Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti iclası keçirilib Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti iclası keçirilib

BAXCP-nin VI qurultayı oktyabrda keçiriləcək

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti iclası keçirilib

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti iclası keçirilib.

Aznews.az xəbər verir ki, iclasda təşkilat məsələləri, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin, vəfat edən BAXCP üzvlərinin və şəhidlərimizin xatirəsi sayğı duruşu ilə yad edilib.

İclası giriş sözü ilə açan BAXCP Ali Məclisinin sədri Vaqif Abışov partiyanın sonuncu qurultayından 4 il vaxt keçdiyini və partiyanın Nizamnaməsinə əsasən, bu ilin sonunadək növbəti qurultayın keçirilməsinin zəruri olduğunu bildirib. Ali Məclisin sədri qeyd edib ki, bu məqsədlə Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılmalıdır. Məsələ ilə bağlı BAXCP-nin baş katibi Yaşar Kələntərliyə söz verilib. Yaşar Kələntərli öz çıxışında partiyanın yeni yaradılan və bərpa edilən rayin təşkilatlarında keçirilən ümumi yığıncaq və konfranslardan söz açıb. Qurultaya qədərki dövr ərzində daha 18 inzibati ərazi subyektində təsis konfranslarının keçiriləcəyini bildirib.

Daha sonra, BAXCP-nin Ali Məclisinin reqlamentinə və gündəliyinə uyğun olaraq, BAXCP-nin VI Qurultayının keçirilməsi, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması və tərkibinin müəyyənləşdirilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilib. Ali Məclisin digər qərarına əsasən, BAXCP-nin VI Qurultayı cari ilin oktyabr ayının 22-nə təyin edilib. Qurultayla bağlı yarana biləcək yeni vəziyyətə uyğun qərarların qəbul edilməsi Təşkilat Komitəsinə həvalə edilib.

Təşkilat məsələləri ilə bağlı müvafiq qərarların qəbulundan sonra, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev ictimai-siyasi vəziyyətlə bağlı geniş məruzə edib.

1993-cü il iyunun 4-də baş verən qiyamı doğuran səbəblərə diqqət çəkən BAXCP sədri həmin dövrün reallıqlarından, daxili siyasi proseslərin gedişatına təsir göstərən amillərdən söz açıb.

Qüdrət Həsənquliyev Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan 44 günlük müharibəni dövlətimizin və xalqımızın tarixi uğuru kimi qiymətləndirib, Prezident İlham Əliyevin qələbənin əldə olunmasında müstəsna rol oynadığını, dövlət başçısının ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə bağlı diplomatik müstəvidə gerçəkləşdirdiyi siyasətin effektiv nəticə verdiyini vurğulayıb və qeyd edib ki, mövqeyindən və baxış bucağından asılı olmayaraq, tarixi həqiqətlərin obyektiv şəkildə dəyərləndirilməsi ölkədə sivil və etimadlı ictimai-siyasi münasibətlərin formalaşması üçün vacib şərtlərdən biridir.

BAXCP sədri məruzəsində Azərbaycan-Türkiyə münasibətlərinin tarixinə və bu gününə diqqət çəkib, qardaş dövlətin ölkəmizə dəstəyinin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli, prinsipial mövqeyinin əhəmiyyətini vurğulayıb.

BAXCP sədri Azərbaycan-Rusiya münasibətlərindən də söz açıb. Həm 44 günlük müharibədən öncə, həm də qələbədən sonra şimal qonşumuzla münasibətlərin inkişafı istiqamətində atılan addımların zəruriliyini və əhəmiyyətini qeyd edib.

Qüdrət Həsənquliyev Azərbaycanın hazırda Rusiya sülhməramlılarının müvəqqəti müşahidə zonasına daxil olan və ermənilərin yaşadığı əraziləri üzərində suveren hüquqlarının təmin ediləcəyinə əmin olduğunu bildirib.

Məruzəsində ölkədaxili proseslərə diqqət çəkən Qüdrət Həsənquliyev iqtisadi islahatların sürətləndirilməsinin vacibliyindən söz açıb. BAXCP sədri qeyd edib ki, həm iqtisadi sahədə, həm də məhkəmə-hüquq sistemində daha dərin və real məzmun kəsb edən islahatlart aparılmalı, dövlətin iqtisadi proseslərin tənzimlənməsindəki rolu minimuma endirilməlidir.

BAXCP sədri çıxışının sonunda partiya üzvlərini ölkənin ictimai-siyasi həyatında fəal olmağa çağırıb.

Daha sonra BAXCP sədrinin təşkilat məsələləri üzrə müavini Niyaməddin Orduxanov və digər Ali Məclis üzvləri çıxış edərək, partiyanın qarşısında dayanan məqsəd və vəzifələrdən, görüləcək işlərdən danışıblar.