İslam Ölkələrinin III Həmrəylik Oyunlarına start verildi- Foto

İndoneziyada Üçüncü İslam Həmrəylik Oyunlarının təntənəli açılışı olub.

Açılış mərasimində İndoneziyanın məşhur müğənniləri, müxtəlif musiqi və rəqs qrupları, eləcə də Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər rəsmi şəxslər iştirak ediblər.
Rəngli işıqlarla bəzədilən stadionda bütün kompozisiyalar milli koloritdə təqdim olunub. İndoneziyanın milli musiqi sədaları altında başlayan mərasim idmançıların paradı ilə davam edib.

Azərbaycan sıra keçidində Əlcəzair komandasından sonra 2-ci olub. Dövlət bayrağını İntiqam Zairov daşıyıb.

Rəsmi açılışda Azərbaycan nümayəndə heyəti 50 nəfərlə - idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri ilə təmsil olunub.
Paraddan sonra çıxış edən İndoneziya Prezidenti Susilo Bambanq Yudona qısa zamanda təşkilatçılıq probleminin həll olunduğunu bildirib. İslam Həmrəylik Ölkələrinin oyunlarına böyük önəm verildiyini vurğulayan dövlət başçısı bu yarışların Palembanq üçün tarixi hadisə olduğunu söyləyib.

Rəsmi hissədən sonra İndoneziyanın milli geyimlərində olan qızlar müxtəlif rəqs səhnələrini nümayiş etdiriblər.

Mərasim olimpiya məşəlinin yandırılması ilə davam edib, atəşfəşanlıqla başa çatıb.

AzNews.az