“Azərbaycana qarşı imperiya ambisiyaları qəbul edilə bilməz” - Əli Mustafayev

“Kreml Azərbaycana dair planları ölkəmiz üçün qəbuledilməzdir. Moskva yeni dünya düzəni qurulanda Azərbaycanın onun nəzarəti altında olmasını, coğrafiyamız, xalqımız və dövlətimizin onun istədiyi kimi idarə olunmasını istəyir. Kremlin avtoritar rejiminə tabe olmaq, onun ədalətsiz sisteminə uyğun yaşamaq planı, əslində, geniş imperiya ambisiyaları ilə bağlıdır və Azərbaycanı da bu planın içində görür. Bu baxımdan Kremlin niyyətləri bizim üçün təbii ki, qəbuledilməzdir. Hətta Rusiya xalqı və digər region xalqları üçün də bu rejim məqbul deyil, çünki bu sistem insan yönlü deyil, sosial ədalət prinsiplərinə əsaslanmır. Rejim yalnız özünü təmin edir, rahat yaşayır və digər xalqlar, qonşu dövlətlər onun maraqları üçün xidmət etməlidir. Bu yanaşma patriarxal ənənələr üzərində qurulmuş, köhnəlmiş və zərərli bir düşüncə tərzidir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.

Xatırladaq ki, Azərbaycan və Rusiya arasında münasibətlər son illərdə, xüsusilə geosiyasi dəyişikliklər və regiondakı münaqişələr fonunda bəzi gərginliklər yaşayıb. Azərbaycan ictimaiyyəti arasında Rusiya ilə gələcək əlaqələrin necə formalaşacağı barədə fərqli fikirlər mövcuddur. Bir sıra yerli araşdırma mərkəzləri və analitik qruplar ictimai rəyin Rusiya ilə münasibətlərə baxışını öyrənirlər. Məlumdur ki, geniş əhali, o cümlədən rusdilli Azərbaycan vətəndaşları arasında Kremlə qarşı müəyyən mənfi münasibət mövcuddur.

Siyasi şərhçi bildirib ki, Rusiya bizim regionda üstünlük qurmaq niyyətindədir, lakin Azərbaycan buna fərqli yanaşır.

“Biz öz azad həyatımıza, müstəqil və suveren dövlət olaraq türk xalqları ilə birgə olmaq haqqımıza sahibik. Hesab edirəm ki, türk dövlətləri bir araya gələrək daha böyük bir birlik, türk dövlətləri birliyi yarada bilər. Bu birlikdə insanlar azad və firavan yaşamalıdır. Bunun üçün həm insan, həm təbii, həm də texnoloji resurslarımız mövcuddur. Eyni zamanda digər müsəlman və regional dövlətlərin – Pakistan, İran, ərəb ölkələrinin – də bu birlikdə iştirak edə biləcəyini mümkündür hesab edirəm. Belə bir birlik tarixi ənənələrimizə, mədəniyyətimizə və mentalitetimizə uyğun olacaq. Rusiyanın son 200 ildə Azərbaycana münasibəti cəmiyyətdə mənfi rəy formalaşdırıb. Əlbəttə, Rusiyadan müəyyən fayda götürən və mövqe qazanan insanlar da var, amma bunlar azlıq təşkil edir. Böyük əksəriyyət başa düşür ki, Rusiya bizə dost və ya bərabər hüquqlu tərəf kimi davranmaq niyyətində deyil. Onun yalnız imperiya ambisiyaları və işğal planları var, biz isə bu planları rədd edirik. Yeni dünya düzənində Azərbaycan öz layiqli yerini tutmağa haqqı olan müstəqil bir xalqdır. Bu səbəbdən Rusiyadan uzaq olmaq, onun təsirindən kənarda durmaq, qorunmaq ölkəmiz üçün vacibdir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az