Qatilin Azərbaycan vətəndaşı olduğu müəyyənləşdi



Kiyevdə "Troyanşina" topdansatış bazarında azərbaycanlılarla gürcülər və ukraynalılar arasında baş verən kütləvi davanın səhəri günü meyiti tapılan 37 yaşlı Gəncə şəhər sakini İlham Hüseynovun qatili müəyyənləşib həbs olunub.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev APA-ya açıqlamasında bildirib ki, qatil milliyyətcə azərbaycanlı olan Saatlı rayon sakini Elxan Manafovdur və o, hazırda Kiyevin Desnyanski rayon milis idarəsində saxlanılır.

Diaspor rəhbəri qeyd edib ki, rayon milis idarəsindən verilən məlumata görə, bazarın qarşısında küçə həyatı yaşayan E.Manafov İ.Hüseynovu öldürdükdən sonra üzərindən 5 min qriven (təxminən 500 manat) pulunu da götürüb. O, milisə cinayəti etiraf edib.

Milisdən o da bildirilib ki, qətli tərədən E.Manafovun bir gün əvvəl İ.Hüseynovun da iştirakı ilə azərbaycanlılarla kütləvi dava edən gürcülərlə yaxınlığı var və qətli törətməyə onlar tərəfindən şirnikləndirildiyi istisna olunmur: "Qətldə digərlərinin də iştirakı güman edildiyi üçün axtarış davam etdirlir".

Qeyd edək ki, dekabrın 5-də Kiyevdə azərbaycanlılarla gürcülər və ukraynalılar arasında kütləvi dava baş verib və dekabrın 6-dan 7-nə keçən gecə davada iştirak edən azərbaycanlılardan İlham Hüseynovun baş nahiyəsi kərpiclə parçalanmış meyiti bazarın yaxınlığında tapılıb. Kütləvi davanın ticarət maraqları üstə baş verdiyi bildirilir.


AzNews.az