Millət vəkili Naqif Həmzəyev deyib Millət vəkili Naqif Həmzəyev deyib

"Azərbaycan haqq işi uğrunda mübarizəsindən dönən deyil"

Millət vəkili Naqif Həmzəyev deyib

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Qələbə yürüşü davam edir, döyüş meydanında tarixi ədalət bərpa edilir. 1988-1993-cü illərdə erməni vandalları tərəfindən işğal edilmiş yaşayış məntəqələrimiz düşmən tapdağından azad olunur.

AzNews.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, beş ilə işğal olunmuş əzəli, əbədi torpaqlarımızın, yurd yerlərimizin erməni vandalları tərəfindən təxminən 27 il ərzində güclü müdafiə-istehkam sistemi yaratdığı ərazilərin mühüm hissəsinin qısa müddətdə azad olunması Azərbaycan Ordusunun qüdrətinin göstəricisidir.

Bu gün xalqımızın böyük ruh yüksəkliyi, orduya inamı, qələbəyə əminlik hissi rəşadətli Azərbaycan Ordusunu yeni-yeni qələbələrə ruhlandırır. Artıq hər kəs, əmindir ki, Ali Baş Komandanın rəhbərliyi ilə sarsılmaz Azərbaycan Ordusunun vətənpərvər, cəsur və mərd əsgərləri tez bir zamanda yağı düşməni doğma torpaqlarımızdan birdəfəlik qovacaq, xalqımıza illərdən bəri gözlədiyi Böyük Qayıdışın sevincini yaşadacaq.

Hazırda Azərbaycanda–öz torpağımızda, dədə-baba yurdumuzda Vətən müharibəsi gedir. Müzəffər Ordumuz beynəlxalq hüquqa əsaslanıb Ermənistan tərəfindən işğal olunan ərazilərimizi azad edir. Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra dədə-baba torpaqlarımıza gətirilən, qonaqpərvərliyimizdən, böyük ürəyə sahib olmağımızdan istifadə edərək topraqlarımıza sahib çıxmaq istəyən erməni tör-töküntülərindən, vandallarından doğma ocağımızı, yurd yerimizi qurtarırıq.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında da geniş beynəlxalq auditoriyaya çatdırır ki, ermənilər torpaqlarımıza məqsədyönlü şəkildə gətirildi və ölkəmizin ən dilbər guşələrindən olan Qarabağda yerləşdirildi: “Onlara şərait yaradıldı. Məqsəd də aydın idi: imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq, didərgin salmaq və yeni reallıq yaratmaq idi. Bu idi məqsəd və bu məqsədə, əfsuslar olsun ki, çatdılar”.