- Siyasi müzakirə
- 20:42
- 1 056
Azad Məsiyev: “Azərbaycanın xarici siyasətində əsas prinsip neytrallıqdır”

“Azərbaycanın xarici siyasətində əsas istiqamət balanslaşdırıcı yanaşmadır. Bu siyasətin əsasında neytrallıq prinsipi durur, çünki Azərbaycan heç bir hərbi bloka qoşulmur və neytral mövqe tutur. Bu baxımdan Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və bu təşkilatda fəal iştirak edir. Prezidentin apardığı xarici siyasət məhz bu prinsiplər üzərində qurulub. 44 Günlük Vətən Müharibəsindən dərhal sonra Prezident regionda sülh və əmin-amanlığın bərqərar olması üçün Ermənistanla beş əsas prinsip əsasında sülh təşəbbüsləri göstərib. Ümumilikdə Azərbaycan yurtda və regionda sülh fəlsəfəsini həyata keçirir. Prezidentin həm regional, həm də qlobal səviyyədə nüfuzu yüksəkdir. Bu, Şanxay Əməkdaşlıq Təşkilatındakı görüşlərdə və digər beynəlxalq tədbirlərdə açıq görünür. Azərbaycan beynəlxalq aləmin diqqət mərkəzindədir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Qeyd edək ki, sentyabrın 18-də Bakıda İsrail və Suriya rəsmiləri təhlükəsizlik sahəsində əhəmiyyətli müzakirələr aparacaq. Məlumatlara görə, bu görüşdən bir gün əvvəl – sentyabrın 17-də Londonda İsrailin strateji işlər naziri Ron Dermer ilə Suriyanın xarici işlər naziri Əsəd əs-Şeybani arasında ilkin görüş keçiriləcək. Son illərdə Bakı beynəlxalq səviyyədə mühüm dialoq və danışıqların təşkil olunduğu etibarlı mərkəzə çevrilib. Dünyanın müxtəlif regionlarından gələn tərəflər üçün paytaxt neytral platforma rolunu oynayır. Bundan əvvəl də İsrail və Suriya rəsmiləri arasında əhəmiyyətli görüşlər Bakıda keçirilib.
Siyasi şərhçi bildirib ki, Azərbaycan ilə Suriya arasındakı münasibətlər yüksək səviyyədə inkişaf edir.
“Suriya Prezidentinin Azərbaycana səfəri, enerji təminatı və regionda sülh üçün göstərilən təşəbbüslər bunun nümunəsidir. Eyni zamanda Azərbaycan-İsrail münasibətləri də dostluq səviyyəsindədir və bu, informasiya vasitələrində geniş işıqlandırılır. Azərbaycanın vasitəçiliyi ilə İsrail-Suriya münasibətlərinin yaxşılaşması da xarici siyasətin tərkib hissəsidir. Sülh fəlsəfəsi yalnız daxili aləmdə deyil, beynəlxalq müstəvidə də əmin-amanlığın təmin olunmasını nəzərdə tutur. Azərbaycan Türkiyə-İsrail və Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşdırılmasında da rol oynayıb. Bu sülh missiyası Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Suriyanın və İsrailin rəsmi şəxsləri arasında Azərbaycanda keçirilən görüşlər regionda sülh və əmin-amanlığın möhkəmlənməsinə xidmət edə bilər”.
Rəfiqə Namazəliyeva,
AzNews.az