Azərbaycanlı iş adamı qızıl medala layiq görüldü

Xəzərin Azərbaycan sektorunda həyata keçirilən "Khazar Islands" (dənizdə şəhər) layihəsinin icraçısı olan "Avesta" Konserninin prezidenti Hacı İbrahim İbrahimov mərkəzi Brüsseldə yerləşən Ticarət, Kommersiya və Sənaye üzrə Avropa İqtisadi Palatası (European Economic Chamber of Trade, Commerce and Industry) tərəfindən "İlin iş adamı" elan edilib.

İbrahimovun özünün AzNews.az-a verdiyi məlumata görə, o bu mükafata İstanbulda keçirilən Avropa-Asiya biznes forumunda, dünyanın ən böyük layihələrindən birini həyata keçirdiyi üçün qızıl medala layiq görülüb. Forumda iştirakı zamanı azərbaycanlı iş adamı Türkiyənin TGRT telekanalında canlı yayımda çıxış edərək Azərbaycanda baş verən yeniliklər, həyata keçirilən layihələr, o cümlədən regionun ən böyük layihələrindən biri olan "Khazar Islands" barədə məlumat verib.

Vasif Həsənli
AzNews.az