AzNews.az analitik-informasiya portalının suallarını İsveçrədə yaşayan Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının siyasi məsələlər üzrə başqan müavini Rəhim Sulduzlu cavablandırır AzNews.az analitik-informasiya portalının suallarını İsveçrədə yaşayan Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının siyasi məsələlər üzrə başqan müavini Rəhim Sulduzlu cavablandırır

"İranda hakimiyyət içəridən yıxılacaq" - Güney Azərbaycanlı siyasi xadim

AzNews.az analitik-informasiya portalının suallarını İsveçrədə yaşayan Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının siyasi məsələlər üzrə başqan müavini Rəhim Sulduzlu cavablandırır

- Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum oldu. Azərbaycan rəsmi səviyyədə olayı terror aktı kimi qiymətləndirdi. Ancaq İran hər vəchlə hücumun terror aktı yox, məişət hadisəsi olmasını iddia edir. İran nədən terror aktını araşdırmaq, terrorçuları üzə çıxarmaq və cəzalandırmaq əvəzinə məsələni ört-basdır etməyə çalışır?

- Bilirsiniz ki, İranda Məhsa Əmini adlı bir xanımın hicabı bəhanə edərək öldürülməi ilə başlayan inqilabdan beş aya yaxın vaxt keçir. Bu inqilab İran adlanan ölkədə molla hakimiyyətinin son 43 ildə kontrol edilə bilmədiyi səviyyəyə çatıb. Keçmişdə olduğu kimi hansısa etiraz səslərini boğmaq məqsədilə aksiyaçıları gətirib xarici dövlətlərə, İsrailə, Amerikaya, Qərbə bağlamağa çalışdılar. Amma İran adlanan ölkədə Xamneyi hakimiyyəti artıq yalançı çoban sifətini daşıyır. Artıq ortaya atılan iddialara xalq aldanmır. Bu dəfə etirazlara bölücülük, yəni separatizm damğasını vurmağa çalışdılar. Bu belə davam edərsə, İran bölünəcək iddiası ilə çıxış etdilər. Şahçeraq ziyarətgahında özləri hücum həyata keçirib və terrorçuların Azərbaycan pasportu ilə Bakıdan Tehrana, Tehrandan Şiraza keçməsi ssenarisini yazdılar. Bundan sonra bir neçə nəfəri gətirib kamera qarşısında dedilər ki, bunlar terror aktını gerçəkləşdirəndən sonra Azərbaycanla sərhəddə yaxalanaraq həbs edilib. Rejim bilir ki, Güney Azərbaycan ayağa qalxarsa, sonu olar. 1979-cu il inqilabında Güney azərbaycanlıların masaya yumruğunu vurduğu və Pəhləvilərin İranı tərk etmək məcburiyyətində qalması bilinən bir məsələdir. Ona görə də çalışır ki, bu məsələni bir növ gətirib Azərbaycana bağlasın. Digər tərəfdən bu inqilabı kölgədə qoymaq məqsədilə zaman-zaman İraqın şimalına doğru hücumlar gerçəkləşdirdi. Amma bir nəticə əldə edə bilmədiyini gördü. Öz adamlarını önə çəkdilər. Mərənd şəhərinin Bəsic biriminə bağlı olan, həyat yoldaşı isə Azərbaycanın şimalından olan Yasin Hüseynzadənin əli ilə bu inqilabı kölgədə qoymaq məqsədilə səfirliyə hücum gerçəkləşdirib gündəm yaratmaq istədilər. İran adlanan ölkədə hakimiyyət öz kreditini bitirib. Hansı əmələ əl atsalar da millət fərqindədir ki, hakimiyyətin özü tərəfindən həyata keçirilib. Ona görə də bu hücum da öz məqsədinə çatmadı. Yenə də təkrar edirəm ki, bu hücumun məqsədi inqilabı kölgədə qoymaq və cənubi azərbaycanlıları şimali azərbaycanlıların gözündən salmaqdır. Bu rejim 1979-cu ildən iki siyasət üzərindən hakimiyyətini davam etdirib. Birincisi, millətlərarası, digəri məzhəblər arası ixtilafdır. Bu yolla 43 il ərzində qan tökərək ömrünü sürüb. Yəməndə, Fələstində, Livanda, İraqda, Əfqanıstanda, Suriyada məzhəblər arası ixtilafın nəticəsini hamımız görmüşük. Cənubi və Şimali Azərbaycan arasında hansısa fərqliliyi yaşatmaq və iki tərəfdə yaşayan eyni millətin arasına nifrət toxumu səpmək məqsədilə belə terror aktlarına imza atıb. Çalışıb ki, cənub və şimal arasında nifrət duyğusu oyandırsın. Həmişə media vasitələri və televiziya kanallarında çalışıb ki, Azərbaycanın dövlətini Cənubun gözündə alçaltsın. Cənubda dininə düşkün, məzhəbini sevən insanlar çoxdur. 44 günlük müharibədə müzəffər ordumuzun tarix yazmasını həzm etməyərək Suriyadan gətirilən vəhabilərin Azərbaycan ordusunda döyüşdüklərini bəyan etdi. Mən dəfələrlə dilə gətimişəm ki, bu tamamilə yalandır. Çünki Azərbaycanın ordusu Ermənistan ordusundan 3-4 qat daha böyükdür. Burada Azərbaycanın PUA-lara və ya hansısa texnikaya ehtiyacı ola bilər, amma Azərbaycanın Ermənistan kimi kiçik bir dövlətə qarşı müharibədə xarici canlı qüvvəyə ehtiyacı yoxdur. Azərbaycan ordusu Ermənistanın hətta separatçıları ilə birlikdəki ordusunun üç qatına bərabərdir.

