"Sarkisyan hakimiyyətinin sonuna aparan yol məhz Aprel döyüşlərindən başladı" "Sarkisyan hakimiyyətinin sonuna aparan yol məhz Aprel döyüşlərindən başladı"
  • Flash
  • 2 Aprel 2019 12:00
  •  5 312

Aprel döyüşləri göstərdi ki... - Fəzail İbrahimli

"Sarkisyan hakimiyyətinin sonuna aparan yol məhz Aprel döyüşlərindən başladı"

Bu gün Azərbaycan və Ermənistan (habelə erməni separatçıları) arasında baş vermiş aprel döyüşlərinin növbəti ildönümüdür.

Milli Məclisin deputatı Fəzail İbrahimli AzNews.az-a açıqlamasında 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlayan və ayın 5-nə qədər davam edən uğurlu Aprel döyüşlərini dəyərləndirdi.

Onun sözlərinə görə, Aprel döyüşləri Azərbaycanın hərb tarixində kifayət qədər imzası olan bir hadisədir. Bu hadisə mənəvi və siyasi tərəfləri özündə birləşdirən bir tarixi addım kimi yadda qaldı:

"Söhbət ondan gedir ki, Aprel döyüşləri Dağlıq Qarabağda faciələr törədən və o kart üzərində hakimiyyətə gələn qüvvələrin tamamilə iç üzünü açdı. Bu döyüşlərə qədər Ermənistanda hakimiyyətdə olanlar xalqın nəzərində özlərinin qəhrəman bir obrazını yaratmışdılar – İşğal etdik, məğlub etdik və qalibik kimi... Xalqda da süni olaraq belə bir fikir yaratmışdılar ki, artıq hər şey bitib, Azərbaycan tərəfi də heç vaxt torpaqlarını qaytarmaq istəyində olmayacaq. Ancaq Ermənistanın 1992-93-cü illərdə əldə etdiyi xain qələbəni 2016-cı ilin 3 günlük təqvimi tamamilə alt-üst etdi. Bu təqvim Azərbaycan hərbinin kifayət qədər güclü olduğunu təsdiqlədi. Göstərdi ki, Azərbaycanın hərbi gücü, potensialı öz torpaqlarını işğaldan azad etmək bacarığındadır. İkincisi, ermənilərin Azərbaycanı işğalla barışdırmaq niyyətlərinin puç olduğunu göstərdi. Üçüncüsü, erməni rəhbərlərinin qalib mövqeyinin tamamən yanlış olduğunu ortaya qoydu. Dördüncüsü, dünya ictimaiyyəti çox yaxşı başa düşdü ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq. Beşincisi isə bu məsələdə Azərbaycan xalqı ilə dövlətinin yek, həmrəy olduğu üzə çıxdı. Həmin vaxt hər bir Azərbaycan insanı döyüşə atılmağa hazır idi. Hətta 65 yaşlı bir seçicim mənə teleqram vurdu ki, döyüşə getmək istəyir. O dedi ki, yaşıma baxmayın, mənim böyük təcrübəm var. Bax, təkcə bu amilin özü kifayət qədər nəticə yarada bildi".

Millət vəkili onu da vurğuladı ki, hər kəs bir həqiqəti anlamalıdır: Sarkisyan hakimiyyətinin sonuna aparan yol məhz Aprel döyüşlərindən başladı.

"O, insanların nəzərindən düşdü, ona olan inamı itirdi və bir qrup Dağlıq Qarabağ korrupsioner elementlərinin xalqı aldatdığı, bunun üzərində hökmranlıq etdiyi üzə çıxdı. İstər erməni lobbisi, istər erməni təəssübkeşləri və xristian klubu bir daha əmin oldu ki, Azərbaycanı işğalla barışdırmaq mümkün deyil" -deyə, F.İbrahimli əlavə etdi.

Elgün Mənsimov
AzNews.az