Bakı buxtasından batmış gəmilər çıxarılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi bu ilin 9 ayı ərzində Xəzər dənizinin Azərbaycan sektorunun sahil zolağında, çimərlik ərazilərində, eləcə də, dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və təyin edilmiş koordinatlar üzrə açıq dənizdə 1019 ekoloji monitorinq keçirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, monitorinq zamanı 2793 su, 3 qazma məhlulu, 6 şlam nümunəsi götürülmüş, onlar üzərində 11719 analitik, 11832 bioloji və ekotoksikoloji, 7780 mikrobioloji olmaqla, ümumilikdə 31331 tədqiqat aparılıb. Xəzər dənizi ilə əlaqəsi olan 256 axar qeydə alınıb və bu axarlardan götürülmüş nümunələr üzərində mütəmadi olaraq müvafiq təhlillər aparılıb.

Bu müddət ərzində hidrotexniki qurğuların, istismara yararsız estakadaların sökülərək sahilə daşınıb. Bakı buxtasından batmış və yarımbatmış gəmilər çıxarılıb, buxta ərazisində atılmış köhnə neft quyuları birdəfəlik ləğv edilıb.

9 ay ərzində Kür və Araz çayları boyu yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan tələbatının ödənilməsi məqsədilə Respublikanın rayonlarında quraşdırılmış sutəmizləyici qurğulardan su nümunələri götürülərək, onlar üzərində analitik və mikrobioloji təhlillər aparılıb.

Aparılan laborator analizlərə əsasən modul tipli çirkab sutəmizləyici qurğular quraşdırılmış ərazilərdə mikrobioloji baxımdan dənizdə bağırsaq çöpü bakteriyalarının miqdarının norma daxilində olduğu müəyyən edilmişdir. Çimərlik ərazilərində keçirilmiş birgə monitorinqlərin nəticələrinə görə Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil və Sumqayıt çimərlikləri istisna olmaqla digər çimərlik ərazilər istifadəyə yararlı olub.

Elnarə Əlosmanqızı
AzNews.az