- Mediada yayılan son məlumata görə, İranın hüquq-mühafizə orqanları əvvəlcə səfirlikdə arvadını axtardığını iddia etdikləri terrorçu Yasin Hüseynzadəni “psixi xəstə” çıxartmaqla məsuliyyətdən yayındırmağa çalışır. Bu, bir daha onu göstərmirmi ki, Hüseynzadə İranın xüsusi xidmət orqanlarının nəzaətində olub və indi müvafiq qurumlar öz agentlərini qoruyurlar?

- Hücum gerçəkləşdirildiyi gün bu şəxsin "Bəsic" mənsubu olduğunu, Suriyada döyüşdüyünü ilk dilə gətirən biz olduq. Otuz ildir Cənubi Azərbaycanla yaxından maraqlanan insan olaraq bu illərdə hər şəhərdə ən az üç etibarlı dost tapmışıq. Ona görə də belə insanların şəxsiyyətini araşdırıb ortaya çıxarmaq bizim üçün o qədər də çətin bir məsələ olmadı. Azərbaycan mediasında yazılan hər şeyi mən şəxsən "Prime TV"də dilə gətirdim. Cənubi Azərbaycanın Yekan məntəqəsi o qədər də böyük deyil. İran günah keçisi axtarırdı. Oradakı silahın haraya aid olması da artıq aydınlaşdırılıb, məlum olub ki, bu silah daha 3 il əvvələ qədər Luristan vilayətində istifadə olunan “Kalaşnikov” markalı silahdır. İranda silah daşımaq ya ömürlük həbslə cəzalandrılır ya da o silahdan istifadə olunubsa, edamla nəticələnir. Mən burada İranın hər hansı bir səmimi davranışını görmürəm. İran heç vaxt səmimi davranmaz. Çünki indiyə qədər Azərbaycanla arasında bağlanan bütün müqavilələrdə heç birində səmimi olmayıb. İstər birinci Qarabağ müharibəsində olsun, istər ölkəmizə qarşı şimaldan Qum və Məşhədə gedən sapı bizdən olan baltaların apardığı propoqandalar olsun.

- Terror aktından sonra Azərbaycan Tehrandakı səfirliyin fəaliyyətini dayandırdı. Ancaq Təbrizdəki konsulluğun fəaliyyəti qismən saxlanıldı. Bununla ölkələr arasındakı diplomatik münasibətlər minimuma enmiş oldu. Azərbaycan prezidenti İlham Əliyev bəyan etdi ki, İran terror aktının obyektiv istintaqının aparılması üçün real işlər görmür. Sizcə, İranın ərazisindəki diplomatik missiyaların təhlükəsizliyinə cavabdehliyini şərtləndirən Vyana konvensiyasına zidd davranışları beynəlxalq müstəvidə hansı nəticələr doğuracaq?

