- Mədəni adam
- 16 Sentyabr 22:57
- 1 645
"Bu yurdun bir parçası olmaqla fəxr edirik"- Laçınlı xanəndə bacılar

AzNews.az analitik-informasiya portalının suallarını muğam ifaçıları, bacılar Aydan və Fidan Süleymanzadə cavablayır
- Aydan, muğam ifaçılığı çox zəngin və ağır bir sahədir. Siz gənc yaşda bu yükün altına necə girdiniz?
- AYDAN: Bəli, muğam ənənəsi zəngin, ağır və məsuliyyətli bir sahədir. Hər ifaçı üçün muğam ifaçısı olmaq məsuliyyətini daşımaq asan deyil. Muğam sənətini öyrənmək üçün yalnız hissiyyatlı olmaq kifayət etmir. Eləcə də musiqiçilər çox savadlı da ola bilər, amma bəzən ifaçılıq onlar üçün əlçatan olmur. Mənim gənc yaşda bu sənətə gəlməyim həm ailə mühiti, həm də şəxsi qərarımla bağlıdır. Uşaq ikən evdə valideynlərimizin Azərbaycan musiqisinə verdiyi dəyəri görmüşdük. Hər zaman evdə xalq mahnıları səslənirdi, atam kitab oxuyur, anam isə bütün xalq və bəstəkar mahnılarını əzbər bilirdi. Televiziyada və radioda muğam eşidirdik, sənətkarların ifalarını bacımla “kopyalamağa” çalışırdıq. Sonradan musiqi məktəbinə getdik. Əvvəl skripka və piano sinfinə yazıldım. Anam pianoçu olmamı istəyirdi. Lakin direktor səsimizi yoxlayanda bacımla xanəndəlik sənətinə yönəlməyimizi tövsiyə etdi. Başlanğıcda pianinoda uğurlu deyildim. Sonra xanəndəlik sinfinə keçdik və bütün duyğularımız dəyişdi. Özümü bu sahədə tapdım, sənətə məsuliyyətlə yanaşdım və işimin mənə aid olduğunu anladım. Musiqi təhsilimi davam etdirdim. Hazırda magistraturada oxuyuram. Azərbaycan Milli Konservatoriyasında valideynlərin və müəllimlərin dəstəyi ilə öz yolumu tapdım. Düşünürəm ki, başqa sahəyə getsəydim belə, gec-tez özümü muğam sənətində tapacaqdım. Seçdiyim yoldan məmnunam. Hələ qabaqda görüləsi çox iş var.
- Gənc xanəndə kimi muğamı gənclərə daha cəlbedici göstərmək üçün nə etmək lazımdır?
AYDAN: Bir gənc xanəndə olaraq muğamı gənclərə sevdirmək mənim üçün böyük fəxr və qürur mənbəyidir. Əgər bu işdə bir qədər də olsa uğur qazana bilirəmsə, bu mənim üçün həqiqi fəxarət hissidir. Gənclər muğama qulaq asarkən onu hiss etməli, ruhunda yaşatmalıdırlar. İfaçıların məsuliyyəti böyükdür: ifa etdikləri mahnını və muğamı dərin duyğu, mənəviyyat və səmimiyyətlə təqdim etməlidirlər. Muğam qəlbimizin və ruhumuzun dilidir. Gənclər səmimiyyətə və duyğuya bağlıdırlar, ifaçı isə dinləyicini təsirləndirməli, muğama kökləməlidir.
- Fidan, bəs Sizcə muğam ifaçılığı sizin üçün nə deməkdir və hansı hissləri oyadır?
FİDAN: Muğam ifaçılığı, muğam ifa etmək mənim həyatımın nəfəsidir. Hər notunda həm tariximizi, həm də ruhumun ən gizli hisslərini ifadə edə bilirəm. Muğam ifa etmək mənim üçün həm öz yolumu, həm də dinləyiciləri sevinc və kədərin dərinliklərinə aparmaq üçün bir vasitədir və bu, mənə böyük xoşbəxtlik verir.
- Fidan, daha çox hansı xanəndənin üslubundan bəhrələnmisiniz?
