AXCP hazırda yalnız virtual aləm üzərindən fəaliyyət göstərən bir partiya təsiri bağışlayır AXCP hazırda yalnız virtual aləm üzərindən fəaliyyət göstərən bir partiya təsiri bağışlayır

Əli Kərimlinin yanında Elçibəy funksionerlərindən bircə nəfər də qalmayıb - 4 əsas səbəb…

AXCP hazırda yalnız virtual aləm üzərindən fəaliyyət göstərən bir partiya təsiri bağışlayır

Hazırda hakimiyyətə qarşı sərt radikal mövqedə dayanan Əli Kərimlinin rəhbərlik etdiyi partiyada, demək olar ki, tanınmış siyasilərdən kimsə qalmayıb. 2005-ci ildəki parlament seçkilərindən sonra AXCP-də start götürən yarpaq tökümü prosesi elə həyata keçib ki, Elçibəy dövründə hərəkatdan partiyaya gəlmiş bir sıra tanınmış şəxslərin hamısı onu tərk edib.

AXCP hazırda yalnız virtual aləm üzərindən fəaliyyət göstərən bir partiya təsiri bağışlayır. Siyasi prosesləri düzgün qavramayan bəzi gənclərin partiya sıralarına cəlbi prosesi baş verib. Onların da çoxundan virtual aləmdə partiyanın maraqları üçün amansızcasına istifadə edilir. Bəllidir ki, hakimiyyətə iddialı olan partiyanın siyasi vitrini çox cəlbedici olmalıdır. Yəni partiya yalnız sədrin kimliyi ilə kifayətlənməməlidir. Hazırda Ə.Kərimlinin ətrafında Elçibəy dövrünün heç bir funksionerinin olmaması bir sıra mülahizələrə və rəylərə yol açmış olur. Əli Kərimlinin tək qalması müxtəlif amillərlə izah edilir. Bildirilir ki, bunun başlıca səbəbləri onun şəxsi keyfiyyətləri ilə bağlıdır. Klassik funksionerlərin Ə.Kərimlini tərk etməsinin digər səbəbini isə onun yürütdüyü siyasi kursun ambisiozluğu, tərəfdarları və müttəfiqlərinə münasibətdə qeyri-səmimi olması ilə əlaqələndirənlər də az deyil. Partiyanın bu xüsusda düçar olduğu uğursuzluğun başqa bir səbəbini isə Ə.Kərimlinin müttəfiqləri ilə münasibətlərini ardıcıl davam etdirməməsidir. Elçibəy dövrünün funksionerlərini Ə.Kərimlidən uzaqlaşdıran bu səbəbləri əsaslı saymaq olarmı?

Fərəc Quliyev: “Onlar Elçibəyin qoyduğu irsi qorumurlar, öz təşkilatlarının indiki və keçmiş üzvlərinə olan münasibət ortadadır”

Milli Azadlıq Hərəkatında Əbülfəz Elçibəyin yaxın silahdaşlarından olmuş, millət vəkili Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sadalanan 4 faktor hələ azdır: “Mən bunu daha detallı şəkildə izah etməyə çalışacağam. Əvvəla onu qeyd edim ki, mən AXC-də təmsil olunmuşam. Yəni hərəkat partiyalaşandan sonra orada təmsilçiliyim olmayıb. İkincisi, mən AXC hakimiyyəti dönəmində heç bir rəhbər postda təmsil olunmamışam. Azərbaycan Xalq Cəbhəsində “Yurd” və Müsavatın təşkilatı vardı. Mən icra komitəsinin sədri olanda Müsavat firqəsini binadan çıxarmışam. İzahını da verdim ki, bir partiyanın içərisində ikinci təşkilat ola bilməz. Belədirsə, onda anlamı Elçibəyi bəyənməməkdir. Hələ hərəkatın dövründə Elçibəyə tabe olmayan “Yurd” adlı fraksiya olub. Hərəkat partiyalaşmaya gedəndə həmin firqə daha da gücləndi. Cəmiyyətə onların fəaliyyəti məlumdur. Bu cür adamların Elçibəy mirasına sahib çıxması mümkün deyil. Onlar bunu iddia edə bilər, ancaq belə deyil. Elçibəyin yanında özünə sadiq olan komanda olub. Məsələn, bəzilərinin adını çəkim: Sabit Bağırov, Əli Məsimli, Nəcəf Nəcəfov və başqaları. Bu adamlara qarşı hər zaman cəmiyyətdə simpatiya olub. Təbii ki, belə adamların “Yurd”da təmsil olunması mümkün deyildi. Mən AXC-ni təsis edən 64 nəfərdən biriyəm. Ə.Kərimlinin adı həmin siyahıda yoxdur. Həmin təsisçilərdən bir nəfərdə olsun Ə.Kərimlinin ətrafında qalmayıb. Təbii ki, bunlar sual doğurur. Sizin dediyiniz parametrlərin bu məsələdə rolu danılmazdır. Amma hesab edirəm ki, başqa ciddi nüanslar da var”.

Fərəc Quliyevin sözlərinə görə klassik hərəkatçıların Ə.Kərimli ilə eyni təşkilatda təmsil olunmamasının bir səbəbi də onların Elçibəy ideyalarına uyğun şəkildə fəaliyyət göstərməməsidir: “Bir dəfə də olsun siz o təşkilatda Bütöv Azərbaycandan danışıldığını görə bilməzsiniz. İran əleyhinə onların nə vaxtsa sərt bəyanat verdiyini görübsünüz? Dağlıq Qarabağın azad edilməsi məsələsində hərbi yol təklifini də onlar kənara qoyublar. Qorxurlar ki, xarici qaynaqlara xoş gəlməyə bilər. Mən hesab etmirəm ki, onlar Xalq Cəbhəsinin varisləridir. Ad oxşaya bilər, ancaq mahiyyət başqadır. Xahiş edirəm ki, xalq hərəkatı ilə AXCP-ni bir-birinə qarışdırmayın. Partiyaya çevriləndən sonra orada bəzi klassik hərəkatçılar oldusa belə, onlar da yürüdülən kursun doğru olmadığını, üzvlərə bəslənən münasibətin qeyri-sağlamlığını görüb oranı tərk etməli oldular”.

Millət vəkilinin sözlərinə görə, Ə.Kərimlinin təklənməsinin səbəbləri daha çoxdur: “Onlar Elçibəyin qoyduğu irsi qorumurlar, öz təşkilatlarının indiki və keçmiş üzvlərinə olan münasibət ortadadır. Onlar sanki partiyaya həbsxana kimi baxırlar. Elə bilirlər ki, ora girən çıxmamalıdır. Onlar partiyadan ayrılan adamlara xain kimi baxırlar, küçədə belə onları görəndə salamlaşmırlar. Tərəfdarları və müttəfiqləri həbsdə olanda qrant naminə onları alovlu müdafiə edirlər. Adamlar həbsdən çıxan kimi onlardan imtina edirlər. Son prosesdə biz bunun bir daha şahidi olduq. Münasibətlər sistemindən tutmuş, siyasi irsə bağlılıq və mənəvi dəyərlərə qoyulan hörmətin hamısında yanlışlıq olduğu üçün, bu aqibəti yaşayırlar”.

Məhəmmədəli Qəribli