- Köhnə - Mədəniyyət
- 7 Avqust 2018 15:52
- 7 403
Niderland mediası şəkililərin qonaqpərvərliyindən yazdı
Bu günlərdə Niderland mətbuatında, həmən ölkədə yaşayan soydaşımız, Niderland Jurnalistlər Birliyinin üzvü, Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatının sədri Vüqar Abbasovun Azərbaycandan, ölkəmizin turizm imkanlarından bəhs olunan yazısı çıxıb.
Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib. Yazı “Möcüzələr ölkəsi” adlanır. Yazıda qeyd olunub ki, Azərbaycanı dünyada çox vaxt neft ölkəsi kimi tanıyırlar, ancaq bu ölkəni həm də dünyada tanıınan şairlərinə, yazıçılarına, bəstəkarlaına və.s. görə də tanıyırlar və daha sonra müəllif Nizaminin, Füzulinin, Nəsiminin, Üzeyir Hacıbəyovun, Qara Qarayevin adlarını çəkib.
Son vaxtlarda Azərbaycana çoxsaylı turistlərin gəldiyini qeyd edən müəllif ölkəmizə gələn turistlərin marağını cəlb edən Yanar Dağdan söhbət açır, Qubaya, Qusara olan səfərlərindən bəhs edir. Yazının əsas hissəsində isə Azərbaycanımızın qədim yerlərindən biri olan Şəkidən bəhs olunur. Şəki Xan Sarayından geniş söhbət açan müəllif qeyd edib ki, saray 1797 – ci ildə inşa edilib və sarayın özəlliklərindən biri də budur ki, pəncərələrin hazırlanmasında mismardan, yapışdırıcıdan istifadə edilməyib. Şəkinin qədim küçələrindən bəhs edən soydaşımız şəkililərin çox yardımsevər, qonaqpərvər olduğundan da bəhs edərək qeyd edib ki, əgər sən küçədə kimdənsə bir ünvan soruşsan həmən şəxs səninlə bərabər axtardığın ünvana qədər sənə bələdçilik edə bilər. Şəkiyə gəlibdə Şəki paxlavasının dadına baxmamağın mümkünsüz olduğu yazıda xüsusi qeyd olunub. “Azərbaycan elə bir ölkədir ki, ora bir dəfə getdinsə yenə də getmək istəyəcəksən. Şəkini də bu sıraya daxil etmək olar, hər səfərində yeni bir şey görəcəksən” – deyə soydaşımız yazını bitirib.
Pərvanə Ağazadə
AzNews.az