ABŞ Azərbaycanla Ermənistan arasında normallaşma üçün “imkan pəncərəsi” görür

Bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid mətbuat konfransında bildirib

Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh razılaşmasının əldə olunması, regionda normallaşma üçün “imkan pəncərəsi” görürük.

Aznews.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid mətbuat konfransında bildirib.

O vurğulayıb ki, sülh çətindir. Çünki uzun müddət bu regionda münaqişə olub, insanlar faciə ilə üzləşib:

“Mən bu gün Şəhidlər Xiyabanında oldum, münaqişə dövründə həyatını itirənlərin xatirəsini yad etdim. Sülh çətindir, amma biz kömək etmək istəyirik. Çünki inanırıq ki, hazırda hər iki ölkə üçün imkan var”.

Karen Donfrid “imkan pəncərəsi”nin nə qədər müddət olacağını bilmədiklərini diqqətə çatdırıb:

“Bütün tərəfləri təşviq etmək istərdik ki, regionda sülhün əldə olunması üçün səylərində davamlı olsunlar.

Mən ümid edirəm ki, normallaşma prosesində uğurlu nəticə görsək, bu regional inteqrasiyaya yol açacaq, xalqlar üçün səmərəli olacaq”.

Dövlət katibinin köməkçisi Aİ-nin Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün əldə olunması istiqamətində səylərini qeyd edib: “Bakıda keçirdiyim görüşlərdə də bu məsələ müzakirələrin bir hissəsi idi. Bu istiqamətdə müzakirələrimi Tbilisi və İrəvanda da davam etdirəcəyəm.

ABŞ Prezidenti Co Bayden və Dövlət katibi Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə fəal təmasdadır. Təkcə bu il ərzində Dövlət katibi Blinkenin Prezident Əliyevlə bir neçə telefon danışığı olub. Mənim regiona, Bakıya səfərim də ABŞ-ın Azərbaycanla fəal əlaqələrinin göstəricisidir.

Bu səfərlər, təmas imkan verir ki, biz Cənubi Qafqazda sülhü necə dəstəkləyə bilmək imkanlarını daha yaxından öyrənək.

Biz hazırda həm Azərbaycan, həm də Ermənistan üçün unikal imkanlar görürük”.