Hər şey Azərbaycan vətəndaşının sağlamlığının qorunması ilə başlandı Hər şey Azərbaycan vətəndaşının sağlamlığının qorunması ilə başlandı

COVİD-19-a qarşı Azərbaycan modeli və İlham Əliyevdən bəşəriyyətin xilası üçün yeni təklif

Hər şey Azərbaycan vətəndaşının sağlamlığının qorunması ilə başlandı

COVİD-19 pandemiyası artıq vaksin mərhələsinə qədəm qoyur. Pandemiyaya qarşı mübarizədə model yaradan Azərbaycan Cənubi Qafqazda vaksinasiya işlərinə start verən ilk ölkədir: Azərbaycanda dövlət siyasətinin mərkəzində vətəndaş dayanır.

Prezident İlham Əliyev pandemiyaya qarşı mübarizədə də bu prinsipi əsas götürdü. Və təkcə ölkə daxilində deyil, beynəlxalq münasibətlərdə də koronavirusa qarşı mübarizə modeli yaratdı.

Hər şey Azərbaycan vətəndaşının sağlamlığının qorunması ilə başlandı.

Azərbaycan dünyada COVİD-19-a qarşı ilk mübarizəyə başlayan ölkələrdən biri oldu. Hələ 2020-ci ilin yanvar ayında Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmaqla dövlət orqanlarının fəaliyyəti koordinasiya edildi, ardınca sərhədlər bağlandı, digər ölkələrlə hərəkət dayandırıldı, tədris prosesi onlayn rejimə keçdi. Ardnca pandemiyaya qarşı mübarizədə ən effektli olan “karantin strategiyasını” tətbiq etdi. Nəticədə virusun kütləvi yayılmasının və dağıdıcı təsirlərinin qarşısı alındı. Əhali sayı ilə müqayisədə yoluxanların sayı bu mübarizənin real nəticəsidir.

- Səhiyyə sisteminin gücləndirilməsi: koronavirusla mübarizə məqsədilə yeni klinika və müasir tələbələrə cavab verən modul tipli xəstəxanalar qısa müddətdə yaradıldı, laboratoriyaların sayı artırıldı. Pandemiyaya qədər cəmi 8 laboratoriya var idi, bu gün onların sayı artıq 42-dir. Koronavirus testlərinin aparılması istiqamətində də mühüm addımlar atıldı. Test sayının çox olması xəstəliklə daha effektiv mübarizə aparmaq imkanı yaratdı. Prezident İlham Əliyevin göstərişi ilə tibbi maska istehsal edən müəssiənin istifadəyə verilməsi və əhalinin təlabatının yerli istehsal hesabına ödənilməsi də əhəmiyətli addımlardan biridir. İl ərzində karantinin vəziyyətə uyğunlaşdırılması da pandemiya ilə mübarizədə əsas addımlardan biri idi.

- Vətəndaşa dövlət dəstəyi, sosial-iqtisadi sistemin qorunması: Dünyada, xüsusilə inkişaf etmiş ölkələrdə pandemiya nəticəsində 10 milyonlarla insan işsiz qaldığı halda, Azərbaycanda heç bir müəssisə bağlanmadı, heç bir vətəndaş işsiz qalmadı, əksinə, yeni iş yerləri yaradıldı. Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planı təsdiqləndi. Bu planda məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir hazırlandı. Dövlət 2,5 milyard manatlıq dəstək paketini qəbul etdi, 44 min sahibkarlıq subyektində 300 mindən çox işçinin əmək haqqının əhəmiyyətli hissəsini ödədi. Dövlət sektoru üzrə 900 min, qeyri-dövlət sektoru üzrə 690 min işçinin əməkhaqqısı saxlanılmaqla məşğulluğu təmin edildi, dövlət dəstəyindən 600 minə yaxın vətəndaş, o cümlədən, 300 min mikro və fərdi sahibkar faydalandı, bununla yanaşı, işsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yerlərinin yaradılmasına start verildi, kommunal ödənişlərə güzəşt olundu, qeydiyyata düşmüş işsizlər üçün birdəfəlik ödəmələr həyata keçirildi. Sahibkarların kreditlərinin 60 faizi dövlət tərəfindən subsidiyalaşdırıldı.

