“Elə baxırdılar ki, sanki yadplanetli görürlər” - Ayşən Mehdiyeva

Azərbaycan Dövlət Televiziyasının solisti, IV Muğam Müsabiqəsinin iştirakşısı Ayşən Mehdiyevanın AzNews.az-a müsahibəsi

- “Muğam- IV” müsabiqəsindən xeyli vaxt keçib. Müəlliminiz Gülyaz Məmmədov ilə işbirliyiniz davam edirmi?

- “Muğam” müsabiqəsi başa çatandan sonra öz üzərimdə daha da mükkəməl işləməyə başladım. Bizi televiziyaya işə götürdülər. Orada Simfonik Orkestr və Xalq Çalğı Alətləri Ansambılı ilə gündəlik məşqlərimiz olur. Əsas işimiz yeni mahnılar yazmaqdır. Həmin mahnılar “Qızıl Fonda” yığılır. Bundan başqa fərdi mahnılar da yazdırırıq. Gülyaz xanım həmişə bu işlərdə yanımdadır, mənə çox köməklik edir. Nə qədər uğurlarım olsa belə yenə ustada ehtiyacım var. Müəllimim Gülyaz Məmmədova olmasına baxmayaraq, tanınan xanəndələri də dinləyirəm. Xalq artisti Mənsum İbrahimov, əməkdar müəllim Qəzənfər Abbasov kimi xanəndələrdən bəhrələnirəm.

- “Muğam” müsabiqəsi çəmiyyətə çox gözəl istedadlar təqdim edir. Dövlətin qayğısından bəhrələnən ifaçıların böyük əksəriyyəti müsabiqə başa çatandan sonra gözə dəymir?

- Tamamiyə doğrudur. Amma bu həmin ifaçıların özündən asılıdır. Dövlət bütün ifaçılara eyni şərait yaradıb, irəli getmək üçün şans yaradır. Müsabiqə başa çatandan sonra biz mütəmadi olaraq səsyazma studiyasına gedirdik. Ancaq orada müsabiqədə iştirak edən ifaçıların əksəriyyətini görmürdük. Halbuki onlar çox istedadlı ifaçılar idi. Həmin ifaçılarla qarşılaşanda “görünmürsünüz, niyə studiyaya gəlmirsiniz” deyə soruşanda cavab belə olur: “çağırmırlar”. Bu yanaşma yanlışdır, əslində onların özü studiyaya gəlib hər şeydən maraqlanmalıdır. Bu biz ifaçıların işidir. Bütün iştirakçıların 3 illik müqaviləsi olur. Hətta mən müqavilə bitsə də yenə studiyaya gedib- gəlirəm. Televiziya əməkdaşlarının gözünün önündə olursan və həmişə də tədbirlərə dəvət alıram.

- Müsabiqə iştirakçıları tanınan kimi daha çox qazanmaq həvəsinə düşürlər. Layihə başa çatan kimi onların səsi-sorağı toyxanalardan eşidilir. Buna münasibətiniz?

- Pul qazanan, özünü maliyyələşdirən insanları qınamıram. Çünki pula hər kəsin ehtiyacı var. Sənətə gələn insanlar iki qrupa bölünür. Birincisi pul qazananlar, ikincisi sənət fədailəri. Mən deyə bilmərəm ki, toya getmirəm və səsimdən pul qazanmıram. Yeni mahnılar yazdırmaq üçün mən pul qazanmalıyam. Yeni mahnı yazılmalı, bəstəkara, aranjemana pul verilməlidir. Tələb olunan maliyyə üçün biz mütləq toya getməliyik. Amma gəlin görək bu gün toyxanalarda hansı mahnılara təlabat var? Ara mahnılarına və meyxanaya. Biz İran aşıqları ilə birlikdə Heydər Əliyev Sarayında konsert verdik. Həmin konsertdə bir daha əmin oldum ki, Azərbaycan milli musiqisində nə istəsən etmək olar. Bayağı və meyxana mahnıları ilə pul qazananları qınamıram. Onlar ailəsini, sənətini və yaradıcılığını həmin maliyyə ilə qarşılayırlar.

- Dəvət aldığınız hər toya gedirsiniz?

- Yox. Eyni zamanda bütün toyu oxumağı da qəbul etmirəm. Bir saatdan artıq toylarda oxumuram. Repertuarımda xalq mahnıları və muğamlar olur. Toy sahibi istəyirsə məcburiyyətdən başqa mahnılar da ifa edirəm. Gözəl rəqslər, təsniflər var, yəni çalışırıq ki, oynayan, məclis sahibi narazı qalmasın. Toylarda muğamlara olan münasibət tamam dəyişib. Mən uşaqlıdan saz ifaçısı olmuşam. Doğulub böyüdüyüm bölgədə saz çala bilməyənə qəribə baxırlar. Sazı çiynimə asıb gedəndə metroda məni lağa qoyurdular. Eləcə də qavalı çiynimdə görəndə elə baxırdılar ki, sanki yadplanetli görürlər. Qəribə qarşılayırdlar, hətta söz də atırdılar. Pis olurdum. Bu üzdən dərsə gedəndə qaval götürmürdüm. Tək gedib-gəlirdim deyə onlara verməyə çavabım da olmurdu. Bu günsə toylarda yarım saat oxusan hamının diqqəti səndə olacaq. Çünki dövlətin özü də muğamı təbliğ edir. Bu gün gənclərin özü də muğamla maraqlanır.

- Deyirlər ki, muğam mərsiyyədir. Bu fikirə münasibətiniz?

- Qətiyyən razılaşmıram. Elə adamların ifasına qulaq asmaq lazımdır ki, muğamı daima sevəsən…

Bahar RÜSTƏMLİ
AzNews.az