- EKONEWS
- 17:51
- 1 820
ETSN informasiya sorğusuna cavab verdi: “Laçın rayonunda suların tərkibi araşdırılıb”

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin QHT-lər Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şərqi Zəngəzurun Laçın rayonunda su təhlükəsizliyi” adlı sosial-ekoloji layihə çərivəsində informasiya sorğusuna cavab verib. İnformasiya sorğusuna cavabda ETSN Laçın rayonunda su hövzələrinin ekoloji vəziyyəti ilə bağlı aparılan monitorinqlərin nəticələrini açıqlayıb.
Məlumata görə, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları işğaldan azad edildikdən sonra ETSN tərəfindən ətraf mühitdə baş verən dəyişikliklərin qiymətləndirilməsi məqsədilə mütəmadi monitorinqlər həyata keçirilib. 2021-ci ildən etibarən aparılan bu müşahidələr zamanı Laçın rayonunun əsas su obyektləri- Həkəri və Zabux çaylarında, eləcə də Qaragöl, Hocaz və Şəlvə çaylarında, təbii bulaqlarda və artezian sularında nümunələr götürülərək laborator analizlər aparılıb.
Keçirilən monitorinqlər zamanı çaylardan su və dib çöküntüsü nümunələri götürülərək üzərində fiziki-kimyəvi tərkibinin təyini üzrə müvafiq laborator analizlər aparılıb. Aparılmış analizlərin nəticələrinə əsasən, suların keyfiyyəti qiymətləndirilib. Monitorinq aparılmış dövr ərzində nəticələrə əsasən suda təyin olunan bütün keyfiyyət göstəriciləri yol verilən qatılıq həddində müəyyən olunmuşdur. Demək olar ki, Həkəri və Zabux çaylarının suları fiziki-kimyəvi tərkibinə görə yaxşı statusa malikdir. Mühitində hər hansı bir çirklənmə halları müşahidə edilməyib. Yalnız bəzi təbii bulaqlarda landşaftdan qaynaqlanan bəzi ağır metalların miqdarı yol verilən həddən yüksək müəyyən edilib.
Bölgədə geniş abadlıq və quruculuq işləri aparıldığı bir vaxtda sənaye və kənd təsərrüfatı tullantılarının suya qarışmaması üçün daimi nəzarət tədbirləri görülüb. ETSN-in Regional İdarəsi tərəfindən qanun pozuntuları aşkar edildikdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilib.
Nazirlik, həmçinin qeyd edib ki, Laçın rayonunda çayların, bulaqların və digər su obyektlərinin çirkləndirilməsinin qarşısını almaq üçün maarifləndirici tədbirlər mütəmadi təşkil olunur. Tikinti-bərpa işlərində çalışan şirkət işçiləri, əraziyə qayıdan sakinlər və turistlərlə görüşlər keçirilir, su hövzələri ətrafında məlumatlandırıcı lövhələr yerləşdirilir və mütəmadi təmizlik aksiyaları həyata keçirilir.
Nazirliyin açıqlamasına görə, ümumilikdə Laçın rayonunda aparılan monitorinq nəticələri göstərir ki, bölgədəki su hövzələrinin ekoloji vəziyyəti qənaətbəxşdir.
Nazirlik, həmçinin xatırladıb ki, Azərbaycan Respublikası Prezidentinin 30 mart 2023-cü il tarixli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yaradılıb. 1 iyul 2025-ci ildən etibarən ölkədə su ehtiyatlarının monitorinqi və idarə olunması bu quruma həvalə edilib. Bu səbəbdən həmin tarixdən sonrakı məlumatlar artıq ADSEA tərəfindən təqdim olunmalıdır.
QEYD: Məlumat “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şərqi Zəngəzurun Laçın rayonunda su təhlükəsizliyi” adlı sosial-ekoloji layihə çərivəsində hazırlanıb.