Fikrət Yusifov Fikrət Yusifov

Avropa Oyunları ətrafında qurulmuş siyasi oyunlar

Fikrət Yusifov


Avropa oyunlarının xərclərini saymaq böyük qəhrəmanlıq deyil, onun dividentlərini da saymağı öyrənmək lazımdı... Yaxud, hesabı bilməyənlərə və ya onu öyrənmək istəməyənlərə HESAB DƏRSİ

I Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətini nə qədər yazıb izah etsək də bəzi iqtisadi yazarlar öz xislətlərindən əl çəkmək istəyində deyillər. Konkret olaraq söhbət Qubad İbadöğlunun bu günlərdə mətbuatda dərc edilmiş "İlk Avropa oyunları neçəyə başa gələcək" başlıqlı yazısından gedir. O, birinci dəfə deyil ki, özünün bu cürə ciddi "təhlilləri" ilə cəmiyyəti aldatmağa cəhd edir. Biz bir təşkilat olaraq son aylarda onun cəmiyyəti aldatmağa, insanlar arasında çaşqınlıq yaratmağa hesablanmış təhlillərinin heç bir ciddi iqtisadi araşdırmalara söykənmədiyini dəfələrlə üzə çıxararaq ortaya real rəqəmlər qoymuşuq. Onun idxal-ixrac əməliyyatları ilə bağlı çıxışlarında Gömrük Komitəsinin rəsmi rəqəmlərini təhrif edərək idxalın həcmini qəsdən azaltması, manatın məzənnəsinin kəskin devalvasiyaya heç bir ehtiyacı olmadığı halda "qiyamət qopacaq" deyərək banklarda və valyutadəyişmə məntəqələrində ajiotajın yaranmasına rəvac verməsi ilə bağlı çıxışları da iqtisadi yanaşmadan uzaq siyasi şivənçilik idi.

***

Aydındır ki, Qubad İbadoğlu siyasətlə məşğuldur və çıxışları da bütün hallarda onun siyasi ambisiyalarına söykənir. Bu səbəbdən də onun iqtisadi təhlil adı altında sırımaq istədiyi və əslində bilavasitə siyasi maraqlara xidmət edən yazılarına kimsə ciddi önəm verməməlidir.

Qubad İbadoğlu Azərbaycanı bütün dünyada təbliğ edəcək I Avropa oyunlarının ölkəmizə verə biləcəyi xeyri yalnız 600 min biletin satışından əldə olunacaq gəlirdə görür və bu gəliri də heç kəsə aydın olmayan bir üsulla 30 milyon manat həddində müəyyən edir. Əslində bu məbləği hesablamaq üçün əldə yarışlara satılacaq biletlər barəsində tam informasiya olmalıdır. O yazısında Oyunların açılış və bağlanış mərasimləri üçün ən bahalı biletlərin 100-200 manat olduğunu göstərir. Sual edirəm: Qubad İbadöğlu bilirmi ki, həmən mərasimlərə satılacaq ən bahalı biletlərin sayı nə qədər olacaq? Xeyir bilmir! Bəs belə vacib göstərici barəsində məlumatı olmaya olmaya bilet satışından əldə olunacaq 30 milyon manatı necə hesablayıb?

Bir müddət öncə mətbuatda çıxış edərək Avropa Oyunlarının hazırlanmasına Azərbaycan hökumətinin 8 milyard manat xərcləyəcəyini deyənlər sonra bu rəqəmi 4 milyarda, indi isə 3,5 milyard manata qədər aşağı salıblar. Deyəsən bu adamlar milyardlarla ölçülən fərqə adi hal kimi baxırlar. Bu gedişlə çox güman ki, oyunlar başlayana qədər onlar bu xərcləri bir neçə milyard manat da azaltmalı olacaqlar... Bu adamlar üçün rəqəmləri təhrif etmək artıq vərdişə çevrilib. Onlar uzun illərdi ki bu yolla Azərbaycan cəmiyyətini aldatmaqla məşğuldurlar. Həmin yalanları isə heç kim təkzib etmədiyindən bu ziyanlı vərdiş xroniki hal alıb.

***

Hesab edirik ki, Qubad İbadoğlu və ümumiyyətlə öz təhlilləri ilə mətbuat səhifələrində çıxış edən hər bir kəs cəmiyyətə ötürdükləri informasiyaların məsuliyyətini dərk etməlidir. Belələrinin cəmiyyətə ötürdüyü yalan informasiyalar bəzən dövlətə, dövlətimizin iqtisadi – maliyyə əsaslarına çox ciddi zərbələr vurur. Əslində qanun bu vəziyyəti yaradanların, öz çağrışları ilə onu stimullaşdıranların məsuliyyətini ortaya qoymalıdır...

Sonda hesab bilməyənlərə və yaddaşı zəif olanlara Birinci Avropa oyunlarının Azərbaycana verəcəyi birbaşa dividentlər barəsində bəzi xatırlatmalar vermək istərdik.

***

I Avropa oyunlarından Azərbaycanın qazancını yalnız bilet satışında görənlər unutmasınlar ki, bilet satışından əlavə oyunların 100-dən artıq ölkəyə yayımlanmasından, yarışlar zamanı efirə veriləcək reklamlardan kifayət qədər vəsait əldə ediləcək. Hələ biz ölkəyə gələcək və yarışları burada izləyəcək turistlərin xərcləyəcəyi vəsaitləri demirik. Turistlər isə artıq indidən Bakı küçələrində gözə dəyirlər.
I Avropa Oyunlarından ölkəmizin əldə edəcəyi dolayı dividentlərə gəldikdə, burada birinci növbədə iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevrilmiş Azərbaycanın bütün dünyada təbliğ olunacagını qeyd etməliyik. Yarışlar dünyanın 100-dən artıq ölkəsinə yayımlanacaq və onları bir milyarda qədər insan izləyə biləcək. Unutmayaq ki, dünyanın aparıcı kompaniyaları hər il adi məhsulların reklamına bizim dövlətin bu yarışların keçirilməsinə sərf etdiyi vəsaitlərdən 6-7 dəfə çox vəsait sərf edirlər. Bu oyunlar Azərbaycan həqiqətlərini bütün dünyaya yayacaq ki, bu da ölkəmizə yeni-yeni investisiyalar və turist axınını stimullaşdıracaq.
Onu da nəzərdən qaçırmaq olmaz ki, I Avropa Oyunlarında 2012-ci ilin London Olimpiadasında iştirak edən idmançıların 2/3-si qədər, 2014-cü ilin Soçi olimpiadasında iştirak edən idmançılardan 2 dəfə çox idmançı iştirak edəcək. Təkcə bu fakt Bakı 2015-in miqyası barədə aydın təsəvvürlər yaratmırmı?..

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov