- Köhnə - Hadisə
- 13 Noyabr 2013 16:50
- 3 150
Məhkəməni aldadan şəxs barəsində cinayət işi açıldı
AzNews.az-a Respublika Prokurorluğundan verilən məlumata görə, Bakı şəhər sakininin qanunsuz əməlləri Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
Nərimanov rayon məhkəməsindən daxil olmuş xüsusi qərardad əsasında aparılan araşdırma zamanı T.Məcidovun sübutları saxtalaşdırması ilə bağlı əsaslar müəyyən olunub. Belə ki, Zübeydə Abdullayevanın özünə məxsus mənzilindən Tahir Məcidovun çıxarılması barədə mülki iddiasına Nərimanov rayon məhkəməsində baxılıb. Prosesdə T.Məcidov qarşılıqlı iddia ilə çıxış edib.
O, məhkəməni mənzilin guya Z.Abdullayeva tərəfindən ona satılmasını inandırmağa çalışıb. Bunun üçün də sübutlar kimi mənzilin onun mülkiyyətinə keçirilməsi barədə saxta ərizə təqdim edib. Korrupsiyaya qarşı mübarizə idarəsində aparılan araşdırma mülki iş üzrə sübutların saxtalaşdırmasında əsaslı şübhələr ortaya çıxarıb. Odur ki, Cinayət Məcəlləsinin 294.1 (sübutları saxtalaşdırma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.
AzNews.az