Sağlamlığın qorunması və sosial təminat Azərbaycanın pandemiyaya qarşı mübarizənin əsas istiqamətidir.

- vətəndaşların dövlətə etibarı və inamı daha da gücləndi;
- insanlar atılan addımları, görülən tədbirlərin zəruriliyini anlayır və sərt qaydaları anlayışla qarşılayır;

Aparılan sosial tədqiqtların nəticələri də vətəndaşların hökumətin pandemiya ilə bağlı siyasətini dəstəklədiyini göstərir.

Atılan addımlar nəticəsində bu iki amilin güclənməsi pandemiyaya qarşı mübarizədə əhəmiyyətli olan daxili həmrəyliyin yaranması ilə nəticələndi.

- Həmrəyliyin əldə olunması: dünyada baş verənlər pandemiyaya qarşı mübarizədə cəmiyyətin həmrəliyinin əhəmiyyətli rol oynadığını sübut etdi. Prezident İlham Əliyev Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması ilə ölkə daxilində buna nail oldu. Digər ölkələrlə müqayisədə pandemiyanın Azərbaycana daha az təsirinin səbəblərindən biri də məhz budur.

Koronavirusla mübarizədə Azərbaycan modeli. Həyata keçirilən siyasət beynəlxalq platformada bu nümunənin yaranmasına və digər ölkələrin təcrübə olaraq istifadə etməsinə səbəb oldu. Ümumdünya Səhiyyə Təşkilatı da Azərbaycanın pandemiya ilə mübarizədə atdığı addımları model olaraq qiymətləndirir.

Ölkədə pandemiyaya qarşı mübarizə modelini yaradan Azərbaycan lideri məhz koronavirusa görə beynəlxalq münasibətlərin düşdüyü kollapsdan da xilas modelini də yaratdı.

Türk Şurası: Azərbaycan lideri türkdilli ölkələr arasında həmrəyliyin yaradılması ilə həmrəylik modelini regional müstəviyə çıxardı. Prezident İlham Əliyev sədr kimi Türk Şurasının videokonfrans formatında fövqəladə Zirvə görüşünü keçirdi və üzv ölkələr pandemiyaya qarşı birgə mübarizə yolunu seçdilər. Bu, həm də dünyada pandemiyaya qarşı dövlət başçılarının ilk Zirvə görüşü idi.
Qoşulmama Hərəkatı: Prezident İlham Əliyev ölkə daxilində yaratdığı həmrəylik modelinə regional müstəvidə nail olandan sonra beynəlxalq müstəviyə daşıdı. Qoşulmama Hərəkatının sədri kimi Prezidentin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə keçirilən koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü pandemiyaya qarşı beynəlxalq müstəvidə ilk həmrəylik addımı idi. 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatı BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Beləliklə:

- 120 dövlət arasında pandemiyaya qarşı yeganə mübarizə yolu olan həmrəylik yaradıldı;
- Azərbaycan digər ölkələr və təşkilatlar üçün model yaratdı;
- Avropa İttifaqı rəsmisinin Zirvə görüşündə iştirakı və çıxış etməsi Azərbaycanın iki qütbün həmrəyliyinə nail olması uğuru idi. Aİ rəsmisinin Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirakı Hərəkatın tarixində ilk dəfə baş vermiş hadisədir. Prezident İlham Əliyev bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq oldu;
- Azərbaycan bununla qlobal pandemiya şəraitində dövlətlər və xalqlar arasında körpü yaratdı;

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Zirvə görüşündə BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVİD-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi ilə bağlı təklif irəli sürdü və müsbət qarşılandı.

Qlobal birliyin inşa edilməsi. Azərbaycan liderinin təklifi bu idi və belə demək mümkünsə, Prezident İlham Əliyev ümumi bəlaya qarşı dünyanın birgə mübarizəsinə nail oldu. 2020-ci ilin 3 dekabr tarixində Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirildi. Bu, II Dünya müharibəsindən sonra müasir dövrümüzün ən böyük qlobal təhdidi hesab olunan Covid-19 pandemiyasına qarşı dünya miqyasında mübarizənin təmin edilməsi məhz Azərbaycan Prezidentinin təşəbbüsü sayəsində mümkün oldu. Xüsusi sessiyada 40-dan çox ölkə Prezident, 40-dan çox ölkə Baş nazir səviyyəsində iştirak edirdi.

