“Trampın Rusiya siyasəti Londonda narazılıq doğurur” - Elçin Xalidbəyli

“Hazırda Böyük Britaniya və ABŞ arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyədədir. Bununla yanaşı, bəzi ziddiyyətlər və maraq toqquşmaları mövcuddur. Ümumilikdə isə bu iki dövlət arasında strateji müttəfiqlik inkişaf etməkdədir. ABŞ və Böyük Britaniya arasında 350 milyard dollara yaxın qarşılıqlı sərmayə anlaşmasının əldə olunması bu iki dövlətin münasibətlərinin artıq daha yüksək səviyyəyə çatdığını göstərir. ABŞ-ın İsraildən sonra ən yaxın müttəfiqi Böyük Britaniyadır və bu, qlobal səviyyədə ortaq maraqlar üzərindən fəaliyyət göstərmələrini təmin edir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyaya səfəri Londonda geniş etiraz aksiyaları ilə qarşılanıb. London meri Sadiq Xan nümayişçilərə açıq dəstək verib. “The Guardian” nəşrinin məlumatına görə, bu etirazlar baş nazir Keir Starmer üçün siyasi risklər yaradıb. Artıq onun mövqeyi zəifləyib — buna misal olaraq müavini Ancela Reynerin istefası və Böyük Britaniyanın ABŞ-dakı səfiri Piter Mandelsonun ölkəni tərk etməsi göstərilə bilər.

Siyasi şərhçi bildirib ki, eyni zamanda, Böyük Britaniyada Trump administrasiyasına qarşı ciddi etiraz dalğası mövcuddur.

“Hazırda bütün Avropa ölkələrində olduğu kimi, Böyük Britaniyada da Trump administrasiyasının siyasətinə etirazlar mövcuddur. Etirazların bir səbəbi ABŞ-ın Yaxın Şərq üzrə siyasi kursudur; xüsusilə İsraili bir tərəfli şəkildə dəstəkləməsi regionda fəlakətli situasiya yaradır. İsrailin Yaxın Şərqdəki fəaliyyətinə etiraz edən avropalı təbəqələr Trump administrasiyasına da etiraz edirlər. Bu etirazlar Trumpın Londona səfərində özünü göstərir. Digər tərəfdən, Trump administrasiyasının Ukrayna siyasəti Avropada ciddi narazılıqlar doğurur. Xüsusilə Prezident Trumpın Rusiya lideri Vladimir Putinə qarşı nümayiş etdirdiyi rəğbət Avropada ciddi qıcıq yaradır. Böyük Britaniya həm dövlət, həm də əhali səviyyəsində Rusiyaya qarşı mövqeyi nəzərə alaraq hesab edir ki, Prezident Trumpın Rusiyaya yönəlik daha tolerant, Ukraynaya isə sərt yanaşması səhvdir. Bu səbəbdən Böyük Britaniyada Prezident Trumpın Londona səfərinə kəskin etirazlar səslənir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az