- Diplomatiyamızın professional şəkildə fəaliyyət göstərməsi bu günlərdə olmasa da, gələcəkdə öz meyvəsini verəcəyini və bunun nəticəsinin də İrana qarşı mənfi reaksiyalar olacağını düşünürəm. Hətta ola bilsin ki, bu hücumlardan sonra İrana qarşı daha çox beynəlxalq icmalar tərəfindən sanksiyalar tətbiq edilsin. Təbrizdəki konsulluğumuzun bağlanmaması orada dövlətimizin, Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza nə qədər dəyər verdiyini açıq şəkildə göstərir. İran ümid edir ki, Tehranda səfirlik bağlanıbsa, Təbrizdəki konsulluq da bağlanar. Amma dövlətimiz buna məhəl qoymur. Üçrəngli bayrağımızın konsulluğumuzun qarşısında dalğalanması, əlbəttə ki, İranı narahat edir. Həmin terrordan sonra konsulluğun qarşısına çələng qoyulmasına qərar verilmişdi, amma dostlarımızla danışdıqdan sonra bu məsələni biraz gecikdirmək məcburiyyətində qaldıq. Çünki eyni gün Xoy şəhərində bəzi nöqtələrdə 5.9, digər yerlərində 6.1 böyüklüyündə zəlzələ baş verdi. Deyə bilərəm ki, Cənubi Azərbaycan bütün diqqətini o zəlzələyə cəmlədi, soydaşlarımıza yardım etmək üçün səfərbər oldu. Onun üçün bu addımımız gecikdirildi və sonraya saxlanıldı. Konsulluğumuzun orada fəaliyyət göstərməsi dövlətimizin gözəl düşünülmüş addımlarından biridir. Biz Tehranda terrora məruz qaldıq, amma konsulluğumuzu Təbrizdə saxladıq. Prezidentimizin də Səmərqənddə dediyi kimi, biz orada yaşayan 40 milyon insanın da haqqlarını müdafiə etmək mücburiyyətindəyik. Konsulluğumuzun fəaliyyətini davam etdirməsi bir mesaj daşıyır. Bu, İranla nə problemimiz olur olsun, biz Cənubda yaşayan millətimizin yanındayıq mənasını daşıyır.

- İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf Tehrandakı səfirliyə hücumun terror aktı kimi dəyərləndirilməsinə görə Azərbaycana “xəbərdarlıq” ünvanlayıb və bunun “sionistlərə xeyir verdiyi” kimi klassik iddialar səsləndirib. Bununla da teror aktından sonra Tehran mediasında Azərbaycana qarşı aparılan təbliğatın İranın rəsmi mövqeyi olması üzə çıxır. Sizcə, bu, İran və Azərbaycan arasında diplomatik münasibətlərin tam qırılma nöqtəsi deyilmi?

- Mən diplomatik əlaqələrin kəsilməsinin tərəfdarı deyiləm. Görünən odur ki, bu terror aktını törədənlər və əmri verənlər ədalətli məhkəmə qarşısına çıxana qədər Azərbaycanla İran arasındakı münasibətlər heç vaxt keçmişdəki kimi olmayacaq. Amma burada Arazın iki tərəfinə səpələnmiş millətimizdən söhbət gedir. Deyilənə görə, iki xalqın illik milyonlarla dollar ticari əlaqələri var. İnsanlar buradan qazanc əldə edirlər. Xüsusilə bu əlaqələrin davam etdirilməsi üçün əlaqələrin saxlanmasının tərəfdarıyam. Qalibaf İranda oğruların ən başında gedən şəxsdir. Keçmişdə bələdiyyə başçısı olub, hazırda İran parlamentinin spikeridir. Əlbəttə ki, onun da sözlərinin artıq tarixi keçib.

- Mühacirətdəki Güney Azərbaycan liderləri hərəkatın ali məqsədinin milli istiqlal olduğunu, Güney Azərbaycanın müstəqil dövlətə çevrilməsi üçün mübarizə apardıqlarını vurğulayırlar. Ancaq Güney Azərbaycandakı əvvəlki milli hərəkatlar belə bir hədəfə malik olmayıb. Cənubi Azərbaycan bu yeni hədəfi mənimsəməyə hazırdırmı? Güney Azərbaycanda milli hərəkat nə zaman açıq müstəviyə çıxacaq?