Bütün bu addımlar Azərbaycanı qlobal səviyyədə həlledici təşəbbüslərin müəllifi olan ölkə kimi önə çıxmasına səbəb olur və bu, strategiya ilk növbədə ölkəmizin siyasi nüfuzunu gücləndirir, eyni zamanda, post-pandemiya dövrününün əsas aktorlarından birinə çevirir. Bu strategiya əsasında pandemiyaya qarşı mübarizə məqsədilə Azərbaycanın 30-dan çox ölkəyə dəstək verməsi təsadüfi deyil.

Humanitar dəstək “yumşaq güc” strategiyasında önəmli faktordur, çünki bu addım dəstək verilən ölkələrin siyasi çevrələri ilə yanaşı, həmin ölkənin xalqının rəğbətini qazanmaqla nəticələnir. Bu baxımdan, Azərbaycanın humanitar yardımları ölkəmizə böyük siyasi dividentlər gətirir:

- Azərbaycan dövləti bəşəriyyətin bəlasına çevrilən bu bəladan təkcə öz vətəndaşını deyil, həm də ehtiyacı olan digər ölkələrin vətəndaşını da qorumaq istiqamətində adımlar atır və bu, ölkəmizin beynəlxalq səviyyədə humanist imicini gücləndirir;
- Bu addım humanitar dəstək verilən ölkələrin siyasi rəhbərliyi ilə yanaşı, sadə insanlarının da ürəklərinin fəth edilməsinə səbəb olur və bu, Azərbaycanın nüfuzunun böyük coğrafiyada yayılması ilə nəticələnir;
- Bu kontekstdə Prezident İlham Əliyevin bir fikri diqqət çəkir: Azərbaycan ancaq əməkdaşlıq, xeyirxahlıq, yardım və dəstək hesabına daha çox dost qazandı; Azərbaycan heç vaxt hansısa bir ölkənin çətin vəziyyətindən istifadə edib özü üçün nəyisə əldə etməyə çalışmayıb;

Bu amil böyük coğrafiyada sevgi qazanmağın başlıca şərtidir: təmənnasız dəstəyin qarşılığı həmişə olur, çünki tarix boyu xalqlar ən çətin günlərində ona dəstək verənləri heç vaxt unutmur.

Bütün platformalarda pandemiya problemini beynəlxalq müzakirəyə çıxan Prezident İlham Əliyevin irəli sürdüyü əsas prinsip belədir: bütün ölkələrin dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışı.

Pandemiyaya qarşı qlobal birliyin yaradılmasına nail olan Azərbaycan liderinin əsas istəyi də məhz varlı və kasıb olmasından asılı olmayaraq, bütün ölkələrin, vaksin əldə edə bilməsidir. Prezident İlham Əliyev bu məsələ BMT Baş Assambleyasında çıxışında da toxunmuşdu.

Lakin dünyada baş verənlər humanizm prinsipinin unudulduğunu, zəngin ölkələrin kasıb ölkələrə qarşı eqoist yanaşmasının, vaksinasiyada qeyri-bərabər bölgünün olduğu müşahidə olunur.

