Adnan Əhmədzadənin “kino şəbəkəsi”: Gözlər Zaur Darabzadəyə çevrildi - ARAŞDIRMA

SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə həbs olunub.

Nüfuzlu APA xəbər agentliyinin yaydığı xəbərə görə, Səbail rayon məhkəməsində Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Yayılan məlumatlara görə, Adnan Əhmədzadə “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunur. Bu, Azərbaycanın neft sənayesinin nüfuzuna və bazarın şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.

Sayt yazır ki, hökumət bu kimi əməllərə yol vermiş A.Əhmədzadənin həbsi ilə yanaşı, Azərbaycaın beynəlxalq mövqeyini zəiflədə biləcək korrupsiya və fərdi sui-istifadə hallarına qarşı mübarizəni gücləndirmək niyyətindədir. Hadisə həm də Azərbaycanın enerji sektorunda aparılan təmizlənmə və şəffaflıq kampaniyasının bir hissəsi kimi təqdim olunur.

Mətbuatda onun həm də "CineMastercard" kinoteatrlar şəbəkəsinin həmtəsisçisi olması barədə məlumat yayılıb.

MƏNBƏ: https://ucnoqta.az/news/210336/cinemastercard-da-joker-iki-neferlik-delilik-filminin-premyeradan-once-numayisi-kecirilib-video

"CineMastercard" kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadədir.

Ötən ilin okytabrında "28 Mall" ticarət mərkəzində yerləşən "CineMastercard" premium kinoteatrında keçirilən tədbirdə həm Adnan Əhmədzadə, həm də Zaur Darabzadə birgə iştirak ediblər.

Media 2024-cü ildə xəbər yayıb ki, Zaur Darabzadə parlament seçkilərində iştirak etmək istəyib və bu zaman Adnan Əhmədzadənin dəstəyinə güvənib. Lakin onun seçkilərdə iştirak etmək niyyəti reallaşmayıb.

Mənbə: https://bakunews.az/gundem/15076-zaur-darabzadeye-niye-qrmz-kart-gosterildi-lgnc.html

Lakin siyasət cameəsi yaxşı xatırlayır ki, Zaur Darabzadə 2020-ci ildəki parlament seçkilərində 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizəd olmağı bacarmışdı. Həmin dövrdə onun Azərbaycanda ali təhsil almadığı da üzə çıxmışdı. O, öz bioqrafiyasında Ukraynanın Personalın İdarə Olunması üzrə Regionlararası Akademiyasında bakalavr pilləsindən məzun olduğunu göstərirdi. Bu Akademiyanın isə ən nəzərə çarpan cəhəti odur ki, rəsmi məlumatlara görə, onun verdiyi diplomların tən yarısı Azərbaycanın Elm və Təhsil Nazirliyi tərəfindən tanınmır.

LİNK: https://www.tkta.edu.az/p/en-cox-imtina-alan-universitetlerin-siyahisi

Eyni zamanda 2020-ci ildə kifayət qədər bahalı seçki kampaniyası aparması ilə fərqləndiyi barədə iddiaların mərkəzindəki Darabzadənin Adnan Əhmədzadə ilə yaxın münasibətləri də diqqətdən qaçmamışdı. Daha sonra Darabzadə seçki kampaniyasına xərclədiyi pulların məbləğinin “o qədər də böyük olmadığını” söyləmişdi.

Lakin bir müddət sonra- 2022-ci ildə Zaur Darabzadə “Caspian Energy Georgia”nın İdarə Heyətinin sədri vəzifəsinə təyin olundu. Bu vaxta qədər enerji sektorunda işləməyən bir şəxsin onun üçün tam yeni sahəyə transferi ilə bağlı çoxlarında “əcəba, bu postu tutmasında Adnan Əhmədzadənin rolu varmı” sualı yarandı. Lakin tərəflər bu barədə hər hansı açıqlama vermədilər və sual ictimaiyyət üçün açıq qaldı. Üstəlik, o da diqqət çəkir ki, Darabzadənin həmin vəzifədən uzaqlaşdırılması barədə mediada konkret məlumat yayılmasa da, onun adı hazırda qurumun rəsmi səhifəsindəki səlahiyyətlilər arasında yoxdur. Son məlumata görə, o, Molla Nəsrəddin barədə çəkilən bir filmə prodüserlik edir.

Zeynal ABDİN