“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası davam edir - Yeni ünvanlar

5 bina üzrə göstərilən qeydiyyat xidmətləri ümumilikdə 764 mənzili əhatə edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi səyyar qeydiyyat kampaniyalarını davam etdirir. Mənzillərin qeydiyyata alınmasını daha da intensivləşdirmək, eləcə də əhaliyə xidmətləri daha yaxın etmək məqsədilə səyyar aksiyalar davamlı olaraq vətəndaş ünvanlarında təşkil edilir.

İstismarına icazə verilmiş binalardakı mənzillərin qeydiyyatı üzrə hər həftə təşkil edilən kampaniya 21-25 oktyabr tarixlərində Nəsimi, Nərimanov və Binəqədi rayonlarında keçiriləcək. 5 bina üzrə göstərilən qeydiyyat xidmətləri ümumilikdə 764 mənzili əhatə edəcək.

Oktyabrın 21-i Nəsimi rayonu üzrə C.Səlimov küçəsi, 3004-cü məhəllədəki 16 mərtəbəli, 320 mənzilli binada başlayan kampaniya, 22 oktyabr tarixində 997 saylı məhəllə, Abbas Səhhət küçəsi, ev 25 ünvanındakı 12 mərtəbəli, 134 mənzilli binada davam edəcək. Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi 2 ünvanında 11 mərtəbəli, 86 mənzilli binanın sakinlərinə səyyar xidmətlər 23 oktyabr tarixində göstəriləcək. Kampaniya 24 oktyabr tarixində 6-cı mikrorayon, M.Kazımovski 82 ünvanında 12 mərtəbəli, 96 mənzilli binada, 25-i isə Nəsimi rayonu, Mərdanov qardaşları 59, 410-cu məhəllədəki 17 mərtəbəli, 128 mənzilli yaşayış binasında davam edəcək.

Mənzillərini dövlət qeydiyyatına almaq istəyən vətəndaşlar göstərilən tarixlərdə, saat 09:00-dan 17:00-dək ilkin sənədlər ilə birgə müvafiq ünvanlardakı səyyar ofislərə yaxınlaşa bilər.

AzNews.az