- Cənubi Azərbaycandakı inqilab liderlərinin demək olar ki, hamısı Azərbaycanın Güney hissəsinin istiqlaliyyəti zehniyyətinə sahibdirlər, bu sevindirici haldır. Amma üzücü bir məsələ də var ki, biz vahid bir cəbhədə mübarizə aparmağı bacara bilməmişik. Bizim zəfərimizin təməli olacaq yeganə amil bizim yaradacağımız birlik və bərabərlik olacaq. Tək yumruq, tək səs olsaq, düşmən nə qədər güclü olursa olsun, biz ona qalib gələ bilərik. Mənim könlüm ondan yana idi ki, insanlar istiqlaliyyət dedikcə vahid bir platformanın altında toplanaydılar. İnanıram ki, hadisələr bu nöqtəyə gəlib çatmışkən dövlətimiz və mötəbər qurumlarımız rahatlıqla bu işi görə bilər, yəni cənublu liderləri Bakıya dəvət edib onları vahid söz, tək yumruq çərçivəsində onları bir araya gətirə bilər. Əlbəttə ki, bunlar istiqlaliyyət deyənlərlə yanaşı ixtilaf yaradanlar da vardı. Onlar Azərbaycanın Güney hissəsinə mənfi təsirini bağışlayır. Bu boş ixtilaflar mübarizənin etibarını sual altına alır. İstiqlaliyyət tələbində olan liderlər mənəm-mənəmlik, bir-birinə qarşı aqressiyanı bir kənara qoyub millət, vətən deyib hərəkatda yer alarlarsa, istiqlaliyyət arzusuna çatmaq da mümkündür. Millətimizin milli şüurunun yüksək olduğuna inanmışam. Bunu 2006-cı ildə də şahidi olduq. Yüz minlərlə soydaşımız həmin inqilabda bunu göstərdi. Xalqımızın tələbi istiqlaliyyət şüarı ilə çıxış edən liderlərin vahid bir mərkəzə yığışaraq mübarizəni vahid mərkəzdən irəli aparmaqdır. Çünki bu rejimin krediti bitmişdir və tarixin zibilliyinə gec-tez atılacağı görünür. İnşallah ki, yaxın zamanda dövlətimizin nəzarəti altında bu təşkilatlar, liderlər istər Bakıda, istər Avropanın hansısa ölkəsində bir araya gətirilər. Onların çatlaq səslərinin eşidilmədiyi, hər kəsin tək yumruq olduğu bir platformanın yarandığının şahidi olarıq. Belə bir qurum olarsa, biz zəfərə, istiqlaliyyətə daha sürətli şəkildə çata bilərik.

- İran İslam Respublikasının tarix səhnəsində duruş gətirə bilməyəcəyi artıq rasional düşünən hər kəsə aydındır. İslam Respublikasının likvidasiyası ilə bağlı iki əsas ehtimal var. Birinci ehtimala görə, İran kollektiv Qərbin hərbi güc tətbiqi ilə sıradan çıxarılacaq. İkinci proqnoz isə belədir ki, “kollektiv Qərb”, necə deyərlər, qalanı içəridən fəth etməyə maraqlıdır və teokratiyanın məsələsini daxili qüvvələrin hesabına həll edəcək. Siz necə düşünürsünüz?

- Mən Qərbin və ya dünyanın hansısa bir ölkəsinin İrana hücum edəcəyinə şəxsən inanmıram. Buna razı da deyiləm, bu o rejimin əlinə böyük bəhanələr gətirə bilər. Amma bir xəbəri sizin ərz edim ki, başda İsfahan olmaqla İranın müxtəlif şəhərlərində hərbi hissələrinə dronlarla, PUA-larla zərbələr endirilib. Bu hücumları İsrailin həyata keçirdiyi düşünülsə də, İsrail bu kimi bir hücum etməyib. Mənim İsrail mediasından əldə etdiyim məlumata görə, bu hücumlar İsrailin işi deyil. Hücumlar İranşəhri dediyimiz Pəhləvilər və xalqın yaratdığı pozisiya tərəfindən həyata keçirilib. Bu da xalqın artıq rejimin anladığı dildən danışmağa başladığı, xalqın Qərbə olan güvəninin artıq sıfıra bərabər olduğu deməkdir. İran hakimiyyətinin mollaların əlində olması Qərbin qazancını artırır. Buna görə də istəməz ki, bu hakimiyyət getsin. Amma xalq qərarını verib. Dronların da xalqın, əl ilə düzəldilmiş dronları olduğunu düşünürəm. Çünki dronlar İsrailə məxsus olsaydı, İran dronları kamera qarşısına çıxarıb şou göstərərdi. Bunlar İsrailin işi deyil. Bu İranda inqilabı tənzimləyənlərin öz işi idi. Biz bundan sonra da belə hücumların İranın müxtəlif şəhərlərində həyata keçirildiyinin şahid olacağıq. Bu müxaliflərin rejimə qarşı ilk sarı kartı idi. Bu eyni zamanda yaxın gələcəkdə elə daxildə inqilabı idarə edənlərlə rejim arasında qanlı toqquşmaları da bərabərində gətirəcəyi anlamına gəlir. Mən inanıram ki, hakimiyyəti içəridən yıxmaq versiyası yaxın gələcəkdə İran üzərində tətbiq ediləcəkdir.

