Bakıda "XXX" soyadlı kişini öldürənlərdən biri nəvəsi imiş (Yenilənib 2)

Fevralın 14-də Sabunçu rayonu ərazisində, Albalılıq bağ sahəsində 76 yaşlı Həmid Məmmədrəsul oğlunun qətlə yetirilməsi ilə bağlı maraqlı fakt üzə çıxıb.


Hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, əvvəllər neftçi işləmiş H.Məmmədrəsul oğlunu qətlə yetirmiş dəstə üzvləri arasında onun nəvəsi də olub. Cinayətin iştirakçısı olan digər 2 nəfər isə H.Məmmədrəsul oğlunun qonşularıdır.

Onlar cinayəti tamah məqsədi ilə törədiblər. Cinayəti törədəndən sonra isə H.Məmmədrəsul oğlunun 2 min manata yaxın pulunu öz aralarında bölüşdürüblər.

Artıq cinayəti törədənlərdən ikisi saxlanılaraq istintaqa təhvil verilib.

Bildirilir ki, H.Məmmədrəsul oğlu şəhərdə yaşayırmış və arabir bağ evinə gedirmiş. Məlum qətl də həmin vaxta planlaşdırılıb. Təqaüdçü olan H.Məmmədrəsul oğlunun şəxsiyyət vəsiqəsində onun soyadı göstərilməyib, əvəzinə isə "XXX" qeyd edilib.

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Lent.az
***
12:07
15.02.2016
Dünən Sabunçu rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

76 yaşlı Həmid Məmmədrəsul oğlu Maştağa qəsəbəsi yaxınlığındakı Albalılıq bağ massivindəki evində öldürülüb. Bildirilir ki, naməlum şəxs və ya şəxslər 76 yaşlı kişini sifət nahiyəsindən güclü zərbə endirərək öldürüblər.

Bildirilir ki, H.Məmmədrəsul oğlu keçmiş neftçidir və şəhərdə yaşayır. O, arabir bağ evinə gedirmiş və məlum qətl də həmin vaxta təsadüf edib.

Maraqlıdır ki, təqaüdçü olan H.Məmmədrəsul oğlunun şəxsiyyət vəsiqəsində onun soyadı göstərilməyib, əvəzinə isə "XXX" qeyd edilib.

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarıç tədbirləri davam etdirilir.

Lent.az

***
11:31
15.02.2016
Azərbaycan paytaxtında qətl törədilib.

Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1940-cı il təvəllüdlü Həmid Məmmədrəsuloğlunun üzərində xəsarətləri olan meyiti ona məxsus bağ evində aşkarlanıb.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istinqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. Faktla bağlı Sabunçu rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

APA.az