FİDAN: Böyük ustadlarımızdan hər birindən öyrənməyə çalışmışam. Uşaq yaşlarımda Şövkət Ələkbərovanın ifalarını çox dinləyirdim. Hətta ilk ifam “Durnalar” mahnısı olmuşdu. O vaxt çox balaca olsam da, bunu böyük şövqlə oxumuşdum. Musiqi məktəbində müəllimlərim də bunu təsdiqləmişdilər.
- Fidan, Sizdən hansı layihələr gözləyək?
- Məni ən çox həyəcanlandıran arzularımdan biri böyük səhnələrdə çıxış edərək muğamımızı və vətənimizi təmsil etməkdir. İstəyirəm ki, xalqımızı, mədəniyyətimizi layiqincə təmsil edək. Əlbəttə, hər bir sənətçi təqdir olmaq, izləyicilərdən alqış almaq istəyirəm. Alqışlanacaq layihələr həyata keçirmək istərdik.
- Sualım hər ikinizədir: Bacı olaraq duet hazırlayanda hər iki səsin ahəngini qorumaq üçün hansı prinsiplərə əməl edirsiniz və bu, gündəlik məşqlərinizə necə təsir edir?
AYDAN: Bizim gündəlik duet məşqlərimizdə əsas prinsip bir-birimizi tamamlamaq və harmoniya yaratmaqdır. Məşqlər zamanı hansısa bir muğamı ifa etməyə qərar verəndə, içimizdən biri ifa edir, digəri isə diqqətlə dinləyir. Dinləyici və musiqini anlayan şəxs kimi, harada nəyi dəyişdirmək, hansı xırdalığa diqqət yetirmək lazım olduğunu bir-birimizə göstəririk. “Burada bu notu daha incə səsləndir”, “bu hissəni fərqli ifadə etsək daha yaxşı olar” kimi məsləhətlərlə məşqimizi tamamlayırıq
- İfa zamanı bir-birinizi daha çox tamamlayırsınız, yoxsa bəzən səhnədə gizli bir “yarış” da olur?
FİDAN: İfa zamanı əsasən bir-birimizi tamamlayırıq. Burada yarış mövzusu yoxdur. Duet ifalarında vacib olan, birimiz xırdalığı və ya zəngiləni ifa edərkən, digəri bunu daha fərqli və gözəl şəkildə tamamlamasıdır. Bunu bir növ yarış kimi adlandırmaq olar, amma biz onu bir-birimizin ifasını tamamlamanın bir forması kimi görürük. Məsələn, mahnını duet şəklində ifa edərkən hissələri elə bölürük ki, musiqinin mənası itməsin. Əgər iki zəngilə varsa, bir nəqarətdə biri mənim, digəri bacımın ifasında səslənir. Daha sonra zəngilələr muğama keçdikdə, bir-birimizi tamamlayaraq musiqini davam etdirir və mahnıya uyğun ayaq veririk.
Yenə sualım hər ikinizədir: Laçın sizin üçün həm doğma yurd, həm də simvolik bir anlam daşıyır. Gedə bilmisinizmi?
AYDAN: “Laçın” adı gələndə həmişə qəlbimizdə və ruhumuzda fəxarət hissi yaranır. Təbii ki, vətənimizin hər bölgəsi əziz və doğmadır. Hər birinin özünəməxsus qədimliyi, tarixi və ənənələri var. Laçın da əsrarəngiz bölgələrimizdəndir və mən özümü onun bir parçası kimi çox xoşbəxt hesab edirəm.
FİDAN: Bəli, Laçının insanları mərd, istiqanlı, qonaqpərvər və mehribandır. Biz, gənc laçınlı sənətçilər olaraq, ən böyük arzumuz Laçının adını uca tutmaqdır. İstəyirik ki, yurdumuzun adı gözəl tədbirlərdə, konsertlərdə və digər mötəbər layihələrdə hallansın. Arzumuz odur ki, laçınlı xanəndələr biz də bu tədbirlərdə iştirak edərək Laçının adını daha da yüksəklərə qaldıraq.
Rəfiqə Namazəliyeva,
AzNews.az