- Fərz edək ki, İranda teokratiya devrilib və 1917-ci ildəki fevral inqilabından sonra Rusiyada olduğu kimi, müvəqqəti hökumət qurulub. Güney Azərbaycan bu hökuməti tanımalıdırmı və tanıyacaqmı?

- Bizim üçün hansı hakimiyyət gəlirsə gəlsin. Əvvəl Pəhləvilər tacla qarət, qətliam etdilər və bu gün eyni zehniyyət əmmamə sifəti ilə qətliam törədir, millətimizin haqqlarını tapdalayır. Hərhansı hakimiyyət gəlirsə gəlsin, əgər Güney Azərbaycan türk millətinin oradakı maraqları nəzərə alınmırsa, mübarizədə durmaq yoxdur. Bir müddət öncə Pəhləvinin oğlu dedi ki, İran parçalanmağa doğru gedərsə, mən silah götürüb Xamneyinin yanında savaşmağa hazıram. Yəni bu o deməkdir ki, bizim üçün fərq etmir ha tac olsun, ha əmmamə, milli maraqlarımız göz önünə alınmadığı müddətcə biz hansı hakimiyyətin gəlməsindən asılı olmayaraq mübarizəmizi davam etdirəcəyik. Amma 1979-cu ildə yaranan boşluğu çox gözəl xatırlayıram. Bu dəfə şimalda güclü dövlətimiz, ordumuz var. NATO-nun ən güclü ordularından olan qardaş Türkiyə var yanımızda. Bu boşluqdan biz gərək öz xeyrimizə, milli maraq və mənfəətlərimizə uyğun şəkildə istifadə edək. Mən həmişə vurğulamışam ki, dövlət boşluğu yaranırsa, orada biz Güney Azərbaycanın istiqlaiyyətini elan etməyə imkanımız çatar. Əks təqdirdə kim olursa olsun heç kim qapını döyüb o istiqlaliyyəti bizə verməyəcək. Biz istiqlaliyyəti millətimizin birlik, bərabərliyi ilə əldə edəcəyik.

- İrandakı təlatümlərdən Güney Azərbaycanın milli istiqlalla çıxması üçün Təbrizin yanında Bakıdan başqa kim olacaq?

- Əgər Güney Azərbaycan istiqlaliyyətini əldə edərsə, tamamilə qardaş Türkiyə Cümhuriyyətinə qarşı düşmənləri tərəfindən masaya qoyulan ssenarilərin də hamısı suya düşmüş olacaq. 85 milyon Türkiyə, 12 milyon Azərbaycan, 30 milyon da Güney. Siz yaxın Şərqdə bu saya sahib olan, bu nüfuza malik başqa dövlət görə bilməzsiz. Həlledici nöqtə gəlib çatanda İraq, Suriya türkmənləri yanına çəkdiyi kimi mən inanıram ki, Azərbaycanla birlikdə qardaş Türkiyə də mütləq şəkildə yanımızda olacaqdır. Bu gün ola bilsin ki, Azərbaycanın Güney hissəsi əsarətdədir, amma həlledici nöqtəyə gəlib çatdığımızda R.T. Ərdoğanla İlham Əliyev arasında imzalanan Şuşa Bəyannaməsi eyni zamanda Azərbaycanın Güneyi üçün də keçərlidir.

Rəşid QARAYEV,

AzNews.az