ortalama diplom balı 75-in üzərində olan tələbə boş yerlər, (DS və ödənişli qaydada) ola-ola magistraturada niyə təhsil almamalıdır?

Hörmətli Ceyhun müəllim!

Yuxarıda qeyd olunan vəziyyət bir daha göstərir ki, magistraturaya qəbul sistemində ciddi struktur və metodoloji problemlər, o cümlədən DİM-in rəhbərlik problemi mövcuddur. Bu problemlərin aradan qaldırılması, gənclərin davamlı təhsil hüququnun təmin edilməsi və dövlətimizin intellektual potensialının qorunması üçün sadəcə olaraq bircə addımın atılması lazımdır. Magistraturaya qəbul üçün DİM-in müsabiqəsi bakalavr diplom balı əsasında aparılmalı, alt qruplar və digər süni baryerlər aradan qaldırılmalıdır.

Bəli, mən başa düşürəm ki, magistraturaya qəbulla bağlı yaranmış böhranın həlli üçün DİM sədri Məleykə Abbaszadənin vəzifəsindən könüllü şəkildə, öz ərizəsi ilə uzaqlaşması da labüddür. Bu, artıq bir ictimai tələb olmasına baxmayaraq, nə mənim, nə də Sizin həll edə biləcəyiniz məsələdir. Lakin əminəm ki, Siz bir deputat kimi Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə bağlı parlamentdə həm ictimai müzakirə keçirilməsi təklifi ilə çıxış edə, həm də Məleykə Abbaszadənin Milli Məclisə dəvət olunması, hesabat verməsi üçün məsələ qaldıra bilərsiniz. Odur ki, vətəndaş təşəbbüsü göstərərək bu təklifləri Milli Məclis rəhbərliyinə açıq iclasda çatdırmağınızı xahiş edir və öncədən öz dərin təşəkkürlərimi bildirirəm!

Hörmətlə,
Taleh Şahsuvarlı