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına son müsahibəsində bu məsələ haqda bildirdi ki, bu ədalətsizlikdir: “Bu sahədə hətta müttəfiqlər arasındakı münasibətlərdə olan ziddiyyətlərdir... Böyük Britaniya bu vaxta qədər Avropa İttifaqının üzvü idi və Avropa İttifaqı ölkələrini Böyük Britaniya ilə çoxəsrlik tellər bağlayır. Eyni zamanda, bu ölkələr NATO-nun üzvləridir və onların arasında belə qalmaqal, əlbəttə ki, bir çox suallar doğurur. Biz bunu açıq mətbuatdan görürük. Misal üçün, mən bu yaxınlarda görmüşəm ki, Avropa İttifaqı nümayəndələri Böyük Britaniyanı ittiham edirlər ki, onların istehsal etdikləri vaksinin qeyri-ədalətli bölünməsi ilə bağlı çox ciddi proseslər gedir. Hətta mən o rəqəmləri də xatırlayıram. Bildirilmişdir ki, Böyük Britaniya vətəndaşlarının 13 faizi artıq peyvəndi alıb, Avropa İttifaqı vətəndaşları isə 2 faiz. Əgər belə gedərsə, Böyük Britaniya əhalinin 75 faizini iyul ayına qədər vaksinlə təmin edəcək, Avropa İttifaqı isə oktyabr ayına qədər. Yəni, bu, çox düşündürücü açıqlamalardır. Hətta ondan sonra biz gördük ki, bəzi embarqolar da qoyuldu. Bildiyiniz kimi, bəzi istehsal sahələri Avropada təşkil olunub. Ona görə belə bir qalmaqal yarandı. Əlbəttə ki, biz gərək buna diqqətlə nəzər salaq. Əgər inkişaf etmiş ölkələr bu vaksinləri öz aralarında ədalətli bölə bilmirlərsə və qarşılıqlı ittihamlar irəli sürürlərsə, onda başqa ölkələr nə fikirləşməlidir? Kasıb ölkələr, inkişafda olan ölkələrin vətəndaşları, bəs onlara kim kömək göstərəcək? Bu haqda düşünülmür? Mən inkişaf etmiş bir çox ölkələrin liderlərindən bu günə qədər bu çağırışları eşitməmişəm”.

Vaksinlərin alınmasındakı qeyri-bərabərlik də bunu təsdiqləyir: dünya əhalisinin 14 faizini təşkil edən inkişaf etmiş ölkələr dünya vaksinlərinin 53 faizini sifariş edib; “Moderna” və “Pfizar” vaksinlərinin 96-98 faizini zəngin ölkələr sifariş edib; 38 milyonluq Kanada 154 milyon əhali üçün vaksinlər sifariş edib və s.

Bloomberg agentliyinin məlumatına görə, hazırda Kanada əhalisinin 400 faizi, Böyük Britaniya əhalisinin 295 faizi, Avstraliya isə əhalisinin 269 faizi üçün vaksin ehtiyatı alıb. Hərçənd, buna ehtiyac yoxdur. Zəngin ölkələrin bu addımı kasıb ölkələr üzərində yeni hegemoniya qazanmaq üçün məhz vaksindən rıçaq olaraq istifadə etmək planıdır.

Prezident İlham Əliyev bunu “neomüstəmləkəçilik dövrü” olaraq qiymətəndirib.

“Bu, sadəcə olaraq, bu xəstəliklə bağlı olan məsələ deyil. Bunun çox dərin kökləri var və bu, təsadüfi deyil. Çünki bu dərin köklər bizi müstəmləkəçilik dövrünə aparır. Amma elə bil ki, biz neomüstəmləkəçilik dövrünü qeyri-rəsmi müşahidə edirik, yaxud da ki, elan edilməmiş müstəmləkəçilik, bunun başqa adı yoxdur. Belə olan halda bu ölkələrin mənəvi haqqı varmı kiməsə nəsə desin, kimisə nədəsə ittiham etsin? Bu, eqoizmdir, vicdansızlıqdır. Azərbaycan - Qoşulmama Hərəkatına sədrlik edən ölkə burada səssiz qalmır və qalmayacaq. Bu gün mən bu imkandan istifadə edərək Qoşulmama Hərəkatının üzvlərinə də çağırış edirəm ki, onlar da bizim səsimizə qoşulsunlar və biz bu məsələni beynəlxalq kürsülərdə, BMT kürsüsündə qaldırmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatına müraciət etməliyik, şirkətlərə müraciət etməliyik, zəngin ölkələrə müraciət etməliyik ki, bu ölkələr bu praktikadan əl çəksinlər. Bu, ədalətsizlikdir. Buna göz yummaq olmaz. Bunun üstünü örtmək olmaz. Bu barədə Azərbaycan BMT-dən sonra ikinci böyük təsisatın lideri kimi, öz sözünü bundan sonra da deyəcək”.

Azərbaycan lideri pandemiyaya qarşı mübarizədə olduğu kimi, vaksinasiya məsələsində də humanizm prinsipinə əsaslanaraq, bəşəriyyətin xilası üçün hərəkətə keçir.

Asif Nərimanlı