Son 3 ildə Azərbaycanda sosial ödənişlər 60%-dən çox artıb

Bu barədə İİTKM-dən məlumat yayıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat icmalı” jurnalının növbəti buraxılışı “Azərbaycan iqtisadiyyatının post-konflikt dövrü: Çağırışlar və uğurlar” mövzusunda olub.

AzNews.az-ın məlumatına görə, “İslahat icmalı”nda qeyd edilib ki, bu ilin I yarısında Azərbaycanda qeyri-neft sektorunda 5,1%-lik artım qeydə alınıb. Halbuki bu il Beynəlxalq Valyuta Fondu (IMF) Avropanın inkişaf etməkdə olan ölkələrində 4,4 %, Latın Amerikası və Karib ölkələrində 4,6 faiz, Yaxın Şərq və Mərkəzi Asiyada 3,7 % və Sub-Sahara Afrikada 3,4 % iqtisadi artım proqnozlaşdırır. Beləliklə, Azərbaycanın qeyri-neft sektorunun bu ilin ilk altı ayındakı artım tempi sadalanan ölkə qrupları üzrə 2021-ci ildə iqtisadi artım proqnozlarını üstələyir. Dövlət idarəetmə islahatları, o cümlədən, vergi-gömrük inzibatçılığının təkmilləşməsi, şəffaflaşdırma və kölgə iqtisadiyyatı ilə mübarizə nəticəsində dövlət büdcəsinin gəlirləri artır. Dövlət idarəetmə islahatlarının aparılması, dövlət müəssisələrində korporativ idarəetmənin genişləndirilməsi, vergi-gömrük administrasiyasının təkmilləşdirilməsi, fiskal institutların islahatı, büdcə vəsaitlərindən səmərəli və şəffaf istifadənin artırılması, elektron hökümətin əhatə dairəsinin genişləndirilməsi, ASAN, DOST, Azexport kimi platformaların gücləndirilməsi nəticə etibarı ilə şəffaflıq, hesabatlılıq və səmərəliliyin daha da yüksəldilməsinə xidmət edir.

“İslahat icmalı”nda həmçinin qeyd edilib ki, son 3 ildə Azərbaycanda sosial ödənişlər 60%-dən çox artıb, o cümlədən minimum pensiya 82%, orta pensiya 60%, orta müavinat 100%z və ünvanlı sosial yardım 72% artıb. Hazırda yaşayış minimumu 196 manat olduğu halda, orta pensiya 360 manat və minimal əmək haqqı 250 manat təşkil etməklə yaşayış minimumunu üstələyir.