Əkrəm Əylisli həmkarını duelə çağırdı

Xalq yazıçısı Mövlud Süleymanlı Kulis.az-a açıqlamasında yazıçı Əkrəm Əylislinin ondan qisas aldığını deyib: "Əkrəm Əylisli bir vaxtlar Rəsul Rzanı, Anarı indi məni təhqir edir. Onun əsərlərində xarakter yoxdur".

Əkrəm Əylisi isə AzNews.az-a açıqlamasında Mövlud Süleymanlını duelə səslədi: "Mən onu duelə səsləyirəm. Əgər o, mənimlə görüşmək istəyirsə buyursun. Gəlsin, söhbət edək. Mən ona haqsız olduğunu isbatlayım. Mən olanı demişəm. Demişəm ki, Mövlud 4 dəfə dəyişən sədrin hər birinin yanında işləyən adamdı. Rəsul Rza və Anarla bizim münasibətlərimiz olanda Mövlud Allah bilir hardaydı. Mən axı nəyi düz deməmişəm? Mən Rəsul Rzanın haqqında heç vaxt nəsə deməmişəm. Onun bir misrası var -" mübarizə bu gün də var yarın da". Burada söhbət 30-cu illərdə sovet hökuməti ilə barışmayanlara qarşı olan mübarizədən gedir. Onu çox şişirtmək lazım deyil. Əgər başqa bir fakt varsa, çıxarsın üzə. Qaldı ki, Anara, biz onunla hamının gözü qarşısında danışmışıq".

Ə.Əylisli həmkarının tənqidə dözümsüzlüyündən söz açdı: " "Əsərlərində xarakter yoxdur" nədir? Bu boş sözdür. Mənim əsərlərim xarakterlərlə doludur. Bunu hamı bilir. Mövlud zərbəyə-zada tabe olan adam deyil. O, bir az çaşıb. Bir balaca tənqid olunub, bilməyib ki, nə etsin".

Bahar Rüstəmli